Dünyanı bürüyən ərzaq bahalaşması: Bir yandan pandemiya, bir yandan...
30 dekabr 2021 17:10 (UTC +04:00)

Dünyanı bürüyən ərzaq bahalaşması: Bir yandan pandemiya, bir yandan...

Pandemiyanın bir zərbəsi də taxılın və ərzağın qiymətlərinə dəydi. Dünya birjalarında taxılın dəyəri artıb. Bu 2012-ci ildən bəri taxıl məhsulları (buğda, arpa, çovdar, vələmir, qarğıdalı, düyü və darı) üçün ən yüksək qiymət müəyyən olunub. “Bloomberg” agentliyi taxılın bahalaşmasına səbəb olaraq, dünyada bu il müşahidə olunan quraqlıq və gübrə qiymətlərinin artmasını əsas göstərir. Bundan başqa, taxılın bahalaşması digər ərzaq məhsullarının qiymətinin artmasına səbəb olacaq. Taxıl məhsulları son 6 ayda fasiləsiz artmaqda davam edir. Təkcə oktyabr ayında bahalaşma 6,5% artıb. 

Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qlobal Ərzaq Qiymətləri İndeksinin aylıq müqayisədə 3 % artaraq 133,2 bəndə çatdığını açıqlayıb. Bununla da, qiymətlər 2011-ci ilin iyul ayından bəri ən yüksək həddə çatıb. Bahalaşma ilk növbədə bitki yağlarının, dənli bitkilərin qiymətlərinin artması ilə bağlıdır.
Bitki yağlarının qiymət indeksi sentyabra nisbətdə 9,6 % və yaxud 16,3 bənd artaraq 184,8 bəndə çatıb. Artım əsasən palma, soya, günəbaxan və kolza yağlarının bahalaşması hesabına olub.

Dənli bitkilərin qiymət indeksi isə aylıq müqayisədə 3,2 % və yaxud 4,3 bənd artmaqla 137,1 bənd olub. Aktiv qlobal tələb fonunda ixrac təklifinin azalması ilə bağlı ən çox buğda bahalaşıb. Arpanın belə qiyməti artıb. Süd məhsullarının qiymət indeksi 120,7 bəndə kimi artıb. Ən çox yağsız və bütöv quru süd, kərə yağı bahalaşıb.
 Hesabat dövründə ət indeksi 0,7 % və yaxud 0,8 bənd azalaraq 112,1 bənd olub. Ən çox donuz ətinin kotirovkaları düşüb. Bu, Çinin idxalı azaltması ilə bağlıdır. Mal ətinin qiymətlərinin azalması Braziliyadan tədarük edilən ətin kəskin ucuzlaşması ilə əlaqədardır. Quş ətinin qiymət kotirovkaları əksinə yüksək qlobal tələbin təsiri ilə artıb. Eyni zamanda yemlərin bahalaşmasından və xüsusilə Avropada quş qripinin olmasından dolayı istehsal həcmləri zəif templə artır.

Əslində böhran dünyanın bütün ölkələri üçün xarakterikdi. Qazaxıstanda 2021-ci ilin noyabr ayında tərəvəzlər 8,3%, yumurta 2,1%, un 1,5%, donuz əti 1,1%, pasterizə olunmuş süd, dənli bitkilər, makaron məmulatları 1%, kökə və un məmulatları 0,9%, çörək, şəkər tozu, kolbasa, at əti – hər biri 0,8%, quş əti isə 0,7% bahalaşıb. Kartofun və meyvələrin qiymətində isə əksinə müvafiq olaraq 1,4% və 0,6% azalma müşahidə olunub. 

Qırğızıstanda cari ildə ümumilikdə inflyasiya 6,2%, ərzaq məhsulları üzrə inflyasiyası isə 18,8% təşkil edib. 2021-ci ilin iyul ayında respublika üzrə buğdanın qiyməti orta hesabla 29,15 som təşkil edib, bu göstərici keçən ilin iyul ayına nisbətən 8,2 som və ya 39,3% artıb. Şəkərin qiymətində artım 58%, bitki yağında 82%, spirtli içkilər və tütün məmulatlarında 10,8% təşkil edib. Bu dövrdə buğdanın pərakəndə satış qiymətləri Bişkek şəhərlərində digər bölgələrə nisbətən daha çox artaraq mütləq rəqəmlə 31,46 som təşkil edib. Qırğızıstanın Milli Statistika Komitəsinin verdiyi məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 28 922,4 min ABŞ dolları dəyərində 130 min ton buğda idxal edilib (1 tonu 223 dollara). İdxalın əsas hissəsi qonşu Qazaxıstanın payına düşür. Komitənin məlumatına görə, cari ildə əhali gəlirlərinin 64,8%-ni ərzaq məhsullarının alınmasına sərf edib. 

Moldovada cari ilin aprel ayında 2021-ci ilin mart ayına nisbətən dənli bitkilərin (taxıl) qiymətində 2,8% artım müşahidə olunub. Bu ilin oktyabr ayında 2021-ci ilin sentyabr ayına nisbətən buğda unu çörəyi 1,6% bahalaşıb. 

Tacikistanda da cari ilin doqquz ayı ərzində ərzaq və kənd təsərrüfatı məhsullarının pərakəndə satışında artım qeydə alınıb. İlin natamam yekununa olan məlumata görə, ölkədə ümumi qiymət artımı 58,1% təşkil edib (2020-ci ildə artım 14,7% olub). Ölkədə ərzaq məhsullarından ət 15,3%, toyuq 29,4%, yerli bazarda əhəmiyyətli məhsul hesab olunan salo 23,6%, süd 10,1%, süd məhsulları 15,4%, çörək və un məhsulları 19%, yumurta 29,2%, şəkər 43,1%, bitki yağı 55,4% bahalaşıb.

Bahalaşma Şərqi Avropada da qeydə alınıb. Məsələn, Rumıniya, Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovinanı və Serbiya kimi ölkələri gətirmək olar. Rumıniyada cari ilin noyabr ayında taxıl ötən ilin noyabr ayı ilə müqayisədə təxminən 33,7%, 2019-cu ilin noyabr ayı ilə müqayisədə isə 55,7% baha olub. 
Xorvatiyanın Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata əsasən, 2020-ci ilin sentyabr-oktyabr ilə müqayisədə cari ilin analoji dövründə taxılın qiyməti 52% artıb. Belə ki, 1 kq taxılın qiyməti 1,79 kunaya (7,5 kuna = 1 avro) çatıb. Digər məhsullarda da bahalaşma qeydə alınıb. Belə ki, taxıl 1,79 kuna (və ya 53%), qarğıdalı 1,60 kuna (52%), arpa 1,25 kuna (26%), günəbaxan 3,74 kuna (72%), soya isə 4,25 kuna (+71%) bahalaşıb. 

Serbiya çörəyin qiyməti 2020-ci il ilə müqayisədə 4,8% artıb. Bosniya və Herseqovinada 1 ton buğdanın qiyməti hazırda 250 avro civarındadır, lakin proqnozlara görə, qiymət 2022 yanvar-fevral ayı üçün 300 avroya qədər artacaq. Halbuki keçən il buğdanın bir tonu 150 avro civarında olub.

Bolqarıstanda son beş ayda taxılın qiymətində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

Bu arada 2022-ci ildə dünya taxıl ehtiyatlarının 0,8 faiz aşağı düşərək 819 milyon tona çatacağı proqnozlaşdırılır. 

Qərbi Avropada da taxılın qiymətində artım müşahidə olunur. Belə ki, Almaniyada 2021-ci ilin noyabr ayında əvvəlki ilin eyni ayına nisbətən ərzaq qiymətləri 4,5% artıb. Taxıl 2020-ci ilin eyni ayı ilə müqayisədə 33% bahalaşıb. İspaniyada 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək aparılmış statistik hesablamalar nəticəsində dənli bitkilərin qiymətləri kəskin dəyişib. Belə ki, yumşaq taxıl 185 avro/tondan 255 avro/tona qədər, sərt taxıl 285 avro/tondan 420 avro/tona qədər, arpa 155 avro/tondan 230 avro/tona qədər; qarğıdalı isə 180 avro/tondan 275 avro/tonadək artıb. İsveçrə Konfederasiyasında 2021-ci ilin noyabr ayına olan illik inflyasiya səviyyəsi 1,5% təşkil edib, o cümlədən un və digər dənli bitkilər 0,9% bahalaşıb, çörək isə 0,6% ucuzlaşıb. Belə ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, 2021-ci ilin noyabr ayında ölkədə istehlak qiymətləri illik ifadədə 2,3% artıb, o cümlədən taxıl 1,5% bahalaşıb. 

Yeri gəlmişkən, 2022-ci ildə dünya taxıl ehtiyatlarının 0,8 faiz aşağı düşərək 819 milyon tona çatacağı proqnozlaşdırılır. Buğdanın dünya bazarında bahalaşmasına baxmayaraq Azərbaycan hökumətinin çevik müdaxiləsi, un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə onlara subsidiya verildi. Buğda idxalı daha bir neçə il əlavə dəyər vergisindən azad edildi. Bütün bunlar qiymət bahalaşmasına imkan verməyəcək amillərdir.
 

# 7083
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar