Azərbaycanda məhsullar bahalaşıb? – Onları cəza gözləyir
15 aprel 2022 14:15 (UTC +04:00)

Azərbaycanda məhsullar bahalaşıb? – Onları cəza gözləyir

Son zamanların əsas müzakirə mövzularından biri də süni bahalaşmadır. Bu günlərdə alıcılar əsasən, bazarlarda kartof və soğanın qiymətinin baha olmasından narazıdırlar. Sosial şəbəkələrdə bu barədə edilən paylaşımlarda çoxları qiymətlərin süni artırıldığını bildirir. Ümumiyyətlə, süni bahalaşma daim istehlakçıların ən çox narazı qaldığı nüansdır. Bəs görək, ölkədə bu amili yaradanlara qarşı hansı tədbirlər görülür? Həmin şəxslərə qarşı cinayət məsuliyyəti varmı?

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Lent.az-a bildirilib ki, qiymətlərin heç bir səbəb olmadan qəsdən qaldırılmasına qarşı qabaqlayıcı tədbirlər keçirilir:

“Belə ki, istehlak bazarında əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır. Monitorinqlərin  nəticəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunarsa, Dövlət Xidməti tərəfindən  qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qərar veriləcək”.

Şamil Paşayev

“Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev süni bahalaşma yaradanlara qarşı Cinayət Məcəlləsində müddəalar olmasını dilə gətirib:

“İstehlakçıları keyfiyyətə, ölçüyə görə aldatma Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə məsuliyyətə səbəb olur. Nəzərə almaq lazımdır ki, bu aldatma hər hansı şirkət və ya vəzifəli şəxs tərəfindən törədildikdə 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə də dövriyyəyə qoşula bilər. Süni bahalaşma da istehlakçıları aldatmaq kimi qiymətləndirilə bilər. Qiymətlərin dövlət tərəfindən təyin edilən miqdardan yuxarı hesablanması süni bahalaşma hesab olunur. Həmçinin qəsdən alcıını məhsulun qiyməti, ölçüsü və keyfiyyəti barədə bilə-bilə xeyli miqdarda aldatmaq da cinayət məsuliyyətinə səbəb olur”.

İqtisadçı ekspert Pərviz Heydərov isə süni bahalaşmanı iqtisadi cinayət adlandırıb:

“Süni bahalaşmaya qarşı inzibati tədbirlər zəruridir. Bu, sahibkarların yaranmış vəziyyətdən istifadə edərək əlavə qazanc əldə etmək istəyidir. Başqa sözlə, iqtisadi cinayətdir. Süni bahalaşmaya imkan yaradan bir neçə faktor var. Bunlardan biri inhisarçılıqdır. İnhisarçılıq rəqabət imkanlarının olmaması deməkdir. Buna qarşı ciddi mübarizə aparılmalıdır. Ümumiyyətlə, sahibkarın, şirkətin və yaxud holdinqin mal qrupu üzərində hədsiz üstün mövqeyi olmamalıdır. Bu cəhət spekulyasiyaya yol açan ən ümdə vasitədir. Qiymətlər tələb və təklifin nisbəti altında təşəkkül tapmalıdır. Söhbət, real tələblə təklifdən gedir. Təklifin qeyri-iqtisadi qanunlar və yaxud təsirlər yolu ilə idarə olunması spekulyasiyadır və buna qarşı ciddi tədbirlər görülməsi vacibdir”.

Pərviz Heydərov

Ekspert konkret cəza tədbirlərinin “Haqsız rəqabət” və digər qanunlarda təsbitini tapmalı olduğunu deyib:

“Bu qanunvericilikdə nəzərdə tutulmalıdır. Qeyd olunan məsələyə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Hər hansı süni qiymət artımı aşkar edildikdə müvafiq fakt üzrə iş hüquq-mühafizə orqanlarına təqdim edilir. Birbaşa olaraq konkret cəza tədbirlərinə dair müvafiq mexanizm isə Haqsız rəqabət və yaxud digər qanunlarda təsbitini tapmalıdır. Buna ehtiyac var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7380
avatar

Mehman Nəbiyev

Oxşar yazılar