Dünyada 300 min uşaq döyüşür
01 iyun 2009 19:50 (UTC +04:00)

Dünyada 300 min uşaq döyüşür

Bu gün dünyanın müxtəlif qaynar nöqtələrində 300 mindən artıq uşaq bilavasitə əsgər kimi hərbi əməliyyatlara cəlb olunub. Beynəlxalq təşkilatların daha çox kağız üzərində işlər gördüyü bir zamanda uşaq əsgərlərin sayı ilbəil artır. Lent.az-ın bildirdiyinə görə, bu barədə Uşaq Əsgərlərin İstifadəsinin Dayandırılması üzrə Beynəlxalq Koalisiyanın hesabatında qeyd olunub.

Hazırda uşaq əsgərlərdən daha çox Afrika və Asiya qitələrində istifadə olunur. Syerra-Leone, Liberiya, Konqo, Sudan, Çad, Somali, Şri-Lanka, Əfqanıstan və Myanma (Birma) bu sahədə “qabaqcıl ölkələr” sayılırlar.

Ən acınacaqlı vəziyyət isə Syerra-Leonedədir. Vətəndaş müharibəsinin getdiyi bu ölkədə uşaq əsgərlərdən həm qiyamçılar, həm də hökumət qüvvələri istifadə edirlər. Qiyamçılar kəndlərdən qaçırdıqları uşaqları öz sıralarına alır, onları silahlandırır, qida və sığınacaqla təmin edərək hökumət qüvvələri ilə döyüşlərdə əsgər kimi istifadə edirlər. Uşaq əsgərlər 2 və ya 3 ay təlimlərdən sonra silahlandırılaraq “ordu sıralarına” qəbul olunur.

Əsgər uşaqların özlərinin verdikləri ifadələrə görə, onlardan istifadə edən qüvvələr qaydalara tabe olmayacaqları təqdirjdə uşaqları ölümlə hədələyir. Tez-tez onlar işgəncələrə məruz qalır, qaçmaq üçün cəhd edənlər isə şikəst edilirlər. Yaralı və ya taqətsiz uşaq əsgərlər isə yerindəcə güllələnir.

Syerra-Leonedə olan jurnalistlərin məlumatına görə, azyaşlı uşaqlar əldə silah ön postlarda yerləşdirilir. Bəzən onları aqressivləşdirmək məqsədi ilə müxtəlif dərmanlar və narkotik verilir.

Myanmada hərbi xunta uşaq əsgərlərdən nəinki döyüşlərdə, hətta inşaat layihələri, ordunun təchizatı və s. istifadə edir. Myanma Silahlı Qüvvələrində hazırda minlərlə uşaq əsgərin xidmət etdiyi güman olunur.

Aparılan araşdırmalar göstərir ki, uşaq əsgərlərdə ağır yük daşımaqdan daha çox onurğa və dəri xəstəlikləri, tənəffüs infeksiyaları, cinsi xəstəliklərə daha çox rast gəlinir.

“Bəzi hökumətlərin uşaqların hərbi xidmətə cəlbi ilə bağlı təqdim etdikləri hesabatlarda qeyri-müəyyənliklər mövcuddur. Getdikcə yaşı 18-dən az olan uşaqların daha çox kamikadzelik də daxil olmaqla terror aktlarına cəlbi artır. Bəzi ölkələrdə hökumət Silahlı Qüvvələri döyüşdə və ya cəbhə xəttində digər işlərdə uşaqlardan istifadə etməyə davam edir”, - deyə Koalisiyanın məlumatında bildirilir.

Koalisiyanın məlumatında uşaqların həmçinin Mərkəzi Afrika Respublikası, Konqo, Hindistan, Filippinin, Kolumbiya və Fələstində də istifadə olunduğu qeyd edilir. Kolumbiyada uşaqlar casus, Fələstində HƏMAS, Əfqanıstanda Taliban tərəfindən kamikaze kimi əməliyyatlara cəlb olunurlar.

Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin (DCAF) açıqladığı məlumata görə, uşaq əsgərlər digər hərbçilərdən fərqli olaraq az ödəmə müqabilində işlədilir. Onlar döyüşlərdə asanlıqla istifadə edilə bilir və adətən liderlərə heç bir təhlükə yaratmırlar. Digər tərəfdən də uşaq əsgərlər düşmən qüvvələrə mənəvi təsir göstərmək üçün istifadə olunurlar.

Maraqlıdır ki, Uşaq Əsgərlərin İstifadəsinin Dayandırılması üzrə Beynəlxalq Koalisiyanın hesabatında Azərbaycanla bağlı məqamlar da yer alıb. Hesabatda qeyd olunur ki, Azərbaycanda hərbi liseylərə yaşı 18-dən az olan vətəndaşlar könüllülük əsasında qəbul edilir. Orta məktəblərdə uşaqlar milli tədris planının hissəsi kimi birləşdirilən hərbi dərslər keçirlər. Hazırda Azərbaycanda 18-yaşdan aşağı vətəndaşları qəbul edən 2 hərbi məktəb – Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Naxçıvanda Heydər Əlyiev adına Hərbi Lisey fəaliyyət göstərir. Bu məktəblərə daxil olmaq üçün yaş senzi 16-dır.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356

Oxşar yazılar