Bakı Apelyasiya Məhkəməsində kriminal dəstənin üzvü olan Əli Hüseynli barəsində hökm oxunub.
Lent.az-ın məlumatına görə, fevralın 23-də hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Əli Hüseynli 5 il 3 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu) maddəsi ilə təqsirli bilinib. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Elşən Günəşov tanınıb.
Şirvan şəhər sakini olan 25 yaşlı Əli Hüseynli "qanuni oğru", kriminal aləmdə "Rafet Əlibayramlinski" ləqəbi ilə tanınan Əmirov Rafet Əlirza oğlunun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub.
Əli Hüseynli 2017-ci ildən cinayət əməllərinə görə axtarışda olub.
Cinayət işinin materiallarına görə, 6 nəfərlik cinayətkar qrup 2017-ci ildə Binəqədi rayonunda Elşən Günəşovu oğurlayıblar. Onlar Elşən Günəşovu döyərək avtomobilin baqajına basıblar. Elşən Günəşov oradan qaçaraq polisə şikayət etməyə müvəffəq olub. Qruplaşmanın bütün üzvləri - Rüfət Əmirov Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimov hadisədən dərhal sonra - 2017-ci ilin iyulunda saxlanılıblar. Həmin ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onları müxtəlif müddətlərə azadlıqdan məhrum edib.
Rusiyaya qaçan Əli Hüseynli isə sonradan tutularaq Azərbaycana gətirilib və məsuliyyətə cəlb edilib.