23-cü hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
HOLLAND DAXİLİ İŞLƏR NAZİRLİYİNİ TƏMİZLƏYƏ BİLMİR
Obadianın reaksiyasından məlum oldu ki, biz həm də barmağımızla “yolkəsən şəbəkələrə” də toxunuruq. Çoxdandır Afrikada sağçılar partiyasından olan Şarl Paskuanın (1986-1988 və 1993-1995-ci illərdə Fransanın Daxili İşlər naziri) klanı, köhnə sosialist şəbəkələri ilə, eləcə də onların varisləri korsikalılar ilə sıx əlaqədədir. Loran Obadia Fransis Perezi yaxşı tanıyır. Bu axırıncı, keçmiş millətçi lider, Barselonada yerləşən Pefaco firmasının rəhbəri, Qərbi Afrikadakı “kazinoların lideri”, həmçinin Latın Amerikasında bir neçə hotelin sahibi olan Alan Orsoninin dostudur.
Veolia şirkətinin nəzdində Loran Obadia, həm də keçmiş polis məmuru, RAID-in (xüsusi polis qrupu) keçmiş rəhbəri, Stefan Fuksun sayəsində məşhur su şirkətinin “təhlükəsizlik direktoru” vəzifəsində çalışan Jan[1]Lui Fiamenqi ilə də dostluq edir. Bu nəhəng polis işçisi, eyni zamanda Sarkozinin vaxtında mərkəzi mövqe tutan Frederik Peşenard və Bernard Sqarçini ilə də yaxındır. Sarkozidən sonra hakimiyyətə gələn Fransua Holland prezident seçiləndən bir müddət sonra Daxili İşlər Nazirliyini “təmizləmək” fikrinə düşür. Bu məqsədlə 2012-ci ilin may ayından etibarən DCRI-nin rəhbəri Bernard Sqarçini, Parisin polis prefekti Mişel Qodin və Dövlət Baş Polis İdarəsinin rəhbəri Frederik Peşenard funksiyalarından xaric edilir.
Sarkozistlərin on il at oynatdıqları Daxili İşlər Nazirliyində, İqtisadiyyat Nazirliyində, eləcə də Yelisey sarayının özündə yeni seçilən dövlət başçısı “təmizlik” işləri aparır. Lakin o, istədiyinə yüz faiz nail ola bilmir, çünki Daxili İşlər Nazirliyi son illərdə, tamamilə Sarkozinin eləcə də sağçıların arı pətəyinə dönmüşdü. Sosialistlər, ümumiyyətlə, bütün solçular nə qədər çalışdılarsa, Daxili İşlər Nazirliyini tamamilə ələ keçirə bilmədilər. Dövlət polis iyerarxiyası sağçıların əlində qaldı. Və onillik müxalifətə baxmayaraq, Hollandın dövründə belə sosialistlərin yeni nəsli nə polis məmurları arasında, nə də prefekturada sanballı bir yer tuta bildilər. “Qəribədir ki, Bernard Cazenöv (Hollandın prezidentliyi dövründə Baş nazir) da, Manuel Valls (Hollandın prezidentliyi dövrün[1]də Baş nazir) da bu sahədə sistematik olaraq sosialist şəbəkələri tərəfindən təklif olunan namizədlərdən heç birini qəbul etmədilər... və bu sahəni ancaq sağçıların əlində qoymağı üstün tutdular”, – deyə sosialist partiyasının keçmiş rəhbərlərindən biri təəssüflə narazılığını bildirir.
Bununla belə, Manuel Valls Sarkozinin kölgədə olan şəbəkə üzvlərinə olmazın əzab-əziyyət verdi, polis məmurlarını, hakimləri və prokurorları qızışdırıb sağçılar tərəfindən “zəbt” olunan Daxili İşlər Nazirliyinin əməkdaşlarının canına saldı. Minotavr “əməliyyatı” adı altında paralel olaraq Bernard Peti (Kəşfi yyat İdarəsi) və Rene Bayyi (Federal polis) tərəfindən aparılan araşdırma korsikalı Mişel Tomini hədəf aldı. Bu sonuncu – “xaç atalarının xaç atası” – Afrikadakı kazinoların kralı Bernard Sqaraçinin yaxın dostudur. 2016-cı ilin yazında Bernard Sqaraçi özü də başqa bir iş üzrə – “vəzifəsindən sui-istifadə” və “dövlət vəsaitinin mənimsənilməsi” maddəsi ilə ittiham edilir. Manuel Valls və onun dostları tərəfindən başqa bir şəxs üçün də məhkəmə işi qaldırılır. Aleksandr Djuri 2007-ci ildə guya Liviya tərəfindən Nikola Sarkozinin seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsini qurub-qoşmaqda günahlandırılıb, cinayət məsuliyyətinə cəlb olunur.
Ardı var…