Beyləqandakı qətliamın YENİ DETALLARI:  Hamısı başından güllələnib
03 dekabr 2022 13:00 (UTC +04:00)

Beyləqandakı qətliamın YENİ DETALLARI: Hamısı başından güllələnib

Beyləqanda gecə saatlarında baş verən qətl ölkə gündəmini zəbt etdi. Hadisə qısa vaxt ərzində media və sosial şəbəkələrdə yayıldı, insanların təəccübü və hiddətilə qarşılaşdı.

Qətliamla bağlı bir-birinin ardınca faktlar ortaya çıxır. Lent.az ölkə gündəmini zəbt edən hadisə ilə əlaqədar yeni detallar əldə edib.

Əldə etdiyimiz məlumata görə, hadisə uzun illərdən davam edən ədavət nəticəsində meydana gəlib. Belə ki, 27 yaşlı Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə 2009-cu ildə ədavətli olduğu ailənin başçısı Nadir Quliyevi yaba ilə vurub. Buna görə həbs edilib.

Quliyevlər ailəsinin qətli isə qəbiristanlıqdakı söhbətə görə yaranıb. Belə ki, 26 yaşlı Amin və Xəyal Quluzadə qardaşları Fuadı qəbiristanlığa söhbətə çağırıblar. Bu zaman onların əlində bıçaq olub. Əldə etdiyimiz məlumata görə, qardaşlar Fuadı bacı söyüşü ilə söhbətə gəlməyə məcbur ediblər.

Həmçinin, Fuadın bacısı vəfat edib və hadisənin baş verdiyi qəbiristanlıqda dəfn edilib. Cüssəcə onlardan zəif olduğu deyilən Fuad söhbətə evdəki ov tüfəngi ilə gedib.

Nəticədə qəbiristanlıqda qardaşların hər ikisini başlarından atəş açaraq öldürüb. Daha sonra onların evinə gedərək ailə başçısı 56 yaşlı Nadir Quliyevi və onun arvadı 51 yaşlı Tərgül Quliyevanı da eynilə, başlarından vuraraq öldürüb.

Bundan sonra isə Fuad Daxili İşlər Nazirliyinin “102” qaynar-xəttinə zəng edərək qətli törətdiyini və təslim olmaq istədiyini bildirib.

Onu da qeyd edək ki, Quliyevlər ailəsinin daha 2 oğlu Bakıda işləyir. Hadisədən xəbər tutaraq, dərhal gecə ilə kəndə yola düşüblər.

Hazırda Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

# 6744
avatar

Mehman Nəbiyev

Oxşar yazılar