Hərbi hissədəki qətliamda ölənləri adları açıqlandı
29 yanvar 2010 14:00 (UTC +04:00)

Hərbi hissədəki qətliamda ölənləri adları açıqlandı

Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində baş verən insident zamanı həlak olan və yaralanan hərbi qulluqçuların adları məlum olub. Bu barədə APA-ya hərbi mənbədən bildirilib.


Məlumatda bildirilir ki, yanvarın 28-də saat 18.00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissənin rayonun Qaraqollar kəndi ərazisində yerləşən divizionunda yüksək rütbəli hərbçilər iki əsgər tərəfindən öldürülüb.


Hadisəni əsgərlər - Bakının Yasamal və Nəsimi rayonlarından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elxan Əzizov və 1991-ci il təvəllüdlü Sadiq Məmmədov törədib. Onlar tabeliyində olan silahla polkovnik-leytenant Yusif Cumayev, kapitan Vasif Sadıqov, baş-leytenant Anar Quliyev və gizir Elgün Səmədovu qətlə yetiriblər.


Daha iki hərbçi – mayor Vaqif Babayev və müddətdən artıq xidmət keçən Samir Abbasov isə güllə yarası ilə hospitala yerləşdirilib. Hazırda onların vəziyyəti ağır qiymətləndirilir.


Əsgərlər zabitlərə atəş açdıqdan sonra bir-birlərini güllələyib.


Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliklə tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hazırda hadisə yerində araşdırma aparırlar. İstintaqa respublika hərbi prokurorunun müavini Şəfahət İmranov rəhbərlik edir.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidməti nazirliyin “N” saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verməsi barədə məlumat yayıb. Məlumata görə, yanvarın 28-də saat 18.00 radələrində “N” saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər özlərini güllələyərək öldürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005

Oxşar yazılar