Sərhədçi Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə və gənclər arasında “Qrand Pri” Azərbaycan beynəlxalq turniri keçirilib.
FHN-in Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, turnirdə 14 müxtəlif ölkədən (Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Küveyt və s.) 1200-ə yaxın idmançı müxtəlif yaş kateqoriyaları və çəki dərəcələrində həm kata, həm də kumite yarışlarında əzmkar mübarizə aparıblar.
Yarışda iştirak edən FHN-in uşaq, yeniyetmə və gənclərdən ibarət karate komandası 150 idmançıya yaxın heyətlə İdman-sağlamlıq klubunun karate üzrə məşqçi müəllimləri Murad Hacızadə, Coşqun Sadıqov, Rafael Məmmədov, Akif Məmmədov və Xəyal Məmmədovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar.
Belə ki, iki gün davam edən turnirdə FHN-in karate komandasının uşaqlardan ibarət üzvləri (5-11 yaş) 18 qızıl, 20 gümüş və 14 bürünc medal qazanıblar. Yeniyetmə (12-13 yaş) karateçilər isə 9 qızıl, 8 gümüş, 10 bürünc medalla kifayətləniblər. Gənclər (14-17 yaş) arasında keçirilən kumite yarışlarında idmançılar 4 qızıl, 7 gümüş və 7 bürünc medala layiq görülüblər. Turnirin sonunda ümumi nəticələrə əsasən FHN-in karate komandasının üzvləri 31 qızıl, 35 gümüş və 31 əldə etməyi bacarıblar.
Qaliblərə Azərbaycan Karate Federasiyasının təsis etdiyi medal və diplomlar təqdim olunub.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.