İlqar Mirzəyev kimdir? – Ohanyan səddini 40 dəqiqədə aşan ƏFSANƏVİ QƏHRƏMAN
08 may 2024 12:06 (UTC +04:00)

İlqar Mirzəyev kimdir? – Ohanyan səddini 40 dəqiqədə aşan ƏFSANƏVİ QƏHRƏMAN

Bu gün öz igidliyi, vətənə sonsuz sevgisi və xidmətlərinə görə Azərbaycan xalqının könlündə taxt qurmuş qəhrəman İlqar Mirzəyevin doğum günüdür. Yaşasaydı 51 yaşı olacaqdı. Onun və döyüş yoldaşlarının şəhadəti Qarabağın  işğaldan tam azad edilməsi əməliyyatlarının başlanmasına, qəhrəman ordumuzun və xalqımızın ayağa qalxmasına rəvac verdi. 

Lent.az “Biqorafiya” rubrikasında Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, III Ordu Korpusunun Artilleriya rəisi, şəhid İlqar Mirzəyevdən bəhs edir.

- İlqar Mirzəyev harada anadan olub?

İlqar Anzor oğlu Mirzəyev 1973-cü il, mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olub.

- İlqar Mirzəyev milliyətcə kimdir?

İlqar Mirzəyev Azərbaycan türküdür.

- İlqar Mirzəyev nə zaman və harada şəhid olub?

2020-ci il iyulun 12–16-da baş verən döyüşlər zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandir müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.

- İlqar Mirzəyev orta və ali təhsilini harada alıb?

İlqar Mirzəyev 1980–1990-cı illərdə Qardabani şəhərində tam orta məktəbdə təhsil alıb. Birinci Qarabağ müharibəsinin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirib.
2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub.

- İlqar Mirzəyevin ailəsi haqqında nə məlumat var?

İlqar Mirzəyev Güllü Mirzəyeva ilə ailəli olub. Elvin adında oğlu, Gülnarə adında qızı və İlqar adında nəvəsi var.

- İlqar Mirzəyein hərbiçi karyerası barədə nə məlumdur?

İlqar Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri vəzifəsində, 2001-ci ildən başlayaraq isə İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət eləyib. İlqar Mirzəyev, 2005-ci il iyulun 2-dən "N" saylı hərbi hissə Komandirinin müavini , 2007-ci il yanvarın 7-dən "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi, 2011-ci il iyunun 29-dan "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri, 2012-ci ildən hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət göstərib. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona "Polkovnik" hərbi rütbəsi verilib.

2013-cü ilə qədər "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində  olan qəhrəmanımız növbəti 2 il ərzində Müdafiə Nazirliyində xidmətə davam eləyib. İlqar Mirzəyev 2015-ci il avqustun 8-nə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət eləyib.

Sonrakı 2 il ərzində "N" saylı hərbi hissənin Komandir müavini və komandiri olub.

- İlqar Mirzəyev aprel döyüşlərində iştirak edib?

Bəli. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad olunub. İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

- İlqar Mirzəyev necə şəhid olub?

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov və Artilleriya rəisi İlqar Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. 

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Həmin gün saat 13:00-da müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verib:

Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdu. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbir diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimiz, yaralıların qanı yerdə qalmayacaq.

- İlqar Mirzəyev hansı hərbi mükafatları alıb?

"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı,  "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı, "Qızıl Ulduz" medalı (ölümündən sonra) ilə təltif olunub.

# 4029
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar