Subasma ərazisində 9 kənd tamamilə boşaldılıb
08 may 2010 18:00 (UTC +04:00)

Subasma ərazisində 9 kənd tamamilə boşaldılıb

Kür çayının səviyyəsinin qalxması nəticəsində su basmış bölgədə olan kəndlərin 9-u tamamilə boşaldılıb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunu vəziyyətlə tanış olmaq üçün bölgəyə səfər edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.


K.Heydərov bildirib ki, suyun səviyyəsinin qalxması nəticəsində uçan 83 metrlik iki bəndin bərpası istiqamətində tədbirlər davam etdirilir: «Artıq ikinci bəndə yol düzəldirik ki, aradakı qapanmanı təmin edilsin. Orada işlər yaxşı gedir. Amma Kürün səviyyəsi hələ aşağı düşməyib. Yaxın ərazidə yerləşən 9 kənd tamamilə boşaldılıb. Əhali müxtəlif yerlərdə yerləşdirilib. Hazırda daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini Abid Şərifovla bölgəyə gələrək əhalinin vəziyyəti ilə tanış oluruq. Zəruri işləri həyata keçiririk. Burada yaranan fövqəladə vəziyyətlə əlaqədar evlərindən köçürülən vətəndaşların müvəqqəti yaşaması üçün problem yoxdur. Onların qida, içməli su, tibbi xidmət təminatı, elektriklə təchizat məsələləri həll olunub. Hətta çadırlarda televizorlar da quraşdırılacaq ki, məlumatsız qalmasınlar. Çadırlar təkcə Şirvan şəhərində deyil, başqa ərazilərdə də qurulub».


K.Heydərov qeyd edib ki, bəzi kəndlərin əhalisi təhlükəsizlik tədbirləri çərçivəsində köçürülüb: «Su basma təhlükəsi aradan qaldırdıqdan sonra əhali tədricən öz evlərinə qayıdacaq. Su çəkiləndən sonra qalıq sular da çəkiləcək. Hazırda orada suyu çəkmək üçün nasosların işləməsi üçün şərait yoxdur. Çünki suyu kənara vurmaq üçün yer yoxdur. Ən əsas məsələ bəndin uçan hissəsini bərpa etməkdir. Bərpa olunandan sonra su istiqamətini dəyişəcək, ondan sonra problemlər həllini tapacaq».


K.Heydərov daxili işlər naziri R.Usubovla birgə helekopterlə Kür çayı boyu vəziyyətlə tanış olduqlarını da söyləyib: «Mən daxili işlər naziri Ramil Usubovla birgə helekopterlə Kür çayının deltasına qədər hər yerə baxdıq. Kür boyu ilə də Sabirabada qayıtdıq. Düzdür, orada da problem var. Amma həmin ərazilərdə FHN-in, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin əməkdaşları və yerli sakinlərlə təhlükəli bəndləri bərkitməklə məşğuldurlar. İnanmıram ki, oralarda bəndlərdə uçma ola bilər və analoji hadisə baş verər. Hava şəraitini bir neçə gün yaxşı olması da problemin həllinə kömək edə bilər. Yaxın günlərdə yağışların olmayacağı proqnozlaşdırılır. İntensiv tədbirlərdən sonra problem həll ediləcək».


Fövqəladə hallar naziri çadır şəhərciyində müvəqqəti yaşayan məktəblilərin təhsil problemlərinin həlli istiqamətində də tədbirlərin görüləcəyini deyib: «Abid Şərifov təhsillə bağlı problemi aradan qaldırmaq üçün Təhsil Nazirliyinin buradakı nümayəndələrinə tapşırıq verib. Bununla bağlı da lazımi tədbirlər həyata keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar