Sabiq polis rəisinə hökm oxundu
07 may 2010 16:45 (UTC +04:00)

Sabiq polis rəisinə hökm oxundu

Məmmədəli Əliyev 13 illik həbs cəzası alıb

Mayın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bir sıra ağır cinayətlərdə ittiham olunan Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, M.Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.



Xatırladaq ki, dövlət ittihamçısı M.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


İttihama görə, M. Əliyev dövlət hakimiyyətinə qarşı, prezidentə sui-qəsddə, keçmiş müdafiə naziri Rəhim Qazıyevi, Baba Nəzərlini, Əlikram Hümbətov və Arif Paşayevi MTN-in təcridxanasından qaçırmaqda ittiham olunur. İttihamnamədə bildirilir ki, M. Əliyev “OMON”-un tabor komandiri Elçin Əmiraslanovla birlikdə ölkə prezidentini öldürmək üçün terror aktı hazırlayıb. Bu barədə 1994-cü ildə Moskvada razılaşma əldə ediblər. Həmin il Dağıstanda “OMON”-un narazı əməkdaşlarından ibarət dəstə toplanmasında və keçmiş prezident Heydər Əliyev xaricdən dönən zaman təyyarənin raketlə vurulması üçün əməliyyatın hazırlanmasında iştirak edib. M. Əliyev 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 17.185, 70-2, 17, 15.93-9, 17.15.94 və hazırkı Cinayət Məcəlləsinin 28.277-ci, 29.32.2-ci, 277-ci, 32.2-ci, 232.2.1-ci və 278-ci maddələri ilə ittiham olunur.
M.Əliyev 2008-ci ildə tutulub.



Qeyd edək ki, M. Əliyev kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevi tamah məqsədilə 1993-cü il aprelin 13-də “QAZ-2410” markalı avtomobili ilə birlikdə oğurlayaraq öldürməkdə də ittiham olunub. Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində ifadə verərkən bu cinayəti Məmmədəli Əliyevin törətdiyini bildirib. Lakin saxlanılandan sonra bu ittiham M.Əliyevin üzərindən götürülüb.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar