Azərbaycanda sürücüləri yalnız bu maşınlar maraqlandıracaq - AÇIQLAMA
12 yanvar 2021 17:40 (UTC +04:00)

Azərbaycanda sürücüləri yalnız bu maşınlar maraqlandıracaq - AÇIQLAMA

Azərbaycanda yanacağın bahalaşmasından sonra əsas müzakirə mövzularından biri də hansı avtomobillərə daha çox tələbatın artmasıdır. Belə ki, böyük əksəriyyət dizellə benzin arasında qiymət fərqinin indiyədək olan ən aşağı həddə düşməsi nəticəsində dizel mühərrikli maşınların dəyərdən düşdüyünü fikirləşir.

Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov məsələ ilə bağlı Lent.az-a danışarkən dizel mühərrikli maşınlara tələbatın kəskin azalacağını bildirib:

“A92 və dizel yanacaqlarının bahalaşması Azərbaycanın maşın bazarına da təsir edəcək. Xüsusən, dizel mühərrikli maşınlara maraq azalacaq. Onsuz da texniki xüsusiyyətlərinə görə, sürücülər ən çox benzinlə çalışan avtomobillərə üstünlük verirdilər. Dizelin benzinlə qiymət fərqinin lap az olduğu dövrdə isə dizelə tələbat daha da azalacaq. Ancaq düşünürəm ki, növbəti mərhələdə əsas tələbat elektromobillərə, ekoloji təmiz maşınlara olacaq. Ekoloji təmiz dedikdə, ənənəvi yanacaqla işləməyən hibrid avtomobillər nəzərdə tutulur. Hazırda Azərbaycanda hibrid avtomobillər çox populyardır. Çünki həmin avtomobillər yanacaq sərfiyyatı ilə yanaşı, texniki sazlıqları ilə də əlverişlidir”.

Ekspert hazırda ekoloji təmiz avtomobillərə tələbatın artdığını desə də, Azərbaycanda həmin maşınların isttismarı üçün heç bir stimul və güzəşt nəzərdə tutulmadığını deyib:

“Bu gün Azərbaycanda olan hibrid avtomobillərin bir çoxu yararsız avtomobillərdir. Onlar əsasən, Amerikadan Gürcüstana gətirilir. Vətəndaşlarımız da Gürcüstan bazarından həmin maşınları ölkəyə gətirirlər. Lakin təəssüf ki, alıcılar hibrid avtomobilləri alıb istismar etməkdə çətinlik çəkirlər. Çünki Azərbaycanda ekoloji təmiz, hibrid avtomobillərin gətirilməsinə heç bir güzəşt, stimullaşdırıcı tədbir nəzərdə tutulmayıb. Gömrük rüsumu, əlavə dəyər vergisi digər avtomobillərə eynidir. Azərbaycanda elektromobillərin gömrük rüsumu bir qədər az, 15 faizdir. Ancaq onların alqı-satqısı zamanı ƏDV alınır ki, bu da ümumi qiymətə təsir edir və sahibkarlar həmin maşınları gətirməkdə maraqlı olmurlar. Elektromillər və hibridlər bahalı və ağıllı texnologiyalardır. Qiymətləri də biraz baha olur. Buna görə də, inkişaf etmiş və əksər inkişaf etməkdə olan dövlətlər həmin maşınları gömrük rüsumundan və digər vergilərdən azad edirlər. Təəssüf ki, bu Azərbaycanda yoxdur”.

Eldəniz Cəfərovun sözlərinə görə, ekoloji avtomobillərin istismarı üçün lazımi stimullaşdırıcı tədbirlər dövlət proqramında əks olunub. Həmsöhbətimiz sözügedən avtomobillərin istifadəsi üçün lazımi tədbirlərdən söz açıb:

“Ekoloji təmiz avtomobillərin gətirilməsi üçün stimullaşdırıcı tədbirlər Azərbaycanın qəbul etdiyi 5 illik dövlət proqramında qeyd olunub. Bu proqram da Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar əsasında hazırlanıb. Azərbaycan da ekoloji təmizliyin bərpası ilə bağlı xartiyaların üzvüdür. Buna əsasən, öhdəlik götürüb ki, ölkə ərazisində ekoloji təmizliyin saxlanılması üçün müəyyən tədbirlər görüləcək və ekoloji təmiz avtomobillərin gətirilməsi stimullaşdırılacaq. Bütün bunlar dövlət proqramında var, amma bəzi məmurlar buna əməl etmir. Belə ki, ekoloji təmiz maşınlar gömrük rüsumundan azad olunmalı, mühərrikin həcminə görə tələb olunan aksiz vergisi götürülməli, həmin maşınlar kreditə verilərkən faizlər aşağı salınmalıdır. Hazırda ekoloji təmiz avtomobillər üçün ilkin ödəniş 40 faiz tələb olunur, ancaq 20 faizə, illik  isə 16 faizdən 9-10 faizə endirilməlidir. Bütün bunlar edilməsə əhali hibrid və elektromobillərə maraq göstərməyəcək və ölkənin avtomobil parkı yenə də köhnə və yararsız maşınlardan ibarət olacaq. Qeyd etdiklərimiz hamısı dövlət proqramında var. Təəssüf ki, icra edilmir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26838
avatar

Mehman Nəbiyev

Oxşar yazılar