55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi açıldı
02 mart 2021 16:25 (UTC +04:00)

55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi açıldı

Bəzi kütləvi informasiya vasitələrində Mehtiyev Qabil Şahpələng oğlunun, Vahid Əhmədov və oğlu Rəşad Əhmədov tərəfindən 55 min manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti dərc edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, müraciət üzrə Xətai rayon Prokurorluğunda araşdırma aparılmaqla Vahid Əhmədovun oğlu Rəşad Əhmədovla birlikdə bir qrup şəxs halında Qabil Mehtiyevin etibarından-sui istifadə edib aldadaraq qardaşı Ramil Mehdiyevin həbsdən buraxılmasını həll edəcəklərini vəd edərək 2018-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

Hazırda cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.

# 1707
avatar

Mehman Nəbiyev

Oxşar yazılar