"Real"ın soyunub-geyinmə otağında komandanın hücumçusu Kilian Mbappenin hərəkətlərinə görə müəyyən qıcıq yaranıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin sözlərinə görə, bu, fransızın müdafiəyə kifayət qədər dəstək verməməsi ilə bağlıdır. Belə ki, “Barselona” ilə oyunda cəmi səkkiz kilometr qaçıb. Oyunçular bu balanssızlığa diqqət yetirir və onu necə dəyişdirməyi müzakirə edirlər.
Bu səbəbdən digər oyunçular müdafiədə daha çox çalışmalıdırlar. Əsas “qurban” Cud Bellinqemdir. İngilis indi əvvəlkindən daha çox qaçır. Komanda Klianın özünə tənqidi yanaşmasını və müdafiə üzərində işləməyin də vacib olduğunu başa düşməsini istəyir.
Məşqçilər korpusu problemin həlli üçün müxtəlif variantları nəzərdən keçirir. Onlardan biri Mbappe və Vinisius Junior arasında müdafiə funksiyalarının mübadiləsidir. Belə olan halda braziliyalı qapıçı və mərkəz müdafiəçilərinə ilk təzyiq göstərəcək, fransız isə sağ cinah müdafiəçisi mövqeyini örtəcək.
Mbappe bu mövsüm La Liqada klubun heyətində 10 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.