Sabirabadın kəndləri sel içində
07 may 2010 19:00 (UTC +04:00)

Sabirabadın kəndləri sel içində

6 yaşayış məntəqəsindən qadınlar, qocalar, uşaqlar və mal-qara çıxarılıb

Dünən axşam saatlarından Kür çayının bəndləri dağıtması nəticəsində Sabirabad rayonunu su basıb. Hazırda Kürqırağı kəndlərdə vəziyyət nəzarətdən çıxıb.

Rayon sakinlərinin Lent.az-a verdiyi məlumata görə, Salyan və Sabirabad rayonlarının birləşdiyi ərazidə və Sabirabad şəhərinin aşağı hissələrində Kür çayı məcrasından çıxıb. Əsas problem isə Türkədi, Moranlı, Qaralar, Quruzma kəndlərində müşahidə olunur. Hazırda Kür çayının suyu bu kəndlərin ərazisini basıb.

Sabirabad şəhər sakini Elxan Hüseynovun bildirdiyinə görə, sel suları əhaliyə ciddi ziyan vurmasa da, adı çəkilən ərazilərdə qadınlar, qocalar və uşaqlar, eləcə də mal-qara kəndlərdən çıxarılıb. Kişilər isə dağılmış bəndləri bərpa etməklə məşğuldur.

“Burada aləm qarışıb. Türkədi, Moranlı, Qaralar, Quruzma, Cavad, Narlıq kəndləri bütünlüklə suyun içərisindədir. Bu kəndlərdə evlərdə bir nəfər də qalmayıb, hamısı köçürülüb. Yalnız kişilər qalıb, onlar da uzunboğaz çəkmə geyinib, bəndvurma işlərinə kömək edir. Bütün rayon camaatı bura axışıb ki, selin qarşısını almaqda yerli əhaliyə kömək etsinlər. Bu saat rayonun rəhbərliyi, icra orqanlarının bütün işçiləri buradadır. Hamı Kür çayının bəndi üzərində bərkitmə işləri aparır” – deyə, Elxan Hüseynov bildirib.

Hadisə ilə bağlı Rayon İcra Hakimiyyətindən rəsmi məlumat almaq mümkün deyil. Hazırda icra hakimiyyətinin işçiləri subasma zonasında olduğundan xidməti telefonlara cavab verən yoxdur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar