İngiltərənin “Liverpul” klubu bir transfer pəncərəsində futbolçu alışına çəkilən xərclərə görə dünya rekordu müəyyənləşdirib. Ümumi məbləğ 483 milyon avro təşkil edib.
Lent.az xəbər verir ki, bir gün əvvəl “mersisaydlılar” İngiltərə Premyer Liqasının (İPL) tarixində ən bahalı transferi həyata keçirərək “Nyukasl”dan isveçli hücumçu Aleksander İsaakı 144 milyon avroya alıblar. Bununla da klub iyun ayında qoyduğu öz rekordunu yeniləyib. Həmin vaxt “Bayer”in alman futbolçusu Florian Virts üçün 125 milyon avro ödənilib.
Bundan əlavə, “Liverpul” Hugo Ekitikeyi 95 milyon avroya transfer edib. Miloş Kerkes “qırmızılar”a 46,9 milyon avroya, Ceremi Frimpong isə 40 milyon avroya başa gəlib. Covani Leoni üçün isə 31 milyon avro ödənilib. Bu fonunda 20 yaşlı macar qapıçı Armin Peçinin keçidi demək olar ki, pulsuz başa gəlib: “Puškaş Akademiyası” klubu onun üçün cəmi 1,78 milyon avro alıb.
Hazırkı İPL mövsümündə “mersisaydlılar” üç tur keçirib və üç qələbə ilə yüz faiz nəticə göstərən yeganə komanda olaraq qalırlar. Onlar “Bornmut”u (4:2), “Nyukasl”ı (3:2) və “Arsenal”ı (1:0) məğlub ediblər. Növbəti turda isə “Bernli” ilə qarşılaşacaqlar.