Əvəz Zeynallıya 9 il HƏBS CƏZASI  verildi
26 fevral 2024 15:17 (UTC +04:00)

Əvəz Zeynallıya 9 il HƏBS CƏZASI verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun yekun məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı son söz deməyə davam edib.

O bildirib ki, 38 şahidin 31-ni tanımır:

“İstintaqda tanımadığım adamları qəsdən mənim əleyhimə ifadə vermək üçün məcbur ediblər. Şahid məni tanımır, mən də onu. Belə olan halda necə mən barədə şahidlik edib, ifadə verə bilərlər?

Şahid qismində çıxış edənlərdən tanıdıqlarım icra başçıları, vəzifəli şəxslərdi. Təbii ki, onları tanımalıyam da. Jurnalistəm. Onlara sorğu vermək üçün dəfərlərlə zəng etmişəm”.

Ə.Zeynallı qeyd edib ki, Elçin Sadıqovdan vəkil olmayacaq:

“Elçin Sadıqov deyib ki, 14 il pulsuz Əvəz Zeynallıya vəkillik etmişəm. Mən deyirəm, Elçin Sadıqovdan vəkil olmayıb, bu gündən sonra da olmayacaq. Hər şey əvvəldən yalandı. Bu işin ilhamvericilərindən biri də Eynulla Fətullayevdir. Guya, o yazdı, bizi də tutdular. Elçin Sadıqovun bunu niyə etdiyi məlumdur. Biz bilirik ki, 311-ci maddə ilə ev dustaqlığına buraxılmaq nə deməkdir”.

Hakim Əvəz Zeynallıya qısa və az danışması barədə xəbərdarlıq edib. Bildirib ki, ifadə yox, son söz deməlidir. 

Əvəz Zeynallı xəbərdarlıqlara məhəl qoymadan danışmağa davam edib.

Əvəz Zeynallının sözünü hakim Əli Məmmədov bir daha kəsərək, qısa danışmağını tələb edib. 

Bildirilib ki, əks-təqdirdə Əvəz Zeynallının sözü tamamilə kəsiləcək. 

Əvəz Zeynallı:

“Deyəsən, siz bəhanə axtarırsız. Aqil M Quliyevə deyiblər ki, guya, mənə 10 min manat verib. Heç mən onu tanımıram, deyəsən sənətçidir.

Bütün ittihamlar yalandır. Mən inanıram ki, bəraət veriləcək. Verilməlidir”.

Hakimlər qərar vermək üçün müşavirəyə gedib. 

Müşavirədən qayıdan hakim hökm oxuyub.

Məhkəmənin qərarı ilə Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilib. 

Eyni zamanda, Əvəz Zeynallı ilə birlikdə həbs edilən Elnur Şükürov isə 4 il həbs cəzası alıb. 

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. 

Hökmə əsasən, Əvəz Zeynallının evində aparılan axtarış zamanı götürülən 16 min manat dövlət nəfinə veriləcək.

Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7248
avatar

Oxşar yazılar