Zərdabda uşaq bağçaları da bağlandı
03 may 2010 20:00 (UTC +04:00)

Zərdabda uşaq bağçaları da bağlandı

Fövqəladə Hallar Komissiyasının sədri: “Rayon hər an təhlükə altındadır, ona görə də risk eləyib uşaqları məktəbə qoymaq olmaz”

Son günlər havaların yağışlı keçməsi Zərdab rayonunda Kürün səviyyəsinin qalxmasına səbəb olub. Son iki gündə isə Kürün səviyyəsinin qalxması təhlükə riskini bir az da artırıb.

Rayon sakinləri Lent.az-a bildiriblər ki, Kürlə yanaşı Zərdabın mərkəzindən keçən Qarasu çayının da səviyyəsi saatbasaat qalxır. Kür çayının 82 kilometrlik hissəsi Zərdab rayonunun ərazisindən keçir. Zərdabda yaranmış vəziyyətlə əlaqədar bu gün məktəblərlə yanaşı uşaq bağçalarının da bağlanmasına qərar verilib.

Xatırladaq ki, hazırda Zərdabda 42 orta məktəb var. Sel təhlükəsi nəzərə alınaraq orta məktəblərin qeyri-müəyyən vaxtadək bağlanması qərarı rayondakı bütün ümumtəhsil məktəblərinə şamil olunub.

Sakinlər bildirirlər ki, hazırda yerli əhali narahatlıq içərisindədir. İnsanlar su basma təhlükəsini nəzərə alaraq ev əşyalarını daha təhlükəsiz yerlərə toplamaq üçün hazırlıq vəziyyətinə gətiriblər. Həmçinin əksər kəndlərin sakinləri müvafiq qurumların müraciətindən sonra könüllü olaraq, torpaq bərkitmə işlərinə cəlb olunublar. Hazırda rayon ərazisində çayın məcrasından çıxmasının qarşısını almaq üçün bəndatma işləri davam etdirilir.

Zərdab rayonu Mülki Müdafiə Qərargahının rəisi Ramil Abdullayev Lent.az-a açıqlamasında rayonda vəziyyətin acınacaqlı həddə çatdığını deyib. Rayon İcra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov isə rayonun hər an su basa biləcəyini bildirib. Onun sözlərinə görə, rayonun ərazisində fərdi yaşayış evlərinin 80 faizindən çoxunun həyətlərini su basıb. Hazırda ən çox gərginlik rayonun Sarıqaya, Əlibəyli, Şahbağı, Təzəkənd, Şıxbağı, Şəftəhal, Qaravəlli, Aşağı Seyidlər, Ağabağı, Kəndəbil kəndlərində müşahidə olunur.

Allahverdi Səfərov deyib ki, rayonda 100-dən çox su nasosları vasitəsilə həyətlərə dolmuş su kollektora axıdılır. Amma icra başçısının müavini bu gün uşaq bağçalarının qismən də olsa işlədiyini deyib. Onun sözlərinə görə, uşaq bağçaları Təhsil Nazirliyinin göstərişi əsasında sabahdan fəaliyyətini dayandıracaq: “Həm məktəblərin, həm də uşaq bağçalarının əksəriyyətini su basıb, binalar qəza vəziyyətindədir. Burada suyun səviyyəsi elədir ki, rayon hər an təhlükə altındadır. Ona görə də risk eləyib uşaqları məktəbə qoymaq olmaz”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323

Oxşar yazılar