Lənkəranda nənə 3 günlük nəvəsini yerə çırpıb öldürdü
29 yanvar 2010 19:15 (UTC +04:00)

Lənkəranda nənə 3 günlük nəvəsini yerə çırpıb öldürdü

Lənkəran rayonunun Siyavar kəndində üçgünlük uşaq nənəsi tərəfindən öldürülüb. Bu barədə Lent.az-a rayon prokurorluğunun müstəntiqi Vəli Mustafayev məlumat verib. Onun bildirdiyinə görə, hadisə barədə rayon prokurorluğuna telefonla bildirilib. Faktla bağlı araşdırma aparılan zaman müəyyən edilib ki, yanvarın 28-də 1959-cu il təvəllüdlü Münəvvər Süleyman qızı Rəsulova onunla bir evdə yaşayan qızı, 1984-cü il təvəllüdlü Xəyalə Vidadi qızı Rəsulovanın yeni doğulmuş (üç günlük) körpəsini öldürüb.

Dindirilmə zamanı M. Rəsulova qızı ilə aralarında yaranan mübahisə zəminində nəvəsini - yeni doğulmuş uşağı öldürmək məqsədilə yerə çırpdığını etiraf edib. Baş nahiyəsindən ciddi zədə alan uşaq ölüb.

Təqsirləndirilən şəxs uşağı öldürməsinə səbəb kimi körpənin X.Rəsulovanın bir müddət əvvəl boşandığı ərindən deyil, başqa kişidən olmasını göstərib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

P. Əli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar