Azərbaycan millisinin baş məşqçisi kim olacaq? <span style="color:red;">- ŞOK NAMİZƏDLƏR - SİYAHI
28 oktyabr 2014 15:07 (UTC +04:00)

Azərbaycan millisinin baş məşqçisi kim olacaq? - ŞOK NAMİZƏDLƏR - SİYAHI

Berti Foqtsun istefasından sonra millinin baş məşqçisi postu müvəqqəti olaraq, Mahmud Qurbanova tapşırılıb. Heç kimə sirr deyil ki, yaxın müddətdə bu posta yeni baş məşqçi gətiriləcək. Futbol ictimaiyyəti və mətbuat “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adını milli ilə birgə çəksə də, böyük ehtimalla, o, yığmanın sükanı arxasına keçməyəcək. Əgər Qurbanovla danışıqlar baş tutsaydı, onun təyinatı gecikməzdi. Hadisələrin indiki gedişatı onu deməyə əsas verir ki, millinin yeni baş məşqçisi də əcnəbi olacaq.

Artıq neçə gündür ki, milli ilə birgə müxtəlif xarici mütəxəssislərin adları çəkilir. AFFA-dan verilən rəsmi məlumatda da bildirilib ki, menecerlər 200-ə yaxın məşqçini futbol federasiyamıza təklif ediblər. Hələlik hansı məşqçinin yığmamıza gəlmək ehtimalının daha çox olduğu açıqlanmır. Lent.az sizə adları millimizlə birgə hallanan tanınmış məşqçilərin siyahısını təqdim edir: Roberto Karlos, Mirça Rednik, Saffet Suşiç, Ərtoğrul Sağlam, Aykut Kocaman, Robert Prosineçki, Cennaro Qattuzo, Alexandro Sabelya, Bert van Marveyk, Vitor Pereyra.

İndi isə adı siyahıda olan məşqçilərin karyeralarına nəzər salaq...

Futbolçu karyerasında dünyanın ən güclü sol cinah müdafiəçisi olan Roberto Karlos məşqçilikdə ilk addımlarını atır. “Anji”də köməkçi-məşqçi işləmiş braziliyalı 2013-cü ildən “Sivasspor”un baş məşqçisidir. Heç bir uğuru olmayan Karlosun millimizin təklifinə “yox” dediyi bildirilir.

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin də adı yığmamızla birgə hallanır. Ancaq rumıniyalının bu vəzifəyə gətiriləcəyi o qədər də inandırıcı görünmür. Çünki AFFA milliyə daha reytinqli məşqçi gətirməyi planlaşdırır.

Uzun müddət Türkiyə klublarını çalışdırmış Saffet Suşiç 2009-cu ildən Bosniya və Herseqovina yığmasının sükanı arxasındadır. Türk dilini yaxşı bildiyi üçün onun millimizə gəlişini istəyənlər az deyil. Ancaq 59 yaşlı məşqçinin öz ölkəsinin milli komandasını buraxacağı o qədər də inandırıcı görünmür.

Bu yaxınlarda 45 yaşını tamamlayacaq Ərtoğrul Sağlam Türkiyənin ən güclü məşqçilərindən sayılır. Bu vaxta qədər “Samsunspor”, “Kayserispor”, “Beşiktaş” və “Bursaspor” klublarını çalışdıran Sağlam 2013-cü ildən “Əskişəhərspor”un sükanı arxasındadır. Onun məşqçi kimi ən böyük uğuru isə “Bursaspor”u Türkiyə çempionu etməsi olub.

“Fənərbağça”dan ayrıldıqdan sonra işsiz qalan Aykut Kocamanın da adı millimizlə birgə çəkilir. 49 yaşlı məşqçi hələ ki, bununla bağlı rəsmi açıqlama verməyib. İstənilən halda, AFFA-nın millini türkiyəli məşqçiyə tapşıracağı ağlabatan deyil. Yuxarıda qeyd etdiyimiz kimi, federasiya rəhbərliyi daha prestijli çalışdırıcı ilə müqavilə bağlamaq niyyətindədir.

Xorvatiya yığmasının sabiq yarımmüdafiəçisi Robert Prosineçkini məşqçilikdə hələ təcrübəli adlandırmaq olmaz. Son olaraq “Kayserispor”u çalışdırmış Prosineçki hazırda işsizdir. Çox güman ki, gənc Niko Kovaçın Xorvatiya yığmasında gördüyü uğurlu iş, AFFA-nın Prosineçkiyə diqqət ayırmasına səbəb olub. Amma AFFA-nın axtardığı məşqçi çətin ki, Prosineçki olsun.

2013-cü ildə karyerasını bitirib, dərhal məşqçiliyə başlayan Cennaro Qattuzo bu vaxta qədər “Sion”, “Palermo” və “Krete” klublarında işləyib. Onu uğurlu və təcrübəli məşqçi saymaq olmaz. Yəqin ki, AFFA rəhbərliyi Qattuzonu təklif edən menecerə anındaca “yox” deyib.

2009-cu ilə qədər köməkçi-məşqçi kimi fəaliyyət göstərən, ən böyük uğurunu isə bu yay dünya çempionatında qazanan Alexandro Sabelyanın da adı millimizə təklif olunan məşqçilərin siyahısındadır. Xatırladaq ki, Sabelyanın başçılıq etdiyi Argentina yığması DÇ-2014-də ikinci yeri tutub. Turnirdən sonra istefa verən çalışdırıcı hazırda işsizdir.  

Sabelya ilə müqayisə etsək, Bert van Marveyk daha təcrübəli və tanınmış məşqçidir. Karyerası ərzində “Feyenord”, Dortmund “Borussiya”sı və “Hamburq” klubları, eləcə də Hollandiya yığmasını çalışdırmış 62 yaşlı mütəxəssis hazırda işsizdir. Qeyd edək ki, van Marveyki ən çox tanıtdıran uğuru 2010-cu ildə Hollandiya millisi ilə dünya çempionatının gümüş medalını qazanması olub.

“Portu”dakı işi ilə tanınan Vitor Pereyranın da millimizi çalışdırmaq ehtimalı var. 46 yaşlı məşqçi hazırda Səudiyyə-Ərəbistanının “Əl-Əhli” klubuna başçılıq edir. Ən böyük uğuru isə “Portu”nu ölkə çempionu etməsi olub ki, bu, “əjdahalar” üçün adi uğurdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3042

Oxşar yazılar