Makron seçki üçün kredit axtarışında - Böyük Manipulyator
02 iyun 2025 15:47 (UTC +04:00)

Makron seçki üçün kredit axtarışında - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

35-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

BANKLAR ONLARIN ÜMİDLƏRİNİ DOĞRULTMUR

2016-cı il dekabrın 16-da Makronun Parisin 15-ci rayonunda seçicilərlə uğurlu görüşündən sonra və əsas da Sosialist Partiyasından (PS) prezidentliyə namizədliyini irəli sürməyə çalışan Manuel Vallsın uğursuzluqları nəticəsində, Makron 2017-ci ilin əvvəlindən başlayaraq yavaş-yavaş solçular partiyasının (PS) üzvlərinin simpatiyasını qazanmağa başlayır. Özü də onlardan Makrona həm mənəvi, həm də maddi dəstək gəlir. Məsələn, Jan-Jak Oqier kimi bir adam qeyri-rəsmi şəkildə Makronun kampaniyasında olan Kristian Darnyat, Emmanuel Miqel və Sedric O. kimi “ağır çəkili” adamlarla birgə fəaliyyətə başlayır. Bu Oqier də kim olsa, yaxşıdır? 2011-ci ildə Fransua Hollandın namizədlik kampaniyasının xəzinədarı! Özünü heç vaxt gözə soxmayan, adətən, kölgədə qalmağı xoşlayan Jan-Jak Oqier çox güclü və bacarıqlı, eləcə də yaxşı çevrəsi və dəyərli şəbəkələri olan bir adamdır. Özünü hər yerdə sosial-liberal kimi qələmə verən bu şəxs, əvvəllər uzun müddət Parisin G7 taksi şirkətinin baş direktoru vəzifəsində işləyib. Bu şirkətin prezidenti isə 1970-ci illərdə Sosialist Partiyasının əsas fiqurlarından biri Fransua Mitteranın kabinet direktoru olmuş Andre Russele idi. Sedric O. elektron poçtla göndərdiyi məktublardan birində qeyd edir ki, yanvar ayında kampaniyaya hansı yollarla pul tapmaq məqsədi ilə təşkil olunan yığıncaqda Fransua Hollandın başqa bir dostu, onunla əsgərlikdə bir yerdə olmuş, Numéricable internet şirkətinin baş direktoru Bernard Qotta və Jan-Jak Oqier da iştirak edib. Düzdür, kənardan maddi dəstək alsa da, Makronun maliyyə komandası başqa böyük bir problemlə də üzləşir: məsələ burasındadır ki, 2016-cı il ərzində yığılan pulların bir hissəsi qismən xərclənib. Özü də bu problemdən kampaniya qrupunun tərkibində çox az adamın xəbəri var. Ona görə də yanvarın 20-də Sedric O. İsmael Emelienə və Lüdovik Şakerə göndərdiyi e-maildə onlara bildirir ki: “baxın ha, sizin 1000 avrodan az ianə almağa ixtiyarınız yoxdur; özü də alınan bütün pullar xəzinəyə təhvil verilməlidir”.

Kampaniyanın daxilində hamı bir-birinə ürək-dirək verir, hamı bir-birini arxayın edir ki, maliyyə qrupu tezliklə bankdan kredit götürüb büdcəni bağlayacaq. Bir neçə ay əvvəl – 2016-cı ilin mayında Makron hələ əhali arasında favorit olmayanda – "Hərəkətdə!" hərəkatının xəzinədarı Sedrik O. büdcəni bağlamaq üçün bankdan kredit götürmək hipotezinə şübhə ilə yanaşmışdı:

“Mən kampaniya üçün bankdan kredit götürməyin tərəfdarı deyiləm. Belə şeyə əl atan namizəd ümid edir ki, birinci turda beş faizdən çox səs toplayıb kampaniyaya sərf olunan məbləğin əlli faizini dövlət tərəfindən kompensasiya etdirəcək...”. O bu fikrini elektron poçtu vasitəsilə Kristian Darnyata, Emmanuel Miqelə, Lüdovik Şakerə və Ismael Emelienə göndərir. Bu azmış kimi kredit götürmək üçün Makronun komandası ilə banklar arasındakı danışıqlar heç bir nəticə vermir. Emmanuel Miqelin optimist proqnozlarının əksinə olaraq (o nəzərdə tutmuşdu ki, krediti fevral ayında götürsün) müraciət olunan banklar – xüsusilə Bred (BPCE qrupu) və Crédit Mutuel Ile-de-France – xeyli çək-çevirdən sonra, nəhayət, kredit verməyə razı olurlar – ancaq bir şərtlə: maksimum 8 000 000 avro... özü də indi yox, seçkilərin birinci turuna iyirmi gün qalmış. Ona görə də yanvar ayı ilə aprel ayı arasında "Hərəkətdə!" hərəkatı məcbur olub qənaətlə dolanır, üstəlik, namizədin İqtisadiyyat Nazirliyində və Lion şəhərində təşkil olunan seçkiqabağı mitinqləri ərəfəsində. Belə bir şəraitdə kampaniyada çalışan sıravi xidmətçilərin təminatını necə ödəyəsən? O yazıqlar, görəsən, əmək haqlarını vaxtında ala biliblər, yoxsa bunun üçün kampaniyanın axırını gözləyiblər? 2017- ci ilin yanvarından təbliğat afişalarını çap etmək üçün kampaniyanın ümumi işlər üzrə direktoru Qreqoir Pott on Sosialist Partiyasındanolan namizədin kampaniyası üçün işləyən PGE mətbəəsi ilə danışıqlar aparır. Elektron poçt mübadiləsindən aydın olur ki, Qreqoir Pott on mətbəəyə afişaların çapı üçün cəmi-cümlətanı 100 000 avro avans təklif edib. Sosialist Partiyası (PS) 2011-ci ilin iyun ayından noyabr ayına kimi 1 000 000 avro avans verib. Kampaniya üçün bu əlverişli razılaşmaya baxmayaraq, Sedrik O. etiraz edir: “Açığını deyim ki, 100 000 avro ödəsək, bizim xəzinədə böyük problem yaranacaq...”, – deyə cavab verir. Kampaniyanın kommunikasiya qrupunun üzvü Terri Daqzan bu işə müdaxilə edəndən sonra mətbəə afişaları avanssız çap eləməyə razı olur. Prezident olmağa can atan gənc namizəd elə öz ölçüsündə, öz çəkisində olan başqa bir problemə də çarə tapmalıdır: məsələ burasındadır ki, banklar onun cəmisi doqquz ay əvvəl tələm-tələsik, necə deyərlər, iki daşın arasında yaratdığı "Hərəkətdə!" hərəkatına qəti etibar eləmirlər. Niyə? Ona görə ki, bu qrupun kifayət qədər vəsaiti yoxdur! “Böyük bankların sahibləri Makron üçün heç bir şey eləmədilər. Onlar üçün birinci planda sağçılar partiyasından prezidentliyə namizəd Fransua Fiyyon idi...”, – deyə kampaniyanın keçmiş bir əməkdaşı qeyd edir. Bir şeyi də nəzərdən qaçırmayaq ki, BPCE qrupuna daxil olan Bred bankı əvvəllər bir müddət Rotşild bankında çalışan Fransua Perol tərəfindən idarə olunur. O ki qaldı Crédit Mutuel CIC bankı, o da çox nüfuzlu Rotşild bankında çalışan, özü də Makronun əsas dəstəkçilərdən biri Fransua Henronun müştərilərindən biridir. Əslində, bankdan kredit ala bilməməyin səbəbini Makronun kampaniyasındakı bəzi adamların diqqətsizliyi və onların işə ciddi yanaşmamaları ilə izah etmək olar. Hiss olunur ki, onlar banklarla danışıqlar aparmağı əvvəlcədən planlaşdırmamışdılar. Hamı elə bilirdi ki, bu iş çox asan başa gələcək. Başqa cür necə ola bilərdi ki? Onların qəhrəmanı hər gün həm Fransız mətbuatı tərəfindən, həm də beynəlxalq mətbuat tərəfindən təriflənib göylərəqaldırılırdı. Ancaq onu da nəzərdən qaçırmaq lazım deyil ki, Kristian Darnyat Crédit Mutuel bankına çox tez müraciət eləmişdi: 2016-cı ilin noyabrında – hələ Makron prezident seçkilərinə namizədliyi rəsmi elan etməmişdən əvvəl!.. Amma çox keçmədi ki, bir sıra praktiki suallar ortaya çıxdı. Kredit üçün müraciət olunan banklar tələb etdilər ki, Makron krediti şəxsən öz adına götürsün. Bundan başqa, sözügedən kreditlər üzrə sığorta məsələsi də ortaya qoyuldu.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar