Yaxasında ölüm kapsulu gəzdirən qadının əsrarəngiz həyatı – HƏYAT HEKAYƏTİ
O, həyat yoldaşı ilə birlikdə Mendeleyevin kimyəvi elementlər cədvəlinə iki elementin adını yazdı, daha doğrusu iki yeni element gətirdi – radium və polonium!
O, iki dəfə - hər birində ayrı elm sahələri üzrə - Nobel ödülünə layiq görülmüş ilk qadın oldu! (Bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, bu günə qədər heç kəs onun nəticələrini təkrarlaya bilməyib!)
1944-cü ildə kəşf edilən yeni bir elementə onun və həyat yoldaşının xatirəsinə «Curium» adı verildi.
O, ölümündən 61 il sonra (1995-ci ildə), Fransanın qəhrəman övladlarının xatirə abidəsinin olduğu yerə - Pantheona basdırıldı. Dediyimiz kimi, külü basdırıldı; xatirələri isə basdırmaq mümkün deyil! Fransanın qəhrəman övladları ilə bərabər tutulan bu alim qadının xatirələri ziya şüaları saçmaqda davam edir! O, ömrünü daim şüa saçan radioaktiv maddələrə həsr etmişdi!
Bu qadın yaşadığı 67 il boyunca gənc bir qızdan analığa, bir şagirddən fizika üzrə professora, idealist bir uşaqdan dünyanın ən ünlü elm adamı olmağa qədər maraqlı, çətin, keşməkeşli, amma bütün bunlara baxmayaraq şərəfli bir ömür yolu keçmiş, əfsanəvi Mariya Skladovskaya Küridir (Marie Curie).
Hələ sox kiçik yaşlarımdan kimyaçı olan anamın onun haqqına danışdığı sirli və maraqlı hekayələrdən tanımış və heyran olmuşdum dünyaya səs salan bu qadına! Anam kimya elmini mənə məhz Mariya və İren Kürü adlı iki qadının, ana-balanın yaşam öyküsü ilə sevdirmişdi. Anamın Mariya Küri və ümumiyyətlə, Nobel ödüllü qadınlar haqqında danışdıqlarının əsas xəttini bir şey təşkil edirdi: bütün uğurlar böyük zəhmət, əziyyət bahasına, bəzən sağlamlığını, həyatını qurban vermək bahasına başa gəlir!
Bəli, böyük zəhmət, əziyyət bahasına, bəzən sağlamlığını, həyatını qurban vermək bahasına! Amma onlar həyatları ilə, əməlləri ilə qadınlar, gənc qızlar üçün gözəl örnəklər qoyub, cığır açıblar. İndi dünyanın əksər yerlərində qızlar öz ölkəsində məhz qadın olduğu üçün universitetə daxil ola bilməyən Mariya Kürinin üzləşdiyi əngəllərlə üzləşmir.
Mariya Küri maddi çətinliklərə və mənəvi təzyiqlərə baxmayaraq, yenilmədi, mübarizə apardı, təhsil aldı və üstəlik, adını əbədiyyətə yazan kəşflərə imza atdı! İlk Nobel ödülü alan qadın oldu, ilk cığır açdı… və yorulmadı. İki dəfə Nobel ödülü alan qadın olaraq elmin ən ağır sahələrində belə qadınların kişilərdən geri qalmadığını hamıya sübut etdi! Bu fədakar qadın Mendeleyevin kimyəvi elementlər cədvəlinə düşmüş iki elementdən birinə nə zamansa ona universitetə məhz qadın olduğu üçün daxil olmaq imkanı verməyən ölkəsinin (Polşanın) şərəfinə “Polonium” adı verdi, Vətəninin adını öz adı ilə bərabər əbədiləşdirdi! Bu hal, Mariya Kürinin bir Qadın, bir Alim olmağı ilə bərabər, onun təmənnasızlığının, nəcibliyinin tam mənzərəsini cızır!
O, heç vaxt geri çəkilmədi - Fransa Elmlər Akademiyası məhz qadın olduğundan Akademiyaya üzv olmaq üçün onun namizədliyini rədd edəndə də, ağır şəraitdə işləyəndə də… O, insanlıq üçün, elm üçün çalışdı və radiologiya elminin əsaslarını qoydu. Baxmayaraq ki, bəşəriyyət üçün əvəzsiz çalışmaları onun öz ömrünü tamamilə qısaltdı, ancaq məhz Kürinin elmi xidmətləri milyonlarla insanın sağlamlığa qovuşmasını şərtləndirdi!
***
Mariya Küri anam və onun simasında mənim üçün həmişə fərqli idi. Anamın çox maraqlı kimya otağında Mariya Kürinin şəkli asılmışdı və mən tez-tez onun şəkildən boylanan ağıllı, savadlı, təvazökar baxışları ilə rastlaşırdım. Xanım Kürinin şəkildəki simasından, baxışlarından keçdiyi həyat yolunu oxumaq, görmək o qədər də çətin deyildi! Bir sözlə, o, kimyanı dəlicəsinə sevən və öyrənən bir məktəbli qızın – mənim uşaqlıq qəhrəmanlarımdan biri idi! O, qızlar üçün elmdə böyük bir yol açmışdı; fərqli ölkələrdə, fərqli quruluşlarda yaşayan, fərqli irqlərdən, fərqli millətlərdən olan gələcəyin kimyaçı qızları onun adının, elminin işığını öz üzərində hiss edirdi...
Bilmirəm, Mariya Küri durmadan üfüqə - kimya elminin (ümumən elmin!) üfüqünə doğru yürüyərkən bunu hesablamışdımı? Amma o bilirdi ki, “Elmin öz içində inanılmaz bir gözəlliyi olduğuna inanıram. Laboratoriyadakı elm adamı, sadəcə bir tekniki işçi deyil, eyni zamanda, təbiətin gizlinləri qarşısında, pəri nağıllarını böyük bir heyranlıq və çaşqınlıqla dinləyən bir uşaq kimidir” (Mariya Küri).
***
Milliyyətcə polyak olan və “Madam Curie” kimi tanınan Mariya Küri (qızlıq soyadı Sklodovskaya) 1867-ci ilin bir payız günündə - 7 noyabrda Varşavada (Polşa) doğulub. Vladislava və Bronislava Skladovskilərin ailəsində dünyaya gəlmiş Mariya, ailədəki beş uşağın sonuncusu idi. Sklodovskilər ailəsi elmlə məşğul olan ziyalı bir ailə idi. Vladislav Sklodovski (Wladyislaw Sklodowski) bir neçə məktəbə rəhbərlik edir, fizikadan dərs deyirdi. Mariyanın atası o qədər savadlı idi ki, ictimaiyyət arasında ona “yeriyən ensklopediya” deyirdilər. Mariyanın “Yüksək Respublikaçı” düşüncələrinə sahib babası Cozef Sklodovski də müəllim idi və məktəblərdən birinə rəhbərlik edirdi. O, yoxsul ailə uşaqlarını zəngin ailələrin uşaqları ilə eyni sinifdə oxumağa təşviq edən addımları ilə karyerasını böyük təhlükə altında qoymuşdu.
Mariyanın anası və üzərində böyük təsiri olan Bronislava da ailənin digər üzvləri kimi özünü elmə, təhsilə həsr etmişdi. Bronislava Sklodovskaya Varşavanın ən böyük qız məktəblərindən birinə rəhbərlik edirdi. Mariyanın sözün həqiqi anlamında əsl respublikaçı ideologiyasına malik olan anası, övladlarına təkcə elmi deyil, insan olmağı da öyrədirdi! Məsələn, fəhlə sinfinə, yoxsullara yuxarıdan aşağı baxmamağı… O, bunun bir insan üçün ən böyük xəta olduğunu öyrədirdi övladlarına… Övladları ondan elmə sonsuz məhəbbətlə yanaşı, zəhmətkeşliyi də öyrənirdilər. Çünki Bronislava həm gözəl ana, gözəl həyat yoldaşı, gözəl ev xanımı, həm də gözəl müəllim, gözəl idarəçi idi və bunların hamısını çox yüksək səviyyədə yerinə yetirərdi və yorulduğunu da heç zaman heç kəsə bəlli etməzdi.
Mariya sevimli anasını çox tez itirdi. O zaman onun cəmi 11 yaşı var idi. Anasının ölüm səbəbi o zaman geniş yayılmış və müalicəsi demək olar ki, mümkünsüz olan vərəm idi. Anasının vərəmi hardan tutduğu barədə müxtəlif versiyalar var. Onlardan birinə görə Bronislavaya vərəm 1871-ci ildə yaşamaq üçün onlara köçən və sonralar vərəmə tutulduğu bilinən qaynından keçmişdi. Digər bir versiyaya görə isə ona bu xəstəlik vərəmli bir şagirdindən keçib. Bronislavada vərəm aşkar edildikdən sonra o evdə ayrı bir otaqda yaşamağa başladı. Çünki bu xəstəliyin ailəsinə, övladlarına keçməsini istəmirdi və bundan çox ehtiyat edirdi. Bu, Mariyanın hələ kiçik yaşlarında üzləşdiyi dəhşətli bir faciə idi. Bronislavanın müalicələri nəticə vermədi və Mariya cəmi 11 yaşı olarkən (1878-ci ildə) anasını itirdi. Bu itki onun həyatında çox dərin, ağrılı bir iz qoydu. Amma bu hələ başlanğıc idi… Onu qarşıdan taleyin həddindən artıq ağır sınaqları gözləyirdi…
Bəlkə elə o vaxtlar anasının xəstəliyinin müalicəsinə kömək edə bilməməsi, onu milyonlarla insanın həyatını xilas edəcək elmi kəşflərə yönəlməyə sövq etmişdi. O, uşaqlıqda (yəni anasının xəstə olduğu dövrlərdə) uşaqlarla anasını xilas edəcək həkim oyunları oynayarmış… Mariya anasını xilas edə bilməsə də bu gün də milyonlarla insan sağlamlığına qovuşmasında, sağalmasında ona, onun kəşflərinə borcludur!
***
İbtidai və orta məktəbdə əla qiymətlərlə oxuyan Mariya, hələ gənc yaşlarında elmin cazibə qüvvəsini hiss etmiş və dayısı oğlunun kimya laboratoriyasında laborant kimi ilk əmək fəaliyyətinə başlamışdı. Qarşısına böyük məqsədlər qoyan bu qız vaxtının çoxunu laboratoriyada keçirirdi. Atasıyla dost olan, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı, dahi rus kimyaçısı Dmitri İvanoviç Mendeleyev, Mariyanın vaxtının böyük bir hissəsini laboratoriyada keçirdiyini görüb, bu qızın kimya elmi üzrə bilgi və məşğələlərini davam etdirəcəyi təqdirdə, böyük gələcəyi olacağını söyləyirdi.
Gənc Mariyanın böyük zəkası olmaqla bərabər, sinəsində vətənpərvər bir ürək də döyünürdü. Mariyanın həyatına yön verəcək əsas hadisələrdən biri də Polşa Müqavimət Hərəkatı idi. Həmin vaxtlar, yəni 1790-cı illərdə Polşa işğal altında – Rusiya, Almaniya və Avstriya arasında bölünmüş vəziyyətdə idi. Mariyanın yaşadığı Varşava Rusiyanın əlində idi. Mariya anadan olmazdan 3 il öncə ruslara qarşı bir üsyan olmuşdu və onun babası da bu mübarizədə, müqavimət hərəkatında aktiv rol oynamışdı. Ancaq üsyan uğursuzluqla nəticələnmişdi və Mariyanın ailəsi də daxil olmaqla Polşanın bir çox varlı və soylu ailələri var-dövlətlərini itirmişdilər. İdarəetmə rusların əlində idi və dövlət məktəblərinə də onlar nəzarət edirdilər. Üsyanın, müqavimət hərəkatının uğursuz nəticələnməsindən sonra bir çox ziyalılar, elm adamları təzyiqlər nəticəsində Paris də daxil olmaqla Avropa şəhərlərinə qaçır və ya köç edirdilər. Mariyanın atası silahlı müqavimətdə iştirak etmək yerinə passiv müqavimətə üstünlük verirdi. “Polşa pozitivizmi” olaraq bilinən təhsilin, müqavimətin ən önəmli vasitələrindən biri olduğuna inanırdı. Bu düşüncə tərəfdarlarına görə təhsil, dünyanı daha yaşanılır hala gətirəcək ən önəmli vasitədir. Mariyanın da ailəsi təhsilə böyük önəm verirdi. Bu fikri daşıyan müəllimlər məktəblərin rusların nəzarətində olmasına baxmayaraq bir yolunu tapıb şagirdlərə Polşanın tarixini və dilini öyrədirdilər.
Rus idarəetmə sistemində böyüyən Mariya vətəninin azadlığı uğrunda mübarizə aparan Polşa Milliyyətçiləri Hərəkatına qoşulmuş, sonralar ömrünün çox hissəsini Fransada keçirməsinə baxmayaraq, Polşanın müstəqilliyi uğrunda mübarizə işinə həmişə sədaqətli olmuş və əlindən gələn köməyi əsirgəməmişdi.
***
Biliklərini artırmaq üçün ali təhsil arzusu ilə alışıb yanan gənc Mariyanın bu arzusunun həyata keçməsi yolunda iki maneə dururdu: ailənin kasıb olması və onun bitirdiyi məktəbləri bitirən qızların Varşava Universitetinə qəbul edilməsinə qoyulan qadağa. Lakin heç bir qadağa böyük işlər görmək üçün doğulan bu qızın qarşısını kəsmək gücündə deyildi. O, bacısı Bronya ilə plan işləyib hazırladı. Bu plana görə, ilk öncə Mariya bacısının Parisdə tibb universitetini bitirməsinə imkan yaratmaq üçün beş il işləməliydi. Sonra isə Bronya Sorbonnada oxuyacaq Mariyanın ali təhsil almasına maddi kömək göstərmək üçün çalışmalıydı. Mariya bacısından fərqli olaraq fizika və riyaziyyatı seçmişdi. 1882-ci ildə Polşada Cadviqa Szczasinska-Davidova tərəfindən “Uçan Universitet” (Flyinq University) qurulmuşdu. Bura universitet səviyyəsində bilik almaq istəyən qızların getdiyi gizli bir akademiya idi. Mariya da bu universitetin fizika və riyaziyyat dərslərində iştirak etmiş, biliklər əldə etmişdi. Beləliklə, bacılar hazırladıqları “plan”la hərəkət etdilər və Mariya, Bronyanın Parisdə tibb təhsili almasına maddi dəstək göstərə bilmək üçün çalışmağa başladı...
1891-ci ildə iki günlük uzun qatar səfəri ilə Mariya Parisə bacısının yanına gəlir. Bir müddət də bacısına kömək etdikdən sonra Sorbonnanın təbii elmlər fakültəsinə daxil olmaq üçün bu universitetə müraciət etdi. O, imtahan verən 1825 nəfər arasından universitetə daxil olan 25 qızdan biri oldu. Məqsədi fizik, fizika müəlliməsi olmaq idi. Universitetə daxil olduqdan sonra Mariyaya fransızsayaq Mari kimi təqdim edilməyə başlanılır.
Bir neçə il sonra Broniya ailə həyatı qurdu. Gənc ailə və Mariya universitetdən bir saat uzaqlıqda yerləşən bir evdə yaşayırdılar. Amma evin gəlib-gedəni çox olduğundan Mariya belə bir şəraitdə yaxşı təhsil əldə edə bilməyəcəyini düşündü və Parisin kasıb məhəllələrindən birində ev kirayələdi. Yaşadığı yerin yoxsul və geri qalmış məhəllə olması onu heç narahat etmirdi. O vaxtının çoxunu universitetin laboratoriyasında elmlə məşğul olmaqla keçirirdi və həyatından çox razı idi. Lüks həyat, var-dövlət onu maraqlandırmırdı, onu maraqlandıran tək bir şey vardı: ELM!
Mariya istedadlı idi və universitetin ilk illərində artıq hər kəs onun fərqli olduğunu görə bilirdi. Cəmi 2 il içərisində o, sinif birincilikləri ilə yanaşı fizika və riyaziyyat sahələrində magistr dərəcəsi alaraq məzun oldu. 1893-cü ildə kursu birinci bitirən Mariya, Sorbonnada fizika üzrə indiki magistr dərəcəsinə bərabər olan elmi dərəcə aldı. Bir ildən sonra isə o, riyaziyyat üzrə də dərəcə aldı.
...Onun hədəfi müəllimlik diplomunu alıb Varşavaya dönmək idi.
İki istedadlı insan, iki sevən qəlb!
1894-cü ildə də Mariya bir mühacir polyak fizikinin evində gələcəkdə həyat yoldaşı və elmi nailiyyətlərinin ortağı olacaq Pyer Küri ilə tanış olur. Pyer bələdiyyə məktəbi nəzdindəki «sənaye fizikası və kimyası məktəbi» laboratoriyasının rəhbəri idi. «Piezo elektrik»i kəşf edən Pyer, kristalların fizikası və maddələrin maqnit xüsusiyyətlərinin temperaturdan asılılığı üzrə önəmli tədqiqatlar aparmışdı. Mariya isə poladın maqnitləşməsi üzrə tədqiqatlarla məşğul idi. Onları bir-birlərinə yaxınlaşdıran əsas səbəblər arasında təbii ki, fizika sahəsinə göstərdikləri maraq da var idi… Çox keçmədi ki, iki elm aşiqinin dostluğu öz aralarında da eşqə, məhəbbətə çevrildi. Lakin... “hər bir problem yeni problemin həllindən asılıdır”. Bir müddət sonra Pyer Mariyaya evlənmək təklifini irəli sürəndə o buna çox da isti yanaşmadı və evlənmələrinin qarşısında bəzi əngəllərin olduğunu dilə gətirdi. Onun üçün elm hər şeydən əvvəldə gəlirdi. İkincisi, Pyer Polşalı deyildi və Mariyaya düşünürdü ki, əgər Pyerlə ailə həyatı qursa, Polşaya dönmək xəyalından daşınmalı ola bilər... Amma bir şərqində deyildiyi kimi “onun adı eşq”di və o, Pyerə onunla birlikdə Polşada yaşamağı təklif etdi. Uzun düşüncələrin yekununda sevgililər nəhayət bir ildən sonra – Pyerin doktorluq dissertasiyası müdafiə etməsindən sonra (1895-ci ilin 26 iyulunda) nikah bağladılar.
O, artıq Mariya Küri idi…
Adlarını elmə əbədi həkk edən xoşbəxt cütlük
Ailə həyatı qurduqdan sonra bu iki elm aşiqi, elm fədaisi radioaktiv elementlər üzərində bərabər çalışmağa başladılar. Özü də nə az, nə çox - düz 14 il! Bu, Mariyanın həyatının elmlə bağlı ən önəmli illəri idi…
Ailə həyatı qurduqdan bir az sonra müəllimlik diplomunu alan Mariya həyat yoldaşının tutduğu bir laboratoriyada çalışmağa, daha doğrusu, böyük kəşflər etməyə başladı…
1896-cı ildə Henri Bekkerel uran birləşmələrinin dərinə nüfuz edən şüalar buraxdığını kəşf etdi. Vilhelm Rentgen tərəfindən 1895-ci ildə kəşf edilmiş rentgen şüalarından fərqli olaraq Bekkerel şüası, məsələn, işıq şüası kimi enerjinin xarici qaynaqdan induksiyalanmanın nəticəsində deyil, uranın özünün daxili xüsusiyyəti hesabına yaranırdı. Bu müəmmalı hadisəyə heyrətlənən və tədqiqatın yeni sahəsinin başlanğıcını qoyan Mariya Küri sonralar radioaktivlik adlandıracağı bu şüalanmanın tədqiqatı ilə məşğul olmaq qərarına gəldi.
1897-ci ildə onların qızı İren anadan oldu. Körpə uşağının olmağına baxmayaraq, üç aydan sonra Mariya Küri yenidən işinə sarıldı. 1898-ci ilin əvvəlindən başlayaraq Mariya, uran birləşmələrindən başqa Bekkerel tərəfindən kəşf edilən şüaları buraxan digər maddələrin mövcud olub-olmadığını da müəyyənləşdirməyə çalışdı. Bekkerelin uran birləşmələrinin təsirindən havanın elektrik ötürücülüyünə malik olduğunu müşahidə etdiyindən, Pyer Küri və onun qardaşı Jak tərəfindən işlənib hazırlanmış və quraşdırılmış bir neçə dəqiq cihazlardan istifadə etməklə, Mariya Küri elektrik ötürücülüyünü ölçmüşdü.
O, tədqiqatlarına əsasən belə bir qənaətə gəldi ki, məlum elementlərdən yalnız uran, torium və onların birləşmələri radioaktivlik xassəsinə malikdir. Lakin tezliklə Mariya Küri daha önəmli kəşfin sahibi oldu: uran qətran əvəzedicisi kimi tanınan uran filizi uran və torium birləşmələrindən daha güclü “Bekkerel şüası” buraxır və bu şüalanmanın intensivliyi təmiz uranla müqayisədə dörd dəfə böyükdür! Mariya Küri belə bir fərziyyə irəli sürdü ki, uran qətran əvəzedicisində kəşf edilməmiş, lakin güclü radioaktiv xassəyə malik olan element var.
Bu dövrdə onun radioaktivliklə bağlı bir çox məqalələri nəşr olundu. 1898-ci ildə o, bu istiqamətdə işlərini daha da sürətləndirmişdi. Sonra Kürilər uran filizində olan yeni elementi ayırmağa cəhd göstərdi. Pyer Mariyaya kömək etmək üçün kristallar fizikası üzrə şəxsi tədqiqatlarını kənara qoydu və cütlük bu işin üzərində birlikdə, yorulmadan çalışmağa başladı. Onlar uran filizini mineral turşular və hidrogen sulfidlə işləyərək bəlli komponentlərə ayırdılar. Onlar komponentləri ayrı-ayrılıqda tədqiq etməklə onların tərkibində vismut və bariumun olduğu qənaətinə gəlmişdilər. Bekkerel tərəfindən kəşf edilən şüa, nə vismut, nə də barium üçün xarakterik olmadığından, Kürilər belə bir qənaətə gəldilər ki, əslində bu komponentlərin tərkibində əvvəllər məlum olmayan və radioaktivlik xassəsinə malik bir və ya bir neçə element var.
Bu həmin dövrlər idi ki, bir çox elm adamları atom deyə bir şeyin varlığına inanmırdılar. Mariyanın bu istiqamətdə iddialarını qəbul etmək belə istəmirdilər. Amma əbəs yerə…
1898-ci ilin iyul və dekabr aylarında Mariyaya və Pyer Kürilər özləri tərəfindən poloniumu kəşf etdiklərini açıqladılar. Artıq vurğuladığımız kimi, kimyəvi elementə Mariyayanın vətəni Polşanın şərəfinə Polonium adı verildi. “Polonium” latınca – Poloniya, Polşa sözundən götürülüb. Bunun ardınca isə elm aləmi Kürilərin yeni bir böyük kəşfinə tanıq oldu. Onlar təbii radioaktiv element olan radiumu kəşf etdiklərini elan etdilər. “Radium” isə latınca – “nur sacan” anlamına gəlir...
Mariya, nəhayət, öz doktorluq dissertasiyasını başa çatdırdı. Dissertasiya “Radioaktiv maddələrin tədqiqatı” (“Researcher on Radiactive Substances”) adlanırdı və 1903-cü ilin iyun ayında Sorbonnada elmi ictimaiyyətə təqdim edildi. Sözügedən işə Mariya və Pyer Kürilər tərəfindən aparılmış çoxlu sayda radioaktivlik üzrə müşahidələr daxil edilmişdi. Mariya Küriyə elmi dərəcə verən komitənin rəyinə görə, onun doktorluq dissertasiyası elmə verilmiş ən böyük töhfələrdən biri idi! Və beləliklə, Mariya Fransada elm sahəsində doktor adını alan ilk qadın oldu!
1903-cü ilin dekabr ayında İsveçin Kral Elmlər Akademiyası Bekerrel və Küri ailəsini fizika üzrə Nobel ödülü ilə təltif etdi. Həyat yoldaşı Pyer Küri ilə birgə apardıqları araşdırmalarda professor Anri Bekkerelin müəyyən etdiyi radiasiya hadisələrində ekstraordinar imkanları kəşf etmiş Mariya Küri, “Nobel”ə layiq görülmüş ilk qadın oldu!
Kürilərin Nobel ödülü almasından sonra mətbuat onların kəşf etdiyi radiumu “möcüzə dərman” adlandırmağa başladı. Amma çalışmalar zamanı Kürilər radiasiyaya məruz qalaraq səhhətlərində rahatsızlıqlar keçirməyə başlamışdılar. Həmin zaman keçirdikləri ağır həyat və aramsız tədqiqatlar nəticəsində sağlamlıqlarını itirən Mariya və Pyer Kürilər xəstə idilər və onlar, ödülün Stokholmda keçirilən təqdimetmə törəninə gedə bilmədilər. Gözlə görünən bir xəstəliyinin olmamasına baxmayaraq Mariya laboratoriyada çalışmaları zamanı 8 kilo arıqlamışdı. Hətta böyük ehtimalla radiasiyanın təsiri nəticəsində, həmin zaman hamilə olan Mariya Küri 5 aylıq körpəsini də itirmişdi. Həmin zaman Kürinin və dünyanın bilmədiyi şey, radium və digər radioaktiv elementlərin güclü və görünməz “qamma” şüalarını yayması idi. Qamma şüaları həm insan, həm də heyvan bədəni üçün böyük (mənfi!) təsirə malik idi!
Radiasiya Kürilərə elə təsir etmişdi ki, Nobel ödülü almağa getmək üçün nə Mariyanın, nə də Pyer Kürinin gücü yox idi. Həkimlər onları müayinə edir, amma bir diaqnoz qoya bilmirdilər. Bu günaşırı radiasiyaya məruz qalmanın fəsadları geniş bilinsə də o dövrlərdə radium maddəsinin insan orqanizminə zərər verdiyi yeni-yeni bilinirdi… Onlar həmin ödülü yalnız növbəti ilin yayında ala bildilər...
Küri ailəsi hələ öz tədqiqatlarını başa çatdırana qədər onların işləri bir çox fizikləri də radioaktivliyin öyrənilməsi ilə məşğul olmağa sövq etmişdi. 1903-cü ildə Ernest Rezerford və Frederik Soddi yeni nəzəriyyə irəli sürdülər. Bu nəzəriyyəyə görə radioaktiv şüalanma atom nüvələrinin parçalanması zamanı yaranır. Parçalanma zamanı (nüvənin tərkibində olan bəzi zərrəciklərin ayrılması) radioaktiv elementlər digər elementlərə çevrilərək transmutasiyaya məruz qalıır. Uran, torium və radiumun radioaktiv parçalanması aşağı surətlə getdiyindən və öz təcrübələrində bunu müşahidə edə bilməyən Mariya Küri heç bir tərəddüd etmədən bu nəzəriyyəni qəbul etdi. (Doğrudur, poloniumun parçalanması barədə məlumatlar var idi, lakin bu elementin parçalanmasına Mariya Küri qeyri-səciyyəvi hesab edirdi).
1906-cı ildə radioaktivliyin daha düzgün izahı kimi Rezerford-Soddi nəzəriyyəsini qəbul edən Mariya Küri parçalanma və transmutasiya terminlərini ilk dəfə elmə daxil etmişdi.
***
Küri ailəsi radiumun insan orqanizminə təsirini tədqiq etdi. (Anri Bekkerel kimi, radioaktiv maddələrlə davranmağın təhlükəsini başa düşənədək, onlar yanıq xəsarəti almışdılar) Və radiumun şişlərin müalicəsində istifadə edilə biləcəyinin mümkünlüyü təklifini irəli sürdülər. Radiumun müalicəvi əhəmiyyəti demək olar ki, dərhal qəbul edildi və radium qaynaqları üzrə qiymətlər kəskin şəkildə artdı. Lakin Küri ailəsi ekstrasiya prosesini patentləşdirməkdən və öz tədqiqatlarının nəticələrini istənilən kommersiya məqsədləri üçün istifadə etməkdən imtina etdilər. Onların fikrincə, kommersiya mənfəəti güdmək elmin üslubuna, biliyə sərbəst çıxış ideyasına uyğun gəlmirdi.
Elmə bu cür ülvü münasibətin nəticəsi özünü çox gözlətmədi. Nobel ödülü və digər ödüllər onlara təkcə şan-şöhrət yox, həm də müəyyən gəlir gətirdi. 1904-cü ilin oktyabr ayında Pyer Sorbonnada fizika professoru təyin edildi və bir aydan sonra Mariya rəsmi şəkildə onun laboratoriyasının rəhbəri oldu, üstəlik Sevrdə bir qız məktəbində dərs deməyə başladı… Dekabr ayında onların ikinci qızı Yeva dünyaya gəldi. Bu xoşbəxt ailənin qapısını artıq... uğurlar döyməkdə idi!
Mariya tükənməz qüvvəsini elmi nailiyyətlərindən, sevimli işindən, Pyerin sevgi və dəstəyindən alırdı!
İki yorulmaz alim, iki istedadlı insan, iki sevən qəlb! Bu ünsiyyətin bəhrəsi çox maraqlı və anlamlı oldu...
Pyer Küri və Mariya Sklodovskaya birlikdə radioaktivliyi öyrənərək, kəşflər etdilər. Onlar həmkarlarından çox irəli gedərək, adlarını fizika elminə əbədi yazdılar: bir sıra elmi qanunların, kəşflərin, oxşarı olmayan ixtiraların müəllifi kimi!
İki yeni kimyəvi elementin kəşfi
Ailədə də, elmi axtarışlarda da onlar bir-birilərinin əlindən tutaraq zirvələr fəth etdilər. Onların kəşfləri elmdə yeni bir inqilabın əsasını qoymuşdu! Artıq alimlər radiumun xəstə toxumalara təsir göstərərək müalicədə istifadə edilə biləcəyi ilə bağlı çalışmağa başladılar. Amerikalı alim Aleksander Graham Bell xərçəng xəstəliyinin müalicəsində şişə radium verilməsi fikrini irəli sürdü – tibb elmində yeni bir mərhələ başlayırdı!
İşdən vaxtları olan zaman Pyer və Mariyanın ən sevimli məşğuliyyətləri velosipeddə şəhərkənarı gəzintilərə çıxmaq idi. Mariya üzməyi də çox xoşlayırdı. Amma iş demək olar ki, onun həyatını tamamilə işğal etmişdi…
1906-cı ilin aprel ayında Pyer yol qəzasında həlak oldu. Yaxın dostunu və həmkarını itirən Mariya tək qaldı və... özünə qapandı. Mariya, İctimai Təhsil Nazirliyinin təyin etdiyi təqaüddən belə imtina etdi. Əlbəttə, o, güclü qadın idi, dərdin qarşısında əyilmədi, elmi işlərini davam etdirmək üçün özündə qüvvə tapdı! (Üstəlik iki sevimli qızı hər zaman analarının yanında idi…)
Pyerin ölümündən bir ay ötməmiş Sorbonnanın fakültə şurası onu vaxtı ilə ərinin rəhbərliyi etdiyi fizika kafedrasına müdir təyin etdi. Altı aydan sonra ilk mühazirəsini oxuyan Mariya Küri Sorbonnanın ilk qadın professoru – müəllimə oldu! Bununla da o, daha bir İLKə imza atdı!
Laboratoriyada Mariya Küri öz qüvvəsini radium birləşmələrinin deyil, təmiz radium metalının ayrılmasına sərf etməyə başladı. 1910-cu ildə Andre Debirn ilə birgə o, radiumu təmiz halda əldə etməyə müvəffəq oldu və bununla da 12 il öncə başlanmış tədqiqat başa çatdı! Onun alim inadkarlığı, radiumun kimyəvi element olduğunu sübuta yetirdi.
Mariya Küri radioaktiv şüalanmanın ölçülməsi metodunu işləyib hazırladı və uluslararası standartlar bürosu üçün bütün digər qaynaqların müqayisə edilməsinin lazım gəldiyi, radium xloridin təmiz örnəklərini – radiumun ilk uluslararası etalonunu hazırladı.
1910-cu ilin sonunda, bir çox alimlərin təkidi ilə, nüfuzlu elmi cəmiyyətlərdən biri hesab olunan Fransa Elmlər Akademiyasına keçirilən seçkilərdə Mariya Kürinin namizədliyi irəli sürüldü. (Pyer Küri oraya vəfatından yalnız bir il əvvəl seçilmişdi). Mariya namizədliyini irəli sürənə qədər Fransa Elmlər Akademiyasının qadın üzvü olmamışdı, bütün üzvlər kişilər idi. Buna görə də Mariya Kürinin namizədliyinin irəli sürülməsi bu addımın tərəfdarları və əleyhdarları arasında qızğın mübahisəyə səbəb oldu. Bir neçə ay davam edən gərgin müzakirələrdən sonra, nəhayət, 1911-ci ilin yanvarında Mariya Kürinin namizədliyi yekdilliklə rədd edildi. Onun elminə, savadına, uğurlarına heç bir şey tapa bilməyənlər onu həssas yerindən vurmağa başladılar. İttiham etdikləri məsələ isə... sevgi idi… Onlar Mariyanı Paul Lanqevinlə yaşadığı sevgiyə görə tənqid, ittiham hədəfinə çevirmişdilər… Mariyanın sevgisi uğursuzluqla bitdi, daha doğrusu, bitirdilər… Amma o, yenə yenilmədi, ruhdan düşmədi, həyatla (həyatı ilə!) mübarizəsini davam etdirdi və hamıya göstərdi ki, onu əzmək, sındırmaq, adına kölgə, ləkə salmaq o qədər də asan deyil!
O, yenə də geri çəkilmədi, ruhdan düşmədi, yorulmadan çalışmalarını davam etdirdi və öz işi ilə onun namizədliyini rədd edənlərə nə qədər ədalətsiz olduqlarını və qərar verdikləri hər addımı ilə göstərməyə başladı…
Cəmi bir neçə aydan sonra, 1911-ci ildə İsveç Kral Elmlər Akademiyası Mariya Küri və Poinjareni “kimya elminin inkişafındakı xidmətlərinə: radium və polonium elementlərinin kəşf edilməsinə, radiumun ayrılmasına və bu son dərəcə mühüm elementin xüsusiyyətlərinin və birləşmələrinin öyrənilməsinə” görə Nobel ödülü ilə təltif etdi. İlk dəfə fizika, ikinci dəfə isə kimya sahəsində Nobel ödülünə layiq görülən Mariya Küri “Nobel”ə iki dəfə layiq görülən ilk qadın olaraq adını TARİXə yazdı. O, yenə bir İLKə imza atdı. O, eyni zamanda kimya üzrə Nobel ödülünə layiq görülən ilk qadın olaraq da adını TARİXə yazdı! O, öz çalışmaları ilə bir elementin radioaktiv işləmlərdən sonra başqa bir elementə çevrilə biləcəyini göstərirdi. Bu kimya sahəsində yepyeni bir sahənin açılması demək idi!
Yeni laureatı təqdim edərkən E.V.Dalqren deyirdi: “Radiumun tədqiqatı artıq şəxsi institut və jurnalları olan, son illərdə elmin yeni sahəsinin - radiologiyanın yaranmasına gətirib çıxarmışdır”.
I Dünya müharibəsinin başlanmasına az qalmış Mariyanın rəhbərliyi ilə Paris Universitetində radioaktivliyin tədqiqi üçün, Radium İnstitutu təsis edildi və o, İnstitutun ilk rəhbəri oldu. I Dünya müharibəsi zamanı o, hərbi həkimlərə radioaktivliyin tətbiqini, xüsusilə rentgen şüalarının köməkliyi ilə yaralıların bədənində olan qəlpələrin yerinin təyin edilməsini öyrədirdi. Cəbhə zonasında Mariya Küri radioloji qurğuların yaradılmasına, daşınan rentgen aparatları ilə ilk yardım məntəqələrinin təchiz edilməsinə köməklik göstərirdi. 1914-cü ildə I Dünya müharibəsi zamanı Mariya Küri, cəbhələrdə istifadə olunması üçün rentgen cihazları ilə təchiz olunmuş ambulansları hazırladı. Toplanmış təcrübəni o, 1920-ci ildə “Radiologiya və müharibə” adlı (“La Radiologie et la guerre”) monoqrafiyasında ümumiləşdirdi.
Müharibədən sonra Mariya Küri yenidən Radium İnstitutuna qayıtdı. Ömrünün son illərində o, tələbələrinin işlərinə rəhbərlik edir və fəal şəkildə radiologiyanın tibbə tətbiqinə köməklik göstərirdi. 1923-cü ildə o, çox sevdiyi həyat yoldaşının, ölümündən sonra xiffətindən depressiyaya düşdüyü Pyer Kürinin “özkeçmiş”ini də yazdı...
Elmi axtarışların bəxş etdiyi sevinc və acılar
Mariya Küri vətəni Polşaya tez-tez səfərlər edir və orada yerli tədqiqatçılara dəyərli məsləhətlər verirdi. Bütün həyatı boyunca elm sahəsində böyük xidmətlər göstərən, kəşflər edən Mariya vətənində, Varşavada Radium İnstitutunun qurulmasında da önəmli rol oynadı. O, həmin dövrdə ABŞ Prezidenti Herber Hooverin ona təqdim etdiyi 50 min dollar ödülü belə... yeni qurulan laboratoriyaya radium satın almaq üçün istifadə edəcək qədər işini dəlicəsinə sevirdi! 1921-ci ildə Mariya Küri qızları ilə birgə, təcrübələrini davam etdirmək məqsədilə bir qram radium almaq üçün Birləşmiş Ştatlara səfər etdi. ABŞ-a ikinci səfəri zamanı o, Varşava hospitallarından birində müalicəvi istifadə üçün daha bir qram radium əldə etdi. Lakin... radiumla çoxillik iş fəaliyyəti nəticəsində onun səhhəti nəzərəçarpacaq dərəcədə pisləşməyə başlamışdı.
