Qaynını öldürən mayorun məhkəməsi başladı
11 may 2010 14:00 (UTC +04:00)

Qaynını öldürən mayorun məhkəməsi başladı

Mayın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə polis serjantını qətlə yetirməkdə təqsirləndirilən polis mayorunun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.


Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama aktına əsasən, 2009-cu il dekabrın 1-də Səbail rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Kamil oğlu Qafarov yaşadığı Nəsimi rayonu, Dilarə Əliyeva 251 ünvanında ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı, polis çavuşu Zaur Əliyevi bıçaqla qətlə yetirib.


T.Qafarov AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olunur.


T.Qafarov elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittihamları qəbul etməyib.


Törətdiyi əməldən peşman olduğunu söyləyən T.Qafarov ifadəsində bildirib ki, baş verən hadisə həyat yoldaşının ucbatından olub: “Nərgizə həmişə deyirdim ki, məndən əl çəksin, axırda qan töküləcək. Elə də oldu. Onun qardaşı öldü, mən də həbsə düşdüm”.


T.Qafarov 2009-cu ildə N.Əliyevadan istəyərək ayrıldığını söyləyib: “Hadisə baş verən gün axşam saatlarında oğlum üçün aldığım oyuncaqları götürüb Nərgizin yaşadığı evə getdim. Nərgizə zəng edib uşağı soruşdum. Nərgiz mənə bizə gələcəyini söylədi. Mən onun dediklərinə əhəmiyyət verməyib mənzilə qalxdım. Aldığım oyuncaqları oğluma verdim. Bir müddətdən sonra Nərgizin qardaşı Zaur zəng elədi və harada olduğumu soruşdu. Mən ona evlərində olduğumu dedim. Bir az oğlumla danışıb, evi tərk elədim”.


T.Qafarov N.Əliyevanın qardaşı ilə birlikdə onun evinə gəldiklərini söyləyib: “Nərgiz məni görən kimi üstümə hücum etdi və nalayiq sözlər deməyə başladı. Zaur mənə başımdan yumruq vurdu və başım dəmirə dəydi. Bundan sonra nə baş verdiyini bilmirəm”.

O, Zauru hadisə yerindən xəstəxanaya apardığını da söyləyib.


Proses davam etdirilir.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar