DİN pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edənlərə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xırdalan şəhərindəki ticarət mərkəzlərinin birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını təşkil edən Habil Babayevi Abşeron rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Ona məxsus ticarət mərkəzində yerləşən mağazaya baxış keçiriləndə külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Habil Babayev barəsində Abşeron rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiala müvafiq qərar verilməsi üçün məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək.