Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi cəbhənin Zaporojye istiqamətində Rusiya Silahlı Qüvvələrinin general-leytenantının oğlu olan rus zabitinin öldürüldüyünü təsdiqləyib. Hadisənin unikal görüntüləri də yayılıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oktyabrın 15-də Aktiv Əməliyyatlar Departamentinin birgə pilotsuz uçuş aparatı (PUA) dəstəsinin üzvləri hava kəşfiyyatı zamanı Vasilyevski rayonunun Plavnoye kəndi yaxınlığında düşmən dron operatorlarının yerini aşkar ediblər. Əldə edilən koordinatlar əsasında hədəfə idarə olunan hava bombası (İHA) uğurla atılıb.
7-ci Hava-Desant Hücum Diviziyasının 108-ci Paraşüt Alayının tağım komandiri leytenant Vasili Marzoyev hücum zamanı mövqedə olub. O, digər işğalçılarla birlikdə öldürülüb.
Vasili Marzoyev Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 18-ci Birləşmiş Silahlı Ordusunun komandiri general-leytenant Arkadi Marzoyevin oğludur. Baş Kəşfiyyat İdarəsi general Marzoyevin Xersonda Ukraynanın mülki əhalisinə qarşı müharibə cinayətlərində iştirak etdiyini qeyd edib.