Bərdədə müxtəlif cinayətlər törədənlər saxlanılaraq istintaqa təhvil verilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, fevral ayında rayon ərazisindəki müxtəlif təyinatlı mağazalardan oğurluq edilməsi barədə Bərdə rayon Polis Şöbəsinə məlumatlar daxil olub. Məlumatlarla əlaqədar olaraq həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Natiq Novruzov saxlanılıb. Araşdırmalarla onun mağazalardan müxtəlif markalı siqaretlər, içki məhsulları, danışıq kartları, lotoreyalar, noutbuk və nəğd pul oğurlamaqla 4500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Keçirilmiş digər tədbirlərlə rayonun Güloğlular kəndi ərazisindəki anbarların birindən dəyəri 1400 manatdan artıq olan 3 ton arpa oğurlayan şəxs də saxlanılıb. Araşdırmalarla onun Qaradağlı kənd sakini Bəxtiyar Məmmədov olduğu müəyyən edilib. B. Məmmədov maddi sübutla birlikdə istintaqa təhvil verilib.
Alaçadırlı kəndində həmkəndlisini döyərək 600 manat dəyərində mobil telefonu quldurluq yolu ilə talayan şəxslər də müəyyən edilib. Bu cinayət əməlini Ataş Ağayev və əvvəllər məhkum edilmiş Əliş Mirzəzadənin törətdiyi məlum olub.
Daha bir tədbirlə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Qaraxanov da saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Onun üzərinə baxış keçirilən zaman 225 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.