<span style="color:red;">Mən kişi köynəyi geyinən o gözəl qadını görmüşdüm...  – Bulud Qaranın gündəliyi – <span style="color:red;">V BÖLÜM
10 aprel 2019 15:46 (UTC +04:00)

Mən kişi köynəyi geyinən o gözəl qadını görmüşdüm... – Bulud Qaranın gündəliyi – V BÖLÜM

 

 
5-ci hissə
 
Qadın sənin pijamanı geyinərsə

Gülnarın çiyni üstündən boylanmağa çalışdım ki, o başıbəlalı və həm də başıma bəla olan qadını görüm. Lakin baxdığım yerdə bayaq marketdə Gülnarla gördüyüm dolubədənli gənc qadın dayanmışdı. O da ən az Gülnar qədər təəccüb və hikkəylə mənim üzümə baxırdı. Yox