Moskva ətrafında Sergievo-Posad rayonunun Zaqor Dali qəsəbəsində çoxmərtəbəli binada məişət qazından baş vermiş partlayış nəticəsində həlak olanların sayı 6-ya çatıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, dağıntı altından 6 cəsəd çıxarılıb. Mənbə bildirib ki, olay yerində Fövqəladə Hallar Nazirliyinin 241 xilasedicisi və 67 texnikası işləyir.
***
13:37
APA-nın məlumatına görə, məişət qazının partlaması nəticəsində 8-ci və 9-cu mərtəbələrdə dağıntı baş verib.
Bu gün səhər Moskvanın şimalındakı Serqievo-Posadski rayonunun Zaqorskie Dali qəsəbəsində doqquzmərtəbəli evdə partlayış olub.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, partlayışdan ən azı iki mənzil tam dağılıb. Partlayış yanğına səbəb olmayıb.
Qəza yerindən 15 nəfər evakuasiya edilib. Evakuasiya tədbirlərinə 32 xilasedici və 10 texnika cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin regional nümayəndəliyindən hadisə nəticəsində 4 nəfərin öldüyü, 3 nəfərin isə dağıntılar altında qalmasının ehtimal edildiyi açıqlanıb. Hadisə yerində uşaq da aşkar olunub. O, sağ salamatdır.
Hüquq-mühafizə orqanlarından partlayışda xəsarət almış daha 4 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.