Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, Yekaterinburqda bir sıra xüsusilə ağır cinayətlərdə iştirak edən cinayətkar qrupun üzvlərinə qarşı ittiham irəli sürülüb.
"Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi 2001, 2010 və 2011-ci illərdə Sverdlovsk vilayətində Azərbaycandan olan şəxslərin qətlə yetirilməsi və adam öldürməyə cəhd faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Məzahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gənciyev, Şahid Lalayev və Bəkir Səfərovdur. Cinayətlərin törədilməsində rolundan və iştirak dərəcəsindən asılı olaraq, onlardan beşi artıq Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi ilə ittiham olunurlar. İstintaqın vəsatəti əsasında məhkəmə altı təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçib. Onların hamısı Rusiya vətəndaşlarıdır.
İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun tərkibində olan təqsirləndirilən şəxslərin 2001-ci ildə bıçaq xəsarətlərindən dünyasını dəyişən Yunis Paşayevin qətlində, 2010-cu ildə F.Şirinovu sifarişlə öldürməyə cəhd, 2011-ci ildə isə Azərbaycan vətəndaşı İ.Hacıyevi qətlə yetirilməsində əlləri var. Bu cinayətlərin motivi, istintaqın hesab etdiyi kimi, biznesdə təsir dairələrinin bölünməsi, habelə şəxsi qisasçılıq olub.
İfadələrin yerindəcə yoxlanılması zamanı təqsirləndirilən şəxslərdən biri cinayətin baş vermə şəraiti ilə bağlı ətraflı ifadə verib. O, cinayətlərdə şəriklərini də ifşa edib. Cinayət işinin istintaqı davam etdirilir", - Rusiya İstintaq Komitəsi rəsmi nümayəndəsi qeyd edib.(APA)