Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bugünkü mövzu polis əməkdaşını döyən deputata hansı cəzanın veriləcəyi ilə bağlıdır.
Son günlər medianın gündəmini zəbt edən mövzulardan biri də millət vəkili Eldəniz Səlimovun istirahət mərkəzlərindən birində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına qarşı zor tətbiq etməsidir. Yayılan xəbərlərə görə, Nabranda qohumunu istirahət mərkəzində dincələn deputat E.Səlimov məkanın karantin qaydalarının tələblərinə əsasən bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu sərxoş vəziyyətdə döyərək ona xəsarətlər yetirib. Bəs görəsən, millət vəkili mandatı daşıyan və toxunulmazlığı olan E.Səlimovu bu əməlinə görə hansı cəza gözləyir?
Rubrikamızın sualına "Norma" hüquq mərkəzinin rəhbəri Şamil Paşayev aydınlıq gətirib.
O bildirib ki, deputatın əməlində cinayət tərkibi olduğu təqdirdə Milli Məclisin qərarına əsasən o, mandatdan məhrum edilə bilər:
"Norma" hüquq mərkəzinin rəhbəri Şamil Paşayev
"Deputat cinayət törətdikdə məhkəmənin qanuni hökmü ilə mandatdan məhrum edilə bilər. Millət vəkili yalnız cinayət başında yaxalandığı halda tutula bilər. Digər hallarda inzibati məsuliyyətə cəlb edilməsi, axtarışa verilməsi, inzibati qaydada həbs olunması mümkün deyil. Deputatı saxlayan hüquq-mühafizə orqanı əgər onun əməlində cinayət tərkibi varsa dərhal Baş Prokurorluğa məlumat verir. Baş Prokurorluq da deputatın toxunulmazlığının və mandatının əlindən alınması üçün öz növbəsində Milli Məclisə müraciət edir. Milli Məclis də müraciətlə bağlı qərar qəbul edə və ya etməyə bilər.
Sözügedən hadisədə ictimai məkanda şəxsi döymək motivsizdirsə, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə məsuliyyətə cəlbetmə nəzərdə tutulur. Burada xəsarətin dərəcəsi nəzərə alınır. Bundan başqa, polis əməkdaşı hakimiyyət nümayəndəsi kimi iştirak etdiyi halda deputat 315-ci maddə ilə məsuliyyətə cəlb oluna bilər. Ümumilikdə həm xuliqanlıq, həm də dövlət hakimiyyətinə qarşı olan cinayətlər az ağır cinayətlər kateqoriyasına aiddir. Buna baxmayaraq, 6 ildən 7 ilədək həbs cəzası nəzərdə tutula bilər".