“Sərhəd” əməliyyatında 34 nəfər tutuldu
15 aprel 2010 17:30 (UTC +04:00)

“Sərhəd” əməliyyatında 34 nəfər tutuldu

Əməliyyat çərçivəsində külli miqdarda qanunsuz silah-sursat da götürülüb


Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən, 2010-cu il aprelin 6-dan 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.


Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən bildirilib. Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.


Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 16 nəfər tutulub, Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 10 nəfər, şübhəli qismində 8 nəfər saxlanılıb. Qanunsuz saxlanılan 8 avtomat silah, 7 tapança, 45 ədəd yivli və ov tüfəngi, 25 qumbara, 32 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb.


Tədbirlər zamanı 293 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.


Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar