Qubada təhlükəli vəziyyət: sürüşmə, daşqın, qar...
03 may 2010 18:00 (UTC +04:00)

Qubada təhlükəli vəziyyət: sürüşmə, daşqın, qar...

Yollar bağlanıb və bir neçə kənddə işıq yoxdur

Qubanın bir neçə kəndinə qar yağıb. Quba Regional Hidrometeorologiya mərkəzinin direktoru Aliyə Ələkbərova Lent.az-ın bölgə müxbirinə bildirib ki, Xınalıq və ətraf kəndlərə 21 sm qalınlığında qar yağıb. Rayonun dəniz səviyyəsindən 1000-1500 metr yüksəklikdə olan ərazilərinə sulu qar, 1500 metrdən yuxarı əraziləri isə qar yağıb.

Quba Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədov Lent.az-a bildirib ki, Xınalığa gedən yol bir neçə saat bağlı qaldıqdan sonra bu gün səhər saatlarında açılıb. Xınalıq və ətraf kəndlərdə elektrik enerjisi yoxdur.

Xaçmaz Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin direktoru Ələddin Əliyev Lent.az-a bildirib ki, sürüşmə ilə əlaqədar Güləzi kəndi və ətraf 5 kənddə də işıq yoxdur.

Regiondan keçən çaylarda xüsusi təhlükəli hal qeydə alınıb. Yağıntının miqdarı bəzi ərazilərdə 42 mm-ə çatıb. Qudyalçayda suyun səviyyəsinin artması nəticəsində Quba Regional Hidrometeorologiya mərkəzinin Küpçal kəndində yerləşən hidrometeoroloji məntəqəsini sel yuyub aparıb. Tüləkəran kəndində Qudyalçayın sahilində yerləşən evlərdə çatlar əmələ gəlib.

Buduq kənd bələdiyyəsinin sədri Bəhram Abayev Lent.az-a bildirib ki, kənddə vəziyyət pisdir. Yaşayış məntəqəsinə qar yağıb, yollar bağlanıb və elektrik enerjisi də yoxdur. Bələdiyyə sədri kəndin ətrafında sürüşmə zonasının artıq 2 ha çatdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar