Quran oxumağa görə 10 il həbs  - Çində uyğurlar repressiyaya necə məruz qalır?
25 may 2022 20:15 (UTC +04:00)

Quran oxumağa görə 10 il həbs - Çində uyğurlar repressiyaya necə məruz qalır?

Çinin Sincan əyalətinin polis idarəsinin kompüter serverindən minlərlə şəkil oğurlanıb. Həmin şəkillərdə gizli xüsusi həbsxanalarda saxlanılan insanların görüntüləri təsvir olunub. 

Lent.az BBC-yə istinadən xəbər verir ki, görüntülər və əldə edilən faktlar Çində uyğurlar və digər türk azlıqlarının ağır şəraitdə saxlanıldığını nümayiş etdirir.

Polisə məxsus sənədlərin yayılması BMT-nin insan haqları üzrə Ali Komissarı Mişel Baçaletin Sincana tanışlıq səfəri ilə eyni vaxta təsadüf etdi. Çin hökumətinin tənqidçilərinin fikrincə, komissarın səfər proqramı hakimiyyət orqanları tərəfindən ciddi nəzarətə alınacaq.

Yayılmış sənədlər rəsmi Pekinin Sincan bölgəsində yaşayan uyğurlarla bağlı “tərbiyə düşərgələri” və adi həbsxanaları kütləvi şəkildə istifadə etdiyini ortaya qoyur. Çin rəsmiləri 2017-ci ildən bölgədə inşa edilən “tərbiyə düşərgələri”ni adi məktəb kimi təqdim etsələr də, yayılan fotolar, həmin “məktəb”lərin daxili qaydaları və mühafizə sistemi bunun heç də belə olmadığını ortaya çıxarır. Pekin nümayəndələri rəsmi səviyyədə həmin düşərgələrin könüllülük prinsipi əsasında fəaliyyət göstərdiyini, ekstremizmə qarşı hazırlıq kursları keçirilən məktəblər olduğunda təkid edir.

Uyğurların terrorizm ittihamı ilə kütləvi həbsləri həmin həbsxana və düşərgələrin kontingentlə təmin olunmasında əsas rol oynayır. Üzə çıxan sənədlər həmin yerlərdə polis özbaşınalığının və qanunsuzluqların olduğunu sübut edir.

Eyni zamanda, uyğur xalqına, dilinə, mədəniyyətinə yaxud inancına mənsubluğun nümayişi ən sərt repressiyalarla qarşılanır.

Əldə edilən fayllarda 2018-ci ilin yanvarından iyuluna qədər polis tərəfindən saxlanılmış 5 mindən çox uyğurun fotoları var. Onlardan ən azı 2 884 nəfər həbs olunub.

Saxlanılanların çoxu İslam dininə mənsub olduğunu nümayiş etdirməsi yaxud müsəlmanların çoxluq təşkil etdiyi ölkələrə səfərlər etməsinə görə saxlanılıb.

Onlar iradəsinə zidd olaraq, “tərbiyə düşərgələrin”nə göndərilir.  

Şəkillərdən birində 60 yaşlı Tacigül Tahir təsvir olunub. Polis sənədlərində onun oğlunu qatı dindar olduğu, nə içki içdiyi, nə də siqaret çəkdiyi yazılıb. Nəticədə həmin uyğun gənci terrorizm ittihamı ilə 10 illik həbsə göndərilib.

Tacigül Tahir isə minlərlə digər soydaşı kimi “saxlanılan şəxsin qohumu” siyahısında qeydiyyata alınıb.

Şəkillərdə ən gənc şəxs 15 yaşlı Rahilə Ömər, ən yaşlı şəxsin isə 73 yaşlı Anihan Hamit olduğu təsbit edilib.

Şəkillər və sənədlər anonim haker tərəfindən Sincanda polis idarəsindəki bir neçə serverdən ələ keçirilib və ABŞ-ın Kommunizmin Qurbanları Memorial Fondunun elmi işçisi, doktor Adrian Zentsə göndərilib.

Zents Sincanda baş verənlərlə bağlı araşdırmalarına görə, Çin hökumətinin sanksiyaları altındadır.

Hakerdən ələ etdiyi faylları BBC-yə təqdim edən Zents 2018-ci ildən sonra Sincanda “tərbiyə düşərgə”ləri və həbsxanalarla bağlı ətraflı informasiyasının olmadığını dilə gətirib. O bunu 2019-cu ildən başlayaraq Çində şifrələnmə standartlarının çətinləşdirilməsi ilə əlaqələndirir.

Daxili polis protokolları “tərbiyələndirmə düşərgə”lərinin bütün hissələrində silahlı mühafizənin olmasını, mühafizə qüvvələrində pulemyot və snayper yuvalarının mövcudluğunu, qaçmaq istəyən şəxslərin yerində güllələnməsini və s. nəzərdə tutur.

Düşərgə daxilində bir hissədən digərinə keçid zamanı yaxud xəstəxanaya aparılanda məhbusların gözləri bağlanmalı, əlləri isə qandallanmalıdır.

Sincanda illərlə baş qaldıran azadlıq mübarizəsi Çin hakimiyyətinin burada yaşayan uyğur türklərinə qarşı münasibətini get-gedə sərtləşdirirdi.

2013 və 2014-cü illərdə paytaxt Pekində və ölkənin cənubundakı Kunmin şəhərində piyadaların üstünə avtomobillə hücumlar yanaşmanı tam şəkildə dəyişdi. Çin hökuməti həmin hadisələrdə uyğur separatçılarını ittiham etdi.

Həmin vaxtdan başlayaraq Çin uyğun probleminin kökünü sırt uyğun mədəniyyətində görməyə başladı və Sincan vilayətində onlarla “tərbiyə düşərgə”ləri tikməyə başladı.

Bura məhkəmə qərarı olmadan belə istənilən uyğun cəlb edilə bilərdi.

Paralel olaraq, həbsxana şəbəkəsi də genişləndirilir.

Hökumət həbsxanalarda yatmış 250 mindən çox uyğurun adı, soyadı, ünvanı, identifikasiya nömrəsi və s. ibarət xüsusi elektron baza da yaradıb.

Sənədlərdə Çinin iri şəhərlərindən şərqə, Sincana göndərilən məmurların uyğurlara qarşı özbaşınalığı, minlərlə insanı həbs etməsi əks olunub. Bu işdə onlara izləmə sistemi və ayrı-ayrı şəxslərə qarşı toplanan dosyelər də yardım olub.

İnsanların illər, on illər əvvəl etdiyi xırda pozuntulara görə, uzun müddətli həbslərə məhkum edilmələri barədə faktlar var.

Məsələn, uyğurlardan biri 2010-cu ildə bir neçə gün nənəsi ilə birlikdə Quran kitabını oxuduğu üçün 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Yüzlərlə insan mobil telefonlarında dini motivli mətnləri, moizələri dinlədiyi üçün həbs edilib. Telefonunda uzun müddət sıfır balans olan şəxslər isə rəqəmsal izləmədən yayınmaq istəyində ittiham olunaraq 10 ilə qədər həbs cəzasına məhkum edilir.

Çoxsaylı sənədlər Sincan vilayətində yaşayan uyğurların sərt nəzarət altında olduğunu, azadlıqda olan uyğurların belə kiçikdən böyüyə qədər polis şöbələrinə çağırılaraq onların fotolarının çəkildiyi təsdiqlənir.

Bu şəkillərdən Çin hökuməti hazırladığı üz tanıma proqramı üçün gələcəkdə istifadə etməyi də planlaşdırır.

Sənədlərə əsasən, Sincan vilayətinin cənubunda yerləşən və uyğurların Konaşəhər, çinlilərin isə Şufu dedikləri dairədə 2017-2018-ci illərdə 22 762 şəxsin “tərbiyə düşərgəsi” yaxud həbsxanaya yerləşdirildiyini müəyyən edib. Bu isə həmin dairədə yaşayan əhalinin 12%-dən çoxunu təşkil edir.

Ümumilikdə, Sincan əyalətində 1,2 milyondan çox uyğur və digər türk mənşəli xaqların nümayəndələrinin həbsdə olduğu müəyyən edilib.

Məxfi sənədlərdən birində Çinin ictimai asayiş naziri Çjao Kejinin 2018-ci ilin iyununda Sincana səfəri zamanı təkcə əyalətin cənubunda 2 milyon insanın ekstremist düşüncələr içində olduğunu söyləmişdi.

O, daha çox şəxsi nəzarətdə saxlamaq üçün yeni həbsxanaların inşasını təqdim etmişdi.

Sincandakı Kommunist Partiyasının katibi Çen Tsyuanqo isə hərbçi və polis zabitləri önündə məxfi çıxışı zamanı uyğurların sistematik təqiblərinin davam etdiriləcəyini açıq söyləmişdi.

“Bəziləri üçün 5 illik tərbiyələndirmə kifayət etmir. Onları azad edən kimi problem yenidən başlayır. Bu Sincanın reallığıdır”, - deyə Tsyuanqo açıqlama verib.

# 3204
avatar

Vüqar İsmayılov

Oxşar yazılar