Rafael Ağayev
06 avqust 2021 17:07 (UTC +04:00)

Rafael Ağayev

Tokio-2020: Rafael Ağayev gümüş medal qazandı

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, bu mükafata 5 qat dünya, 11 qat Avropa çempionu olan karateçimiz Rafael Ağayev layiq görülüb.

Bu, Azərbaycan yığmasının Tokio-2020-də dördüncü medalı olub. Rafaelə qədər yalnız bürünc mükafatlar əldə edən millimiz ən yüksək əyarlı medalını rəsmiləşdirib. Onadək millimizin heyətində cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal əldə edib. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə bu gün finala yüksəlməlkə özü üçün ən azı ikinci yeri təmin edib.

6 avqust

Kişilər, 75 kq

B qrupunda çıxış edən Rafael ilk döyüşündə Noa Biçlə (Almaniya) görüşüb. O, hesabda geri düşsə də, yekunda 2:1 hesabı ilə qələbə qazanıb. Ağayev ardınca Çuneari Yahiro (Avstraliya) ilə qarşılaşıb. Həmyerlimiz növbəti dueldən də qalib ayrılıb - 5:0. Karateçimiz üçüncü cəhdində Nurkanat Ajiqanovu (Qazaxıstan) sınağa çəkib. Rəqibini 3:2 hesabı ilə məğlub edən Rafael son turun nəticəsindən asılı olmayaraq yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz son görüşdə yarışın digər favoriti Luici Busa (İtaliya) ilə döyüşüb. Rəqibinə 1:3 hesabı ilə uduzan dünya çempionumuz qrupu 6 xalla 2-ci pillədə başa vurub.

O, yarımfinalda digər qrupun birincisi macarıstanlı Qabor Harspataki ilə üz-üzə gəlib və qələbə qazanmaqda çətinlik çəkməyib. Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək, finala yüksəlib. Həlledici döyüşdə karateçimiz yenidən prinsipial rəqibi olan Busa ilə qarşılaşıb. İtaliyalı rəqib ikinci dueldən də qalib ayrıldığından (1:0) Rafael gümüş medalla kifayətlənib.

Qeyd edək ki, karate millimiz yarışa üç idmançı ilə qatılıb. Firdovsi Fərzəliyev (67 kq) qrupda qalıbsa, İrina Zaretska (+61 kq) sabah tatamiyə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6459
avatar

Oxşar yazılar