Mariya Küri iki dəfə Nobel ödülündən başqa Fransa Elmlər Akademiyasının Bertelo medalına (1902), London Kral Cəmiyyətinin Devi medalına (1903) və Franklinovskiy İnstitutunun Elliot Kresson medalına (1909) layiq görülüb. O, Fransanın Tibb Akademiyası da daxil olmaqla, dünyanın 85 elmi cəmiyyətinin üzvü olmuş, 20 fəxri elmi dərəcə almışdı. 1911-ci ildən ömrünün sonuna qədər Mariya Küri fizika üzrə nüfuzlu Solveyev konfranslarında iştirak etmiş, 12 il ərzində Millətlər Liqasının Əqli əməkdaşlıq üzrə Beynəlxalq Komissiyasının əməkdaşı kimi fəaliyyət göstərmişdi.
Lakin ilk və əbədi sevgisi olan ELM də onun ölümünü tezləşdirdi... Ömrünün son illərində, Alp dağları ərazisində yerləşən Sansellemoz adlanan kiçik bir yerdə yaşayan Mariya Küri leykemiya xəstəliyindən əziyyət çəkirdi. 1934-cü ilin 4 iyulunda dünya elminin inkişafına böyük töhfələr vermiş bu böyük insan uzun müddət radiasiyaya, yəni aşırı radiasiyaya məruz qalmasından dolayı yaxalandığı qan xərçəngindən dünyasını dəyişdi... O, elə bir radiasiya almışdı ki, istifadə etdiyi qeyd dəftərləri hələ də radiasiya yaymaqda davam edir... Ona iki dəfə Nobel ödülü qazandıran, adını elm (dünya!) TARİXinə əbədi yazmağa, elm dünyasında cığır açmasına imkan yaradan çalışmaları, kəşfləri həm də onun ölümünün də səbəbi olmuşdu... Ona görə də Mariya ölümündən sonra “elm üçün ölən qadın” deyiləcəkdi... Onun kəşfinin məhsulu olan radiumdan çıxan şüaların xərçəng xəstəliyinin bəzi növlərində şişləri yox etdiyi bəlli olduğu zaman xərçəngin müalicəsində istifadə olunan yeni üsula, onun soyadından ilham alaraq, Mariya Kürinin şərəfinə curieterapi (kimyəvi terapiya) adı verildi. ...Və bununla da xərçəngin müalicəsində yeni bir müalicə dövrü başladı - milyonlarla insanın sağlamlığı üçün ən vacib üsullardan biri…
Onun ölümü çox kədərli bir sınaq idi – radioaktiv maddələrlə işləyən zaman o, heç bir təhlükəsizlik üsullarından istifadə etmir və hətta sinəsində radium ampulu olan bir talisman gəzdirirdi!
Bir alim kimi Mariya Kürinin əsas məziyyəti çətinliklərə inadla sinə gərmək qabiliyyəti idi! Bu yolda ona inadkarlığı, məqsədinə doğru getmək bacarığı və bitib-tükənməz sevgisi çox kömək edirdi.
Mariya Küri qarşısına çıxan problemin həllini tapmayanadək sakitləşmirdi. Şöhrətin ən yüksək zirvələrinə qalxsa da, o, şöhrət səmasında uçmağa üstünlük verməyərək, məşhurluqdan təngə gələn sakit və təvazökar bir qadın ömrü yaşadı.
Mariya Küri inandığı ideallara və qayğısını çəkdiyi insanlara səmimi münasibətini və sədaqətini həmişə qoruyub saxladı.
Ərinin vəfatından sonra o, iki qız övladı üçün mehriban və sədaqətli ana olaraq qaldı. Onun həyatı, dahi bir alimin, sevən bir qadının, gözəl bir ananın və böyük bir insanın tarixçəsi oldu və bu tarixçə çoxlarının ÖRNƏYinə çevrildi...
Onun şəkli dünyanın müxtəlif yerlərində pul əsginaslarının, poçt markalarının üstünü bəzəyir, adına küçələr verilib, muzeylər açılıb, ayrı-ayrı şəhərlərdə büstləri qoyulub...
...Bəşəriyyətin bu unudulmaz cəfakeşlərinin izdivacından doğulan övladlar da öz valideynlərinin yolu ilə gedərək, adlarını əbədiləşdirdilər. Estafeti davam etdirən ailənin ilk övladı İren Küri, 1935-ci ildə kimya üzrə Nobel ödülünü aldı! Tarix davam edirdi… İren də anası kimi bir alimlə ailə həyatı qurmuşdu. O, həyat yoldaşı Frederik Joliot ilə birlikdə çalışaraq süni radioaktivləri kəşv etdi və onlar birlikdə də Nobel ödülünə layiq görüldülər – Mariya Kürinin ölümündən cəmi 1 il sonra… O, qızının Nobel ödülü almasının şahidi olmasa da, əslində qızının ona doğru gedən yolunu bilir və görürdü!
Ailənin ikinci qızı Eva Küri isə ixtisasca jurnalist idi. Öz sahəsində uğurlu bir insan olan Evanın ailə həyatı qurduğu Henri Riçardson Labuas da Nobel ödülü laureatı kimi tarixə adını yazdı! Bir ailədə 5 “Nobel”çi!!!
Mariya Kürinin həyatı tarixçəsini qızı Eva yazdı. Çox maraqlı bir kitabdır, hər kəsə oxumağı məsləhət görərdim. Mariya öz ailə həyatı barədə yazırdı: “Mən nikaha girdiyim an arzuladığım hər şeyi və hətta ondan da artığını əldə etdim”.
Bəli, o, əslində istədiyi hər şeyi əldə etmişdi. Gözəl ailə, gözəl övladlar, ELM TARİXinə qızıl hərflərlə və əbədiyyən yazılmış AD, neçə İLKlərin müəllifi olmaq, Dünyanın sevgisi, yeni cığır açmaq xoşbəxtliyi, TARİXdə qazanılmış əbədiyyət ünvanı!

2343