Neft Akademiyasındakı faciədə terror maddəsi
30 mart 2010 11:00 (UTC +04:00)

Neft Akademiyasındakı faciədə terror maddəsi

ADNA-dakı qətliamla bağlı təqsirləndirilənlər həm də CM-nin terrorçuluq maddəsilə ittiham olunur


Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov tərəfindən insanların xüsusi amansızlıqla qəsdən öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işinin istintaqı başa çatıb.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilib ki, aparılmış istintaqla törətdikləri cinayət əməlləri təkzibedilməz dəlillərlə sübuta yetirilmiş Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar