“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasəsən Vüsal Ələsgərov 5 il 6 ay, Rüstəm Ələsgərov 9 il 6 ay, Rəşid Niftəliyev 5 il 6 ay, Ramil Qarayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.