Altı dəfə ölüb-dirilən sərkərdə
12 iyun 2009 11:30 (UTC +04:00)

Altı dəfə ölüb-dirilən sərkərdə

Doku Umarov kimdir – Qafqazın əmiri, peşəkar döyüşçü, vəhhabi, azadlıq mücahidi?...

Düz 10 ildir həyatını Qafqaz dağlarında, çöllərdə keçirən “İçkeriya Respublikası”nın prezidenti, 45 yaşlı Doku Umarov (Əbu Osman) 2004-ci ildən bu yana düz 6 dəfə “öldürülüb və dirilib”. Sonuncu dəfə 3 gün əvvəl D.Umarovun öldürüldüyünü elan edən Rusiya hüquq-mühafizə orqanları az sonra, yenə əvvəlki kimi, onun ölmədiyini, lakin ağır yaralı olduğunu bəyan ediblər. Yəni bu dəfə də Qafqaz dağlarının “məcnunu” sayılan D.Umarov əvvəlki formada “ölüb”, az sonra dirilərək dağlara çəkildi.

Aslan Məshədovun ölümündən sonra prezident seçilən Doku Umarov 2007-ci ildə özünü həm də Qafqaz müsəlmanlarının lideri elan etməklə Şimali Qafqazda ruslara qarşı əməliyyatların yeni mərhələsini başlatdı. Çeçen müqavimət hərəkatının zəiflədiyi dövrdə hərəkətə keçən Umarova Aslan Məshədovun dövründəki müqaviməti təşkil etmək çətin oldu. Onun ətrafında Basayev, Gelayev, Barayev, Həmzət kimi səhra komandirləri yox idi. Digər tərəfdən, Umarov maraqlı radikal-dini təşkilatların maliyyəsi ilə Qafqaz dağlarına “atılan” çeçen, inquş, balkar, habelə avar, ləzgi, azərbaycanlı, türk, ərəb və digər millətlərdən olan “mücahidlərin” fəaliyyətini tam şəkildə koordinasiya edə bilmədi.

Dağlarda döyüş

Birinci çeçen müharibəsində “Borz” adlı xüsusi təyinatlı batalyona başçılıq edən, briqada generalı Doku Umarov 1964-cü ildə Çeçenistanın Şatoy rayonunun Xarsenoy kəndində anadan olub. Tanınmış çeçen səhra komandiri Arbi Barayev və Çeçenistanın sabiq xarici işlər naziri İlyas Əhmədov ilə eyni tayfadan olan D.Umarov Qroznı Neft İnstitutunun inşaat fakültəsini bitirib və ixtisasca memardır.

1994-cü ildə, birinci Rus-Çeçen savaşı başlayanda Moskvada təhsilini yarımçıq qoyaraq Çeçenistana qayıdan Doku çeçen gəncləri ətrafına toplayib, rus hərbi birləşmələrinə basqınlar təşkil edir. Öncə Ruslan Gelayevin komandanlığı altında döyüşən D.Umarov 1996-cı ildə aralarında yaranmış ixtilafa görə Gelayevdən ayrılır. Əhməd Zakayevin komandası altında olan “Borz” (Canavar) adlı xüsusi təyinatlı tabora başçılıq edir. Sonradan bu taborun strukturu genişləndiyindən Umarov briqada generalı rütbəsi ilə təltif edilir.

1997-ci ilin yanvar ayında Aslan Məshədovun əmri ilə Çeçen Təhlükəsizlik Şurasına sədr təyin edilən Umarovun adı 1999-cu ildə Rus ordusunun generalı Gennadi Şpiqunun oğurlanmasında hallandı.

1999-cu ildə ikinci Rus-Çeçen müharibəsi başladığı ərəfədə Umarov Ruslan Gelayevlə münasibətləri normallaşdırmağa nail olur. Lakin 2000-ci ildə Komsomolskoye rayonunda döyüşdə sifətindən ağır yaralanır. Bir müddət Gürcüstanda müalicə alan Umarov 2002-ci ilin yayında təkrar Çeçenistana qayıdır və 130-150 silahlı ilə Pankisi dərəsini nəzarətə götürür. Az keçmiş Gürcüstanla sərhəddə cənub-qərb cəbhəsinin komandanı olaraq İsa Munayevi əvəz edir.

Umarovun komandanlıq etdiyi silahlı dəstələr 2003-cü ildə Vedenoda, Şatoy ətrafında ağır döyüşlər apararaq, rus ordu karvanlarına böyük zərər vurur. Rusiya mətbuatının yaydığı məlumatlara görə, Umarovun silahlıları dəfələrlə Stavropolda və Kislovodskda elektrik şəbəkələrini sıradan çıxarıb, Federal Təhlükəsizlik Xidmətinin İnquşetiyadakı qərargahını bombardman edib.

2004-cü ildə Ruslan Gelayevin ölümündən sonra onun silahlılarının əksəriyyəti Umarovun komandasına qoşulur.

Umarovun öldürülməsi ilə bağlı ilk səs-küylü xəbər 2005-ci ildə yayılılır. 2005-ci ilin yanvar ayında Rusiya xüsusi təyinatlı qüvvələri (Spesnaz) Doku Umarovun döyüşdə yaralandığını və bir müddət sonra öldüyünü bəyan etdi. Hətta Rusiya xüsusi xidmət orqanları Kabarda-Balkarda “Umarovun qəbrini” aşkarladıqlarını da açıqladı.

2005-ci ilin may ayında “Spesnaz” növbəti dəfə Umarovun özünün də daxil olduğu kiçik partizan dəstəsini məhv etdiyini açıqladı. Əvvəlcə Umarovun da öldürüldüyünü bəyan edən hərbçilər az sonra onun minaya düşdüyünü, partlayış zamanı ayağını itirdiyini dedilər. Amma mücahidlərə yaxın internet saytları Umarovun mina partlayışından yüngül yaralandığını yazdılar.

2006-cı ilin may ayında Roşni-Çu yaşayış məntəqəsində milis postuna hücum təşkil edən Umarovun dəstəsi ruslara xeyli zərər vurur. Amma bu zaman çeçen milisi Assinovskaya kəndinin mərkəzində Umarovun qərargah bunkerini aşkar edir. Rusların planından xəbər tutan Umarov bu dəfə də aradan çıxmağa nail olur.

17 iyun 2006-cı ildə İçkeriya şeyxi Əbdül Halimin qətlə yetirilməsinin ardınca Çeçenistanın ali dini lideri postuna çəkilən Umarov eyni zamanda Çeçen Müdafiə Şurasının sədri postunu əlində saxlayır. Bütün bunlarla yanaşı, D.Umarov Qafqaz Məclis Şurasının əmiri, Çeçen-İçkeriya Silahlı Qüvvələrinin Ali Komandanı və nəhayət, Qafqaz mücahidlərinin əmiri olur.

2006-cı il iyunun 27-də Umarov Şamil Basayevi özünə müavin təyin edir. Bu təyinatla o, Rusiyanı siyasi danışıqlara məcbur etmək istəyirdi. Umarov göstərmək istəyirdi ki, o, öldürüləcəyi təqdirdə radikal Basayev hakimiyyətə gələcək – bu, Rusiyanın maraqlarına tamamilə zidd idi. Amma az keçmiş Basayev öldürülür. Onun yerinə bu vəzifəyə 2007-ci ilin oktyabr ayında Sufyan Abdullayev təyin edilir.

2006-cı ilin noyabr ayında Umarov Axçoy Martan kəndi yaxınlığında döyüşdə təkrar yaralansa da mühasirədən çıxmağa nail olur. Qış aylarını Rusiya hakimiyyət orqanları ilə mübarizə aparan yerli camaatlarla görüşmək və Qafqaz cəbhəsini birləşdirmək üçün Kabardin-Balkar ərazilərində keçirir. Çeçenistanda isə bu zaman əməliyyatları keçmiş prezident Əbdül Halim Sadulayev aparır. Yazda təkrar Çeçenistana dönən Umarovun başçılıq etdiyi silahlılar 2007-ci ilin aprel ayında Şatoy kəndi üzərində rusların nəqliyyat vertolyotunu vurur.

Dağlarda əməliyyatları davam etdirən Umarov 31 oktyabr 2007-ci ildə Qafqaz Əmirliyinin yaradılmasını və özünün əmir təyin olunmasını elan edir. Yığıncaq əmirliyi qurmaq üçün bütün işləri Londonda yaşayan Əhməd Zakayevə həvalə edir və Zakayev xarici işlər naziri təyin edilir. Səhra komandiri Mənsur Evmirzayevdən başqa bütün çeçen komandirləri Doku Umarova tərəfdar çıxır.

2009-cu il mayın 9-da təkrar öldürülən Umarov az sonra yenə dirilib, silahlı mübarizəni davam etdirir. Umarovun ölümü barədə məlumatdan bir gün sonra Çeçenistan prezidenti Ramzan Kadırov televiziya ilə çıxışında başqa bir xəbər söyləyir: Umarovun 4 cangüdənin öldürülüb. Özü isə ağır yaralanıb.

Müharibə və uğrunda savaşdığı ideyalar Umarovun ailəsinə də böyük zərbələr vurub. İki qardaşı döyüşlərdə həlak olub, ailəsinin bir neçə üzvü naməlum şəkildə itkin düşüb. Belə ki, 2005-ci il mayın 5-də bir qrup maskalı silahlı Umarovun həyat yoldaşını, oğlunu və 74 yaşlı atası Hamadı oğurlayıb. Bəzi məlumatlara görə, işgəncələrə məruz qalan Umarovun həyat yoldaşı və oğlu sonradan azad edilib. Atası və kiçik qardaşının sonrakı taleyi ilə bağlı hələ ki heç bir məlumat yoxdur. Umarov özü isə yaşlı atasının 2005-ci ilin avqust ayında öldürüldüyünü deyib.

“Qafqaz əmiri” vəhhabidirmi?

“Mənə vəhhabi, ya da radikal müsəlman demələri çox komik gəlir”. Bunu bir neçə il əvvəl “Azadlıq” radiosuna müsahibəsində D.Umarov bildirib.

Vəhabi təriqətinə mənsubluğunu müsahibələrində rəsmən təkzib edən D.Umarov çeçen səhra komandirləri arasında bəzi hərəkətlərinə və bəyanatlarına görə, “loyal” da adlandırılıb.

Mətbuatın D.Umarov ziddiyyətli fiqur kimi təqdim etməsinin də əsası var. Ruslara qarşı müxtəlif basqınlar düzənləyən, açıq döyüşlərlə yanaşı pusqulardan geniş istifadə edən Umarov “hədəflərinin günahsız insanlar olmadığı”nı deyir. Çeçen silahlılarının Əl-Qaidə və digər beynəlxalq cihad təşkilatları ilə əlaqələrini inkar edən Umarov prioritetlərinin “azadlıq və Çeçenistanın müstəqilliyi” olduğunu bəyan edib. 2007-ci ildə Qafqaz Əmirliyini elan edəndə də Umarov bəyanatında “Əfqanıstanda, İraqda, Somalidə və Fələstində döyüşən qardaşlarlar ilə həmrəy olduqdarını” ifadə edib.

Türkiyənin “Vakit” qəzetinə bu ilin əvvəllərində verdiyi müsahibəsində D.Umarov çeçenlərin rus xalqına qarşı döyüşmədiklərini bir daha bəyan edib: “Biz Rus xalqına qarşı döyüşmürük. Rus xalqına qarşı kin və nifrətimiz də yoxdur. Rus xalqı yalnız öz mənfəətlərini düşünən bir qrup insanın əlində əsir olmuş vəziyyətdədir. Qafqazdakı mücahidlər, yalnız torpaqlarımızı işğal edən və xalqımıza hücum edən kəslərlə döyüşürlər”.

Terrorizmə qarşı çıxdıqlarını deyən Umarov terrorçuluğun beynəlxalq hüquqa və şəriətə zidd olduğunu söyləyib. 2005-ci ilin iyunda Andrey Babitski ilə müsahibəsində Umarov Beslan basqınını sifariş verməkdə ittiham olunan Şamil Basayevi tənqid etmişdi.

Umarov ümumilikdə Rusiyaya qalib gəlmək üçün digər regionlarda da konfliktlər başlatmaq ideyasını irəli sürürdü.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2120

Oxşar yazılar