"Sabah" "Səbail"i darmadağın etdi, "Neftçi" üçüncü pilləyə yüksəldi
10 dekabr 2023 21:58 (UTC +04:00)

"Sabah" "Səbail"i darmadağın etdi, "Neftçi" üçüncü pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Lent.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. Hər iki görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Günün ilk matçında "Sabah" öz meydanında qəbul etdiyi "Səbail"in qapısından 4 cavabsız top keçirib. Qolları 8-ci və 22-ci dəqiqələrdə Sofian Çakla, 28-ci dəqiqədə Cease Sekidika və 59-cu dəqiqədə Vinsent Till vurublar.

Bu qələbədən sonra "Sabah" 22 xalla yeddinci pillədə qərarlaşıb. Bir xal çox toplayan "Səbail" isə beşincidir.

Turun bağlanış oyununda isə "Neftçi" evdə "Turan Tovuz"u məğlub edib - 3:2. Beşinci dəqiqədə qonaqların heyətində Faiq Hacıyev avtoqol müəllifi olub. Lakin meydan sahiblərinin qol sevinci cəmi 3 dəqiqədə çəkib. Roderik Miller tarazlığı bərpa edib. 56-cı dəqiqədə Rəhman Hacıyev ikinci topu tovuzluların qapısından keçirib. Amma bu dəfə də bölgə təmsilçisi 3 dəqiqədən sonra hesabı bərabərləşdirib. Otto Con fərqlənib. "Ağ-qaralar"ın qələbə qoluna isə 73-cü dəqiqədə Aaron Olanare imza atıb.

Bu nəticə ilə xallarını 25-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. 16 xalı olan "Turan Tovuz" isə səkkizinci sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Sumqayıt"a 6:1, "Kəpəz" "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəlib, "Zirə" - "Araz-Naxçıvan" matçında isə qolsuz heç-heçə qeydə alınıb.

# 1971
avatar

Oxşar yazılar