Xan qızı Natəvanın “əzablı yolları”
07 aprel 2010 17:45 (UTC +04:00)

Xan qızı Natəvanın “əzablı yolları”

Sabunçu qəsəbəsinin sakinləri yol dərdi çəkir

Sabunçu rayonunun Sabunçu qəsəbəsinin Xurşudbanu Natəvan küçəsinin sakinləri Lent.az-a şikayət məktubu yazıb. Məktubda elə də böyük olmayan bu küçənin sonunda, yəni 15-20 ünvanında yaşayan insanların uzun illərdir 200 metrlik yolun problemini yaşadıqları bildiril. Belə ki, 15 ildir həmin ərazidə yaşayan insanlar, xüsusilə də küçənin sonunda, yəni 20 ünvanında kompakt halda məskunlaşan 100-dən çox məcburi köçkün ailəsi qışda palçıq, yayda isə toz-torpaq içində hər gün bu yolu keçməli olurlar və özlərini “xan qızı Natəvanın dövründə hiss etdiklərini” bildirirlər.

Sakinlər problemlərinə sübut kimi bu küçəyə gələn taksinin daha bura gəlmədiyini göstərir: “Taksilər buraya cəmi bir dəfə gəlirlər...”

Məktubda hələ ötən ilin əvvəlində əraziyə gələn əsas yolda asfaltlama işləri aparıldığı, lakin bu işlərin sona çatdırılmadığı vurğulanıb: “Təəccüblü olsa da, məhz qeyd etdiyimiz yerdə - 15-20 ünvanında, yəni küçənin sonuna qalan 200 metrlik bir məsafədə yarımçıq dayandırılıb və yaxın vaxtlarda qalan hissənin asfaltlanacağı bildirilib. Lakin həmin vaxtdan düz iki il keçməsinə baxmayaraq, problem həll edilmir. Bir neçə dəfə Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etsək də, hələ ki, məsələ heç kimi maraqlandırmır. Azərbaycan Prezidentinin məcburi köçkünlərin məişət və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı son illər verdiyi sərəncamların fonunda 100-dən çox məcburi köçkün ailəsinin yaşadığı bir ərazidə 200 metrlik bir yolun asfaltlanmasının problem olması təəccüb və təəssüf doğurur”.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Həsənov Lent.az-a açıqlamasında 2009-cu ildə Xurşudbanu Natəvan küçəsinə asfaltı bələdiyyənin çəkdiyini bildirib. Həmin vaxt yolun qalan hissəsinə isə asfalt çəkilməyib: “Ümumiyyətlə artıq bu işlər – yol məsələsi artıq üç ildir ki, “Azəryolsevrvis” ASC-yə tapşırılıb. İmkan daxilində rayon İcra Hakimiyyəti və bələdiyyənin də hesabına müəyyən yollar təmir olunur, asfalt çəkilir. Hazırda Sabunçu rayonunda təmirsiz vəziyyətdə olan başqa yollar da var. Ancaq dediyim kimi, bu məsələlərə “Azəryolsevrvis” ASC baxır”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar