Yaxın oturun, sizə Mahmud Əkbərovdan danışacağıq. Ola bilər ki, bu ad sizə heç nə deməsin. Amma o, elə bir həyat yaşayıb ki, necə deyərlər, film kimi...
Qızı Tahirə Əkbərovanın evindəyik. Ziyalı, xanım-xatın qadındı. Atası haqda elə şövqlə, məhəbbətlə danışır ki, sadəcə, doymursan, elə hey dinləmək istəyirsən.
- Mənim atam Mahmud Rüstəm oğlu Əkbərov 1939-cu ildə 18 yaşında əsgərliyə gedib. O, tibb kollecini bitirmişdi. Atamın atası da əczaçı idi. Şuşada məşhur idi Rüstəm kişi.
Əsgərliyi bitmək üzrə olanda ikinci dünya müharibəsi başladı. Və bunları Ukrayna cəbhəsinə göndərdilər. Döyüşlərin birində atamın mədəsinə qəlpə saplanıb və onu xəstəxanaya aparıblar. Əməliyyat bitmək üzrə olanda almanlar xəstəxanaya girib və hamısı əsir götürüblər. Sonra xəstə olanları sağaldıblar. Atamın mədəsinin dörddə üçü yox idi.
Mahmud Əkbərov
Kəlmeyi-şəhadətini de, yəhudi sırasından çıx....
- Almanlar atamı sağaltdıqdan sonra bunlara xəbər verdilər ki, əsirlər Avropaya işləməyə göndəriləcəklər. Bunları hissə-hissə aparıblar. Sıra atama çatanda onun yəhudi olmağından şübhələniblər. Atam nə qədər çalışsa da, azərbaycanlı olduğunu izah edə bilməyib. Sonra Krım tatarı olan bir adam çağırıblar. O adam da atama deyib ki, kəlmeyi-şəhadətini de. Atam kəlmeyi-şəhadətini bilməyib. Krım tatarı da deyib ki, bəs, nə bilirsən? Atam danışırdı ki, həmin vaxt babamız Rüstəm kişinin necə namaz qıldığını xatırlayıb. Başlayıb namazın sözlərini deməyə. Onlar bundan sonra atama inanıblar və onu yəhudilər sırasından çıxarıblar.
Tahirə xanımın atası Mahmud Əkbərov partizan Əhmədiyyə ilə belə tanış olub:
- Sonra bunları yük qatarına mindiriblər. Qatar da Almaniyaya yol alıb. Uzun yol gedib. Atam deyir ki, axşam vaxtı qatar birdən dayandı. Qəfil atışma başladı. Sən demə, Fransa sərhədindəymişlər. Əsirlər fransızca, almanca qışqırırmış. Papam deyir ki, bir də eşitdim ki, biri azərbaycanca biri digərinə nəsə deyir. O zaman atam da Azərbaycan dilində səsini çıxardıb ki, bəs mən də azərbaycanlıyam.(Tahirə xanım ağlayır). Sonra məlum olub ki, Bu Şəkidən olan Əhmədiyyə Cəbrayılovdu. Sonra Əhmədiyyə partizan bölümündə öyrənib ki, atam əczaçıdı. Dərmanlardan yaxşı başı çıxır. Əhmədiyyə atamı Marselin mərkəzində yerləşən hospitala aparır. Həmin hospital kilsənin içində yaradılmışdı. Orda sovetin, Fransanın və Amerikanın əsgərləri müalicə olunurdu. Atam da sovet formasında gəzirdi.
Biz çox üzgünük ki, Mahmudu itirdik...
- Atam hospitalda işləyəndə sözün əsl mənasında gününü gün edirdi. Orda sovet fransız amerikan klubu olub. Bunlar əylənməyə gedəndə orda yığışırmışlar. Atam deyir ki, dava bitənə qədər onlara toxunan olmayıb. Deyir ki, fransızlar bizimlə mülayim idi, hamımız birlikdə Hitlerə qarşıydıq.
Atamın xarakteristikasında yazılır ki, biz çox üzgünük, fransızca yaxşı bilən, dərmanlardan başı çıxan işçimiz 4 sentyabr 1945-ci ildə bizdən ayrıldı.
O qız atama görə nişanını atıb.
- Danışırdı ki, bir dəfə işə gedəndə orda bir qız görüb. Qız da başlayıb atama komplimentlər etməyə. Və onlar tanış olublar. Qız atama deyib ki, nişanlıdır, amma atam onunla evlənsə, nişanını atar. Atam da gedib qızın ata-anası ilə danışıb. Onlar evləniblər.
Atamın sözündən belə başa düşdük ki, Stalin sentyabrda anidən əsirlərin geri dönməsi ilə bağlı əmr verib. O zaman da artıq atamın xanımı 4 aylıq hamilə olub. Bütün sovet əsgərlərini könüllü olaraq Parisə çağırıblar. Və deyiblər ki, oradan kim istəyirsə, öz ölkəsinə dönə bilər. Atam və Əhmədiyyə də deyib ki, biz ölkəmizi sevirik və pis bir şey etməmişik niyə dönməyək?!
Bizi orda işgəncə gözləyir...
- Əsirlərdən 5-i dönüb. Atamın da birinci xanımın ailəsi onu hədiyyələrlə yola salıb. Xanımı da atamla gəlmək istəsə də, atam qoymayıb. Deyib ki, gedim orda hər şeyi düzəldim, sonra gələrsən.
Sonra atamgili Polşa-SSRİ sərhədinə gətiriblər. Papama əsirlərdən Kərim adlı biri deyib ki. “Mahmud, mən getmirəm. Onlar yalan söyləyirlər, bizi aldadırlar. Onlar yalançı jurnalistlər, qəzetlər gətirirlər. Bizi orda işgəncə gözləyir”. Hətta amerikalılar da atamgilə deyib ki, siz dəlisiniz. Niyə ac Rusiyaya dönürsünüz. Stalin sizi Sibirə göndərəcək. Amerikalılar özlərini öldürürdülər ki, o qəzetlərdə çıxanlar yalandı. Bizimkilər də inanmayıb.
Doğrudan da hər şey yalanmış...
- Atam Şuşaya qayıdıb. Barmağında da Fransadakı xanımının ailəsinin bağışladığı üzüklə. Üzüyün üzərində atamın və o xanımın adlarının baş hərfləri olub. Bir müddət sonra qapı döyülür və KQB atamı aparır. Yaxşı ki, tez aparmayıblar. Yoxsa, nə üzük, nə də ona verilən digər əşyalar qalmazdı.
Yarım il hamısını KQB-nin zirzəmisində saxladılar. Atama 8 il həbs verdilər.
Atamın dediyinə görə, onlara işgəncə verirlərmiş ki, hansısa sənədləri imzalasınlar. Əhmədiyyəni də xalq düşməni elan etmişdilər. Sonra 1953-cü ildə Stalin öldü onları buraxdılar. Fransa prezidenti De Qool özü gələndən sonra o zaman Əhmədiyyə gün gördü.
Atam deyir ki, Əhmədiyyə çox cəsur idi. Fransızlar da onu bu cəsurluğuna görə sevirmiş.
O da doğrudur ki, istədiyimiz çox şey zamanında gerçəkləşmir...
- Atam həbsdən çıxanda sonra tibbi bitirdi. 1958-ci ildə anamla evləndi. Biz üç qız: mən, Nərminə və Jalə dünyaya gəldik. Amma atamın fikri hər zaman Fransada idi. İçində nisgil vardı. Ordan taxıb gəldiyi həmin üzük son nəfəsinə qədər barmağında idi. O qadın da xəyalında. Atam anidən öldü, 1993-cü ildə. Heç onun nədən öldüyünü də bilmədik. Atam burdan Fransaya gedən əsgərdən həmişə Fransaya, həyat yoldaşına məktub göndərirdi. Amma heç biri gedib çatmırdı.
Tahirə xanım deyir ki, atası çox ailəcanlı olub.
- Papam Bakının ən böyük aptekinin müdiri idi. Hər il bizi müxtəlif respublikalara gəzməyə aparırdı. Atam bizləri dəli kimi sevirdi. Heç nədən korluq çəkməyə qoymurdu.
O, ömrü boyu gözləyirdi ki, Bakıda Fransa səfirliyi açılsın. Fransa səfirliyi açılandan az sonra öldü. Bax, belə bir tarixçə...