Oğlunu ürəyindən güllələyən atanın hekayəti
10 aprel 2010 11:30 (UTC +04:00)

Oğlunu ürəyindən güllələyən atanın hekayəti

Bir güllə ilə oğlunu ürəyindən vuran ata, hirsinin soyumadığını görüb ikinci gülləni də oğlunun ürəyinə boşaldır

Haqqında danışacağım qətl hadisəsi Gəncə şəhərində baş verib. Nəcəfovlar ailəsində baş verən hadisə nəticəsində ata əsgərlikdən yenicə gələn oğlunu öldürüb.

Lent.az həmin atanın cinayət işin təqdim edir.

Hadisə 2009-cu il dekabrın 6-da baş verib. Gəncənin İbrahim Əliyev küçəsində yerləşən mənzildə yaşayan Nəcəfov Kamal Camal oğlu ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq 1989-cu il təvəllüdlü oğlu Suracı öldürüb. Daha sonra polisə gedərək könüllü təslim olub.

Aparılan araşdırmalar nəticəsində Kamalın gözünün ağı-qarası bir oğlunu öldürməsinin səbəbləri bəlli olub.

Fermer təsərrüfatı ilə məşğul olan Kamal kişi əlinin zəhməti ilə pul qazanan insan olub. Ailəsini çətinliklə dolandıran Kamal kişinin 3 övladı vardı. Böyük oğlu Surac, ortancıl qızı 19 yaşlı Günel və kiçik qızı 16 yaşlı Günay. Ailədə kasıbçılıq olmasına baxmayaraq, mehribanlıq hökm sürürdü.

Kamal kişi heç vaxt uşaqlarına güldən artıq söz deməzdi. Hətta dərslərini pis oxuduğuna görə attestat ala bilməyən Suraca da heç bir söz deməmişdi. Suracı hərbi xidmətə yola salan valideynlər onun qayıtmasını səbirsizliklə gözləyirdilər. Surac əsgərlikdə olan vaxt Kamal böyük qızı Güneli baldızı oğlu Seymura nişanlayır. Bu, bütün qohumların ürəyincə olur.

Uşaqlıqdan təbiətcə sakit olan Suracın hərbi xidmətə gedəndən sonra xasiyyəti dəyişir. Evdə valideynlərinin sözündən çıxmayan Surac artıq onlara qarşı gəlməyə başlayır. Ata-anasına artıq cavablar qaytaran Surac içkiyə qurşanmağa başlayır. Hər gün evə içkili vəziyyətdə gəlir.

Evdə dava-dalaş salan Surac Günelin Seymura ərə verilməsinə qarşı çıxır. “Mənim icazəm olmadan qızı kimə ərə verirsiz? Nə qədər ki mən varam, bu evlilik baş tutmayacaq” deyən Surac atasına qarşı çıxır. Hətta iş o yerə gəlib çıxır ki, Surac anasına əl qaldırır. Bütün bunlara göz yuman Kamal kişi oğlunun cavan olmasını, hərbi xidmətdən yenicə qayıtdığını, əsəblərinin pis vəziyyətdə olduğunu nəzərə alıb, Suraca heç bir söz demir. Kamal kişi fikirləşir ki, bir müddətdən sonra bəlkə oğlunun hirsi soyuyar.

Lakin hər şey əksinə olur. Surac getdikcə daha da əsəbi olur. O, təkidlə bacısının evliliyinə qarşı çıxır. Surac atasına bildirir ki, bacısı ilə xalası oğlu evlənəcəyi təqdirdə, onların hər ikisini öldürəcək. Hətta Surac cibində bıçaq gəzdirməyə başlayır.

Kamal bu sözləri eşidəndən sonra özünə gələ bilmir. Oğlunu cilovlaya bilmədiyini görən Kamal kişi onunla ciddi söhbət eləmək qərarına gəlir. Ailəsini dostu gilə göndərən Kamal oğlunun tək qaldığı evə gəlir. İçəri girəndə Suracın çarpayıda uzanıb televizora baxdığını görür. Stolun üstündə araq şüşəsinin olduğunu görən Kamal kişi bundan bərk qəzəblənir. “Yenə zəhrimar içirsən?” deyən Kamal kişiyə oğlu söyüşlə cavab qaytarır. Kamal kişi Suraca bacısı Güneldən əl çəkməyi xahiş edir: “Nə işin var qızla, qoy ailə qursun. Bunun sənə nə ziyanı var?”

Bu zaman Surac yenə atasına pis söyüşlə cavab qaytarır. Kamal kişinin səbir kasası daşır. O, evin zirzəmisinə düşərək, babasından yadigar qalan qoşalülə tüfəngi və iki ədəd patron götürür.

100 ildən çox yaşı olan bu tüfəngin bir çaxmağı xarab idi. Tüfəngin işləyən çaxmaq tərəfindəki lüləyinə bir ədəd patron qoyaraq, Suracın olduğu otağa girir. Bu vaxt Surac çarpayıda uzanmış vəziyyətdə olur. Kamil kişi oğluna “sənə imkan verməyəcəm ki, Günelin ailə qurmasına mane olasan” deyib, tüfəngi ona tərəf tuşlayır. Lakin Surac buna heç əhəmiyyət də vermir. Tüfəng Kamil kişinin əlində əsməyə başlayır. Əslində əsən tüfəng deyildi. Əsən Kamil kişinin əlləri idi. Kamil kişi oğlunu gözlərinə baxa-baxa öldürə bilməyəcəyini hiss edir.

Ona görə də, oğluna “Yorğanı başına çək”deyir. Surac yorğanı başına çəkir. Kamil kişi Suraca daha da yaxınlaşıb, 20 santimetr məsafədən oğlunun düz, ürək nahiyəsindən atəş açır. Surac qana boyanır. Kamil kişi o qədər əsəbi olur ki, bir güllə ilə vurmaq onun hirsini soyutmur. Cibində qalan patronun birini də çıxarıb, tüfəngin lüləsinə qoyur. Yenidən həmin yerdən atəş açaraq yenə Suracı ürəyindən vurur. Silahı oğlunun cəsədi üzərinə atan Kamil kişi arvadına zəng edərək, Suracı öldürdüyünü söyləyir. Sonra o, polisə gedərək könüllü təslim olur.

Kamil kişinin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmənin hökmü ilə Kamil kişi 8 il müddətinə azadlıqdan məhrum edilib.

P.S İndi Nəcəfovlar ailəsində qadınları qoruyacaq kişi xeylağı qalmayıb. Biri o dünyada həbsdədi, biri də bu dünyada...

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar