Laylası qanla çalınan 33 illik əfsanənin sonu
20 may 2009 10:00 (UTC +04:00)

Laylası qanla çalınan 33 illik əfsanənin sonu

Dilinin altında zəhər gəzdirən “pələnglər”in imperiyası çökdü...
“Uşaqlar məktəbli geyimlərini satıb, hərbi mundir və zəhər ampulası alır, “pələnglər”ə qoşulub cəngəlliklərə çəkilirlər...”
Laylası qanlı terrorla çalınan tamillər və bundan sonra rahat nəfəs alacağını düşünən Şri-Lankanın rəhbərliyi üçün bunların heç birinin faydası yoxdur ki, bu xoşagəlməz əfsanə necə başlamışdı, bu savaşın kökündə həqiqətənmi nəsə vazkeçilməz ərdəmlik dururdu, yoxsa bunlara qıpıqgöz çinlilər kimi kərtənkələlər əlaltdan zəhər verirdilər. Zarafat deyil, 18 yaşlı Velupillay Prabhakaran bir dəstə cavanı başına toplayıb Seylon cəngəlliklərindən “Tamil İlamın azadlıq pələngləri” adıyla meydana atıldığı 1976-cı ildən nə az-nə çox düz bir qərinə - 33 il vaxt ötüb. Əslində, bu, məğrur tamillərin əsəb damarlarının ilk gərilməsi deyildi, həmin vaxtadək az-çox “işlər” qaynatmışdılar. Buna görə də, 76-nın o məşum günündə Şri-Lankanın şimalındakı tropik meşələrdən boylanan fədailər dəstəsinin bu qədər uzağa gedəcəyini kimsə düşünmürdü... Ancaq bu dünyada elə xalqlar var ki, (bilmirəm, bizdən uzaq olsun deyim, yoxsa deməyim) onlar üçün ölümün gözünün içinə dik baxmaq adi həyat tərzi, özünün, yaxud, fərq etməz, düşməninin həyatı ilə oynamaq isə xüsusi nəşəverici bir məzələnmədir, təki ortada nahaq, ya da haqq olan bir ideya olsun. Tamillər üçün bu ideya vardı. Bir az əvvəldən başlayaq…
Onda İsa təzə ölmüşdü…
“Başlayaq” deyəndə də, Amerika kəşf eləməyə əşəddül-ehtiyac yoxdur, hər şey göz qabağındadır. Qoca Şərqin bu gözəl məkanında insanlar qırılanda, nazirlər, prezidentlər güllələnəndə cavan Avropa alim soyuqqanlılığı ilə konfliktin kökünü qazımaqla məşğul idi. İndi dünyanın iri-iri institutları, terrora ayrıca bir olay kimi yanaşıb bu qan gölündə elmi tərəflər axtaran mərkəzlər inanırlar ki, münaqişənin kökü gedib eramızın birinci əsrinə çıxır. O zamanlar əhalisi əksərən buddist olan sinqalların yaşadıqları adaya Cənubi Hindistandan dini indus olan tamillər gəlməyə başlayırlar. Ərazidə tədricən sinqal və tamil icmaları, ardından sinqal və tamil knyazlıqları formalaşmağa başlasa da, birincilər həmişə çoxluqda qalırlar. 16-cı əsrdə buralara portuqallar, 17-ci əsrdə hollandlar, 18-ci əsrin sonlarında isə ingilislər sahibləndilər. İngilislər bərəkətli Seylon torpaqlarında iri kofe və çay plantasiyaları saldıqlarından, Hindistandan ucuz işçi qüvvəsi kimi yeni tamil ailələrinin adaya köçürülməsinə başlandı. Seylonda bu işlək və fanat xalqın sayı xeyli artdı. Və hər şey İkinci Dünya Müharibəsindən sonra Böyük Britaniyanın tərkibində müstəqil dominantlıq əldə eləyən Seylondakı dövlət elementlərindən – hakimiyyətin pay-püşündən və dövlət dilindən başladı. Sinqal dili dövlət dili oldu, hakimiyyət mənsubları açıq-aşkar buddizm mədəniyyətini himayə etdilər. Adadakı tamillərin müdafiəsinə Hindistandakı tamil qohum-qardaşları da qoşuldular. Sinqallar həyəcan siqnalına tez reaksiya vermək istədilər və yüzlərlə tamil ailəsi adadan Hindistana köçürüldü. İlk təşkilat - Tamillərin Birləşmiş Azadlıq Cəbhəsi (TBAC) yarandı. Hələlik qansız-qadasız…
İlk qan həmişə “şirin” olur
Bilmirəm, siyasət elmi buna qiymət verib, ya yox, ancaq fikir vermişəm, harada ingilis, ya da rus barmağı olur, üstündən neçə il keçir-keçsin, o yerlərdən qan-qada yığışmır. Hindistan, Pakistan, Əfqanıstan, son illərdə İraq, sadalaya bilmədiyim neçə-neçə məkanlar və 1972-ci ildə müstəqillik əldə eləyərək dönüb Şri-Lanka olan Seylon. Elə ki, ingilislər bu Asiya ölkəsinə müstəqillik verdilər, köçlərini çəkər-çəkməz qan su yerinə axmağa başladı, sinqallarla tamillərin düşmənçiliyi kəllə-çarxa çıxıb, qanlı terrora döndü. TBAC-nin süstlüyündən narazı qalan bir dəstə cavan Cəbhədən çıxaraq yeni bir təşkilat – “Tamil İlamın azadlığı pələngləri”ni yaratdılar. Onların liderləri sonralar “o zamanlar mən siyasətçilərin, iqtisadçıların əsərlərini deyil, Napoleonun, Makedoniyalı İsgəndərin həyat hekayətlərini oxuyurdum” deyə etiraf eləyən Velupillay Prabhakaranın “pələngləri” heç kimin gözləmədiyi halda təkcə Şri-Lankanı deyil, bütün Asiyanı lərzəyə gətirdi. İlk qığılcım isə “tamil pələngləri”nin 1983-cü ildə sinqal hərbçilərinin yük maşınlarına hücumundan və onlarla əsgər öldürmələrindən sonraya təsadüf etdi. Terrordan sonra hakimiyyət mənsublarının himayəsi ilə tamil məhəllələrinə hücumlar təşkil edildi. Artıq müharibə başlamışdı… Və sona çatdığı elan olunan 2009-cu il may ayının 17-nə qədər bu qanlı müharibənin savaş tərəfi yox, terror üzünün quruca statistikası 33 il davam eləyən “pələng terroru”nun təkcə Şri-Lanka üçün deyil, həm də qonşu dövlətlər, bütün Asiya üçün nə demək olduğunu bariz göstərir:
1985-ci ilin mayı – Buddistlərin məbədində “pələnglər” 146 sinqal öldürüblər;
1987-ci ilin 21 apreli – Şri-Lankanın paytaxtı Kolomboda 100 nəfərdən çox insanın ölümü ilə sonuclanan partlayış;
1996-cı il 18 iyul – “Pələnglər” Mullaitiv şəhərindəki hərbi düşərgəni tuturlar və 1200 əsgər öldürürlər;
1996-cı il 24 iyul – Şəhərkənarı qatar partladılır və 70 adam ölür, 600-dən çox sərnişin yaralanır…
Təbii ki, fəaliyyətdə olduğu müddətdə “Tamil pələngləri”nin qısadan-qısa, tam olmayan belə bir terror siyahısı ilə bu təşkilat üzvlərini döyüşdən-döyüşə, qandan-qana aparan ideyanın, fikrin izinə düşmək olduqca müşkül məsələdir. Axı, dünyada bəlkə də yeganə terror təşkilatlarından idi ki, onun qurbanları siyahısında iri bir ölkənin – Hindistanın baş naziri Raciv Qandinin, müharibə apardıqları dövlətin – Şri-Lankanın prezidenti Ranasinq Premadasın, yenə Şri-Lankanın Hərbi Dəniz Qüvvələrinin komandanı Klansi Fernandonun, 4 prezidentliyə, 6 baş nazirliyə namizədin, sadalanmaqla siyahısı xeyli uzanacaq iri çinli siyasi və hərbi xadimlərin adları var. Bu təşkilat yenə dünyada yeganə terror təşkilatlarından idi ki, əlində təkcə quru qoşunları ilə döyüşmək üçün fədailər dəstəsi yox, dəfələrlə Şri-Lanka və Hindistan donanmasını ağır və biabırçı məğlubiyyətə uğradan “qara pələnglər” adlanan dəniz donanması, kiçik ölçülü sualtı qayıqları, cəld manevrli təyyarələrdən ibarət aviasiyası vardı. Görəsən, ABŞ başda olmaqla dünyanın bir sıra dövlətləri, Avropa Şurası başda olmaqla da xeyli beynəlxalq təşkilatlar tərəfindən terrorçu təşkilat elan edilən “Tamil pələngləri” nəyin və kimin hesabına bu qədər güclənmiş, bölgədə siyasi qüvvəyə çevrilmişdi?
“Siqaretə və içkiyə yox!”
Dünyada mövcud olmuş və indi də mövcud olan terror təşkilatlarının əsas xüsusiyyətlərindən biri, bəlkə də birincisi qurumun xarizmatik liderə, hərb işini bilən komandosa, dünyanın siyasi gərdişindən baş çıxaran ağıllı liderə malik olmalarıdır. Qanlı “uğurlar”a imza atmış “Tamil İlamın azadlığı pələngləri” də istisna deyil. Bu təşkilatın həm qurucusu, həm də son günlərinədək şəksiz və yeganə lideri Velupillay Prabhakaran oldu. Gün o gün idi ki, ilk terrorunu düzənləyəndən sonra Şri-Lanka hökuməti bu “qotur hindu”nu aradan götürmək üçün tədbirlər görürdü, ancaq bu “qotur hindu” çalmasını günə yandırmayıb, daxildə və xaricdəki havadarları, Şri-Lankaya azacıq çəp gözlə baxanların hamısı ilə danışıqlara girirdi, silah, narkotik alveri ilə fədailərini müasir silahlarla, raketlərlə silahlandırır, təşkilatda polad nizam-intizam yaradırdı. Özünə “Karikalan” hərbi ləqəbini götürən Prabhakaran həm də xarizmatik liderə məxsus keyfiyyətlərə, natiqlik qabiliyyətinə, siyasi uzaqgörənliyə, tamillərin müqəddəs saydıqları pələng kimi əsl vəhşi reflekslərə malik idi. Məhz həmin keyfiyyətlər onun bu qanlı müharibədə sağ qalmasına, fiziki məhvi üçün düzənlənən bütün sui-qəsdlərdən və əməliyyatlardan qurtulmasına gətirib çıxarırdı. Qurduğu təşkilat dünyada analoqu olmayan şəbəkəli terrorçu qurum olduğu kimi “Karikalan”ın özü də mifik və əfsanəvi bir fədai kimi qəbul edilirdi.
Prabhakaranı adətən 60-70-ci illərin sosial və siyasi ədalətin bərpası üçün vuruşan inqilabçıları, daha dəqiqi, məşhur Çe Gevara ilə müqayisə edirdilər. Son illərdə isə düşmənləri onu daha çox taliblərin molla Ömərinə bənzədirdilər. Çünki o da molla kimi mətbuata çıxmağı, fotolarının yayılmasını xoşlamazdı. Həqiqiliyini heç kimin bilmədiyi şayiələrə görə isə Velupillay hələ cavan yaşlarından and içib ki, “vətənini azad görməyənə qədər nə siqaret çəkəcək, nə də içki içəcək”. Bəli, bu adam düşmənin əlinə sağ keçməmək üçün yaxasında zəhər ampulası asılmış zəncir gəzdirir, eyni şeyləri tabeliyində olanlardan da tələb edirdi. Nəticədə, qanlı terror meydanına bir ildə irili-xırdalı 110 ictimai-siyasi xadimi o dünyaya göndərən 300-ə yaxın qadın və kişi kamikaze çıxara bilirdi…
“Həyatım sənə fəda olsun, İlam!”
Müharibənin “şirin” vaxtlarında Hindistanda çıxan tamil qəzetləri yazırdılar: “Məlumata görə, Şri-Lankanın bir neçə iri məktəbində tamil uşaqları məktəbli geyimlərini sataraq onun puluna hərbi mundir və zəhər ampulası alaraq “pələnglər”ə qoşulmaq üçün cəngəlliklərə çəkilirlər”.
“Tamil İlamın azadlığı pələngləri”nin bir xüsusiyyəti də qadın və gənclərin, hətta yeniyetmələrin “əməyinə” tez-tez müraciət etmələri idi. Bu qanlı və amansız qətl dünyanın gözü qarşısında baş vermişdi: Hindistanın baş naziri Raciv Qandiyə bir qadın yaxınlaşır, əlindəki gül çələngini onun boynuna salır və bir neçə saniyədən sonra bombalı çələng baş nazirin başını bədənindən ayırır… Elə yalnız bu əməliyyat “Karikalan”ın heç nəyi bağışlamadığını, lazım gəlsə, bir dövlətin rəhbərindən belə qisas almaq qüdrətində və gücündə olduğunu göstərmirdimi? Axı, Şri-Lanka ilə müharibədə Hindistan 5 diviziyası ilə uğursuz da olsa, tamillərə qarşı vuruşmuşdu! Bu da Qisas!
Ümumiyyətlə, kamikazelik “pələnglər”in ən uğurlu “silah”larından biri idi. Şri-Lanka mətbuatı yazır: “Dünən Hindistanla sərhəddə ölkəyə qaçaqmalçılıqla silah-sursat gətirən böyük bir dəstə tutulub. “Tamil İlamın azadlığı pələngləri”ni sağ ələ keçirmək mümkün olmayıb. Onların hamısı ağızlarındakı mərgümüş ampulasını əzərək intihar ediblər”.
Müasir dünyada belə şəbəkəli və var-dövlətli terror təşkilatlarının maliyyə məsələlərində həmişə nəsə çatışmazlıqlar, əyintilər, yeyintilər olur. Ancaq “pələnglər” bu məsələdə digərlərindən xeyli fərqlənirdilər. Təşkilatın işi uğrunda ölənlərin hamısının dəqiq siyahısı tutulur, onların ailələrinə yardımlar edilirdi. Geniş tamil diasporası isə bu “halallığın” müqabilində yerindən və şəraitindən asılı olaraq təşkilata müxtəlif yardımlar edirdi. Londonda, Parisdə, Osloda, Sidneydə, Nyu-Yorkda, ümumən dünyanın 38 ölkəsində nümayəndəlikləri fəaliyyət göstərən “pələnglər” üçün yalnız bir şey qalırdı: “Həyatım sənə fəda olsun, İlam!” deyərək, vuruşmaq, vuruşmaq, yenə də vuruşmaq! Öləndəsə kimisə öldürmək! Bunun nəticəsi idi ki, təxminən 20 ilə yaxın müddətdə Şri-Lankanın şimal və şərq bölgələrində özünün ordusu, məktəbi, gömrüyü və sərhədi olan qeyri-qanuni bir dövlət yaşadı, vuruşdu. Bu illərdə dəfələrlə Şri-Lankanın yekə-yekə dövlət məmurları bir neçə dəfə “pələnglər”in lideri ilə danışıqlara çıxdı, hətta onun əlini də sıxdılar, arada ATƏŞ də KƏSildi, qan da.
Ancaq dünya düzəni belə şeylərə baxmır. Əgər bu mübarizənin qələbəsi dünya düzəninin vecinə də deyilsə, hər şeyin olduğu kimi, bu mübarizənin də sonu çatır! Lent.az-ın bu günlərdə təqdim etdiyi, arxasında faciəvi talelər və böyük bir tarix dayanan quruca bir informasiyada olduğu kimi:
“Mayın 18-də səhər Şri-Lankada “Tamil-İlamın azadlığı pələngləri” separatçı qruplaşmasına qarşı hərbi əməliyyatlar başa çatıb. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Şri-Lanka ordusu 1983-cü ildən bu yana ilk dəfə ölkə ərazisinə tam nəzarəti ələ keçirib.

“Tamil pələngləri” qruplaşmasının lideri Velipullay Prabhakaran öldürülüb. O, “təcili yardım” maşınında hökumət qoşunlarından təqibindən qaçmaq istəyən zaman məhv edilib. Onunla bir yerdə “pələnglərin” dəniz qüvvələrinin komandanı və kəşfiyyat rəisi də öldürülüb. Qeyd edək ki, bundan əvvəl qruplaşmanın daha 4 liderinin, o cümlədən Prabhakaranın oğlunun öldürüldüyü barədə məlumat verilmişdi...”
İlham TUMAS
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1499

Oxşar yazılar