Lənkəranskinin yaxın adamının ölümü ilə bağlı daha 3 nəfər TUTULDU
14 avqust 2025 19:56 (UTC +04:00)

Lənkəranskinin yaxın adamının ölümü ilə bağlı daha 3 nəfər TUTULDU

Tbilisi polisi, “qanuni oğru” Merab Canqveladzenin (Merab Suxumski) qardaşı, iş adamı Levan Canqveladzenin qətli işi üzrə daha üç nəfəri saxlayıb.

Lent.az xəbər verir ki, Canqveladzenin qətli 14 martda Tbilisinin Çavçavadze prospektində baş verib. O, aldığı çoxsaylı yaralardan hadisə yerində ölüb, sürücüsü isə güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Qətldə şübhəli bilinən Gela Udzilauri 17 martda saxlanılıb və ona ömürlük həbs cəzası veriləcəyi gözlənilir. Həmçinin cinayətdə istifadə olunan silahın adına rəsmiləşdirildiyi şəxs də saxlanılıb.

Saxlanılan şəxslər sifarişlə və tamah məqsədilə qəsdən adam öldürməni təşkil etməkdə, qrup halında odlu silahı qanunsuz əldə etmə, saxlama və satmaqda, xüsusilə ağır cinayəti gizlətməkdə və ədalət mühakiməsinə mane olmaq məqsədilə yalan məlumat verməkdə ittiham olunurlar.

Bundan əlavə, xaricdə olan daha iki şəxsə də ittihamlar qiyabi qaydada irəli sürüləcək.

İstintaqın məlumatına görə, saxlanılanlardan ikisi – Georgi Mikadze və Georgi Kaçkaçişvili, Levan Canqveladze ilə biznes məsələlərinə görə uzunmüddətli münaqişəyə malik olublar. Onlar onu aradan qaldırmaq qərarına gələrək, hazırda xaricdə olan Gela Cokhadzeyə müraciət ediblər ki, “killer” tapsın.

Levan Canqlevadzenin qətlini sifariş edənlər

Qətl sifarişini yerinə yetirməyi Cokhadzenin şəxsi mühafizəçisi Gela Udzilauri üzərinə götürüb və müəyyən məbləğdə mükafat qarşılığında qətl törətməyə razılaşıb. Cinayət üçün ona qanunsuz yolla əldə edilən silah verilib.

İstintaq onlarla şahidi dindirib, müşahidə kameralarının görüntülərini araşdırıb, ekspertizalar keçirib və mobil operatorlardan əldə edilən məlumatları təhlil edib. Nəticədə müəyyən olunub ki, daha bir saxlanılan şəxs – Mamuka Baqdavadze, istintaqa yalan məlumat verib və hüquq-mühafizə orqanlarından cinayəti gizlədib.

Araşdırma sifarişlə adam öldürmənin təşkili, silahın qanunsuz saxlanılması, cinayəti gizlətmə və yalan ifadə vermə maddələri üzrə davam edir. İş üzrə yeni saxlanılmaların da olacağı istisna edilmir.

Qeyd edək ki, Merab və Levan Canqveladze qardaşları mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamları olublar. Lakin sonradan ona qarşı dönük çıxıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar