Salyanda 40 ev uçub, 70 ev isə qəza vəziyyətindədir
05 may 2010 17:30 (UTC +04:00)

Salyanda 40 ev uçub, 70 ev isə qəza vəziyyətindədir

Kür çayının səviyyəsinin qalxması rayonda sosial gərginlik yaradıb

Son bir neçə gündə yağan aramsız yağışlar Salyan rayonu ərazisində həyətləri və zirzəmiləri su basıb. Fövqəladə Hallar Nazirliyinin və yerli icra strukturlarının texnikaları və canlı qüvvələri subasma təhlükəsinə qarşı qabaqlayıcı tədbiri davam etdirsə də vəziyyət yaxşılığa doğru dəyişmir.

Salyan Rayon İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, hazırda 2 mindən çox ev və həyət qrunt və yağış suları ilə dolub. Rayon mərkəzi ilə yanaşı Çuxanlı, Parça Xələc, Pambıqkənd, Kürqaraqaşlı, Babazanlı və digər Kürboyu ərazilərində təhlükəli vəziyyət yaşanır. Son bir neçə gündə 40-dan çox ev uçub. Qəza vəziyyətinə düşmüş 70-ə yaxın evdən isə sakinlər köçürülüb. Hazırda rayonda 60-dan çox yük maşını, 12 müxtəlif növ yükləyici və ekskavator, 9 buldozer, 142 nasos, Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı ” Açıq Səhmdar Cəmiyyətinin texnikası və canlı qüvvələri sahilbərkitmə işlərinə cəlb olunublar.

İcra hakimiyyətində bildirirlər ki, hazırda kür çayında suyun səviyyəsi qalxmaqda davam edir. Aprelin 27-dən Kürqırağı ərazilərdə sosial xidmət sahələrinin fəaliyyəti iflic vəziyyətə düşüb. Belə ki, su nasos stansiyaları və transformatorlar, yeraltı rabitə xətləri suyun altında qaldığından əhalinin içməli su ilə təminatında ciddi problemlər yaşanır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278

Oxşar yazılar