Zabit Səmədov Bakıda ikinci dəfə döyüşə çıxacaq
20 fevral 2009 10:30 (UTC +04:00)

Zabit Səmədov Bakıda ikinci dəfə döyüşə çıxacaq

Belarusda yaşayan azərbaycanlı idmançı ölkəmizə gəlib

Belarusda yaşayan məşhur azərbaycanlı idmançı, K-1 döyüşləri üzrə nüfuzlu beynəlxalq yarışların qalib və mükafatçısı Zabit Səmədov Bakıya gəlib. Lent.az-ın məlumatına görə, həmyerlimiz ölkəmizdə artıq ikinci dəfə rinqə çıxacaq.

“Mauqli” ləqəbli idmançı fevralın 27-də “Fidan” İstirahət və Əyləncə Mərkəzində keçiriləcək peşəkar döyüşlərin iştirakçısı olacaq. Z.Səmədov Latviya təmsilçisi Konstantin Qluxovla superdöyüşə çıxacaq.

Bundan öncə tamaşaçılar daha 9 döyüşün şahidi olacaqlar. Saat 18:00-dan etibarən peşəkar kikboksinq üzrə 78 kq çəki dərəcəsində Kamil Şərifov, Fuad Zeynalov, Vüqar Kazımov, Xəyal Əhmədov, Kənan Sadıqov, Elmar Mürsəlov (hamısı Azərbaycan), Şota Akulaşvili (Gürcüstan) və Altay Kırın (Türkiyə) iştirakı ilə ümumilikdə 7 görüş təşkil ediləcək. İdmançılar ¼ final mərhələsindən etibarən döyüşərək, final qarşılaşmasında qalibi müəyyənləşdirəcəklər.

Ardından “WAKO-PRO” versiyası üzrə Avropa kəməri uğrunda görüş keçiriləcək. 81,4 kq çəki dərəcəsində baş tutacaq döyüşdə azərbaycanlı kikboksçu, 3 qat dünya çempionu Ehram Məcidovla Avropa çempionu Leonildo Evora Dominqos (Portuqaliya) qarşılaşacaq.

Sonra daha bir həmyerlimiz Ramin Səlimov Şimali Kipr Türk Respublikasının təmsilçisi Hunkar Kılıçla superfayt döyüşündə üz-üzə gələcək.

Bu görüşlər başa çatdıqdan sonra Zabit Səmədov tamaşaçılar qarşısına çıxacaq.

Qeyd edək ki, “Mauqli” 1981-ci il iyunun 21-də Gürcüstanın Qardabani rayonunda anadan olub. Boyu 185 sm, çəkisi 92 kq-dır. Əsas idman növü muay-taydır. Sürətlidir, ayaqla zərbələri daha təhlükəli olur. Peşəkar karyerası ərzində keçirdiyi 73 döyüşdən 65-ini qələbə ilə, 8-ini isə məğlubiyyətlə başa vurub. Qələbələrdən 29-u nokautla reallaşıb.

2000-ci ildən kikboksinq üzrə beynəlxalq arenada ciddi uğurlar qazanmağa başlayan Səmədov müxtəlif versiyalar üzrə Avropa və dünya çempionu titullarına yiyələnib. O, 2006-cı ildən etibarən K-1 döyüşləri üzrə uğurlu nəticələr göstərməyə başlayıb. “Mauqli” əvvəlcə Macarıstanın Debretsen şəhərində keçirilmiş “Qran-pri” turnirinin qalibi olub. Həmin il o, Latviyanın paytaxtı Riqada “K-1 döyüşlər şəbəkəsi”nin çempionu tituluna yiyələnib. 2007-ci ildə həmyerlimiz Fransanın Marsel şəhərində keçirilmiş turnirin qalibi, ABŞ-ın Las-Veqas şəhərində baş tutmuş “Dünya Qran-prisi”nin finalçısı olub. Ötən il isə Zabit Səmədov Avropa Qran-Prisində ikinci yeri tutub.

“Mauqli” ölkəmizdə ilk dəfə ötən il martın 1-də olub. O, Bakıda keçirilən “Avropa Qran-pri”si seriyasından “K-1 MAX” turnirinə qatılıb. Zabit Səmədov hollandiyalı Paola Neçpo ilə keçirdiyi müsabiqədənkənar döyüşdə nokautla qələbə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1822

Oxşar yazılar