İranda qadın 11 ərini öldürərək, miraslarını ələ keçirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ölkənin Mazandaran əyalətində baş verən hadisə eşidənləri şoka salıb. 56 yaşlı Gülsüm Əkbərinin 2000-ci ildən 2023-cü ilədək mehrlərini və miraslarını ələ keçirəndən sonra 11 ərini öldürdüyü üzə çıxıb.
Onun bu cinayətləri 2023-cü ildə sonuncu əri 82 yaşlı Əzizullah Babaini öldürməsindən sonra məlum olub. Mərhumun oğlu başqa bir tanışından eşidib ki, onun da atasını Gülsüm adlı qadın zəhərləyərək öldürüb. Bundan sonra Babainin oğlu polisə şikayət edib və nəhayət qadınla bağlı araşdırmalara başlanılıb.
Məhkəmə prosesində Gülsüm Əkbəri əvvəlcə ittihamları rədd etsə də, sonradan günahını boynuna alıb. 4 zərərçəkmiş şəxsin ailəsi onun edam olunmasını istəyib. Prokurorluq Gülsüm Əkbərinin 11 qəsdən adamöldürmə və 1 qəsdən adam öldürməyə cəhd maddələri ilə ittiham olunduğunu bildirib.
Araşdırmalarla məlum olub ki, qadın həmin varlı qurbanlarını öz qızının tanışları vasitəsilə tapıb. Onlarla mehr qarşılığında evlənərək, sonradan təzyiq, diabet və sakitləşdirici dərmanlar, həmçinin metil spirti vasitəsilə kişiləri zəhərləyib. Bunlar olmayanda isə Gülsüm Əkbəri ərlərini hətta yastıqla boğaraq öldürüb.
Qeyd olunur ki, cinayətlər Mazandaran əyalətinin Sari, Neka, Mahmudabad, Babol və Qaimşəhr şəhərlərində törədilib. Cinayətlər zamanı yalnız 2020-ci ildə qadın tərəfindən zəhərlənən Məsih Neməti sağ qalıb. Lakin o da polisə şikayət etməyib.
Bildirilib ki, məhkəmə 45-dən çox zərərçəkənin ifadəsini dinləyəcək, onların tələblərini nəzərə alacaq və yekun hökm oxunacaq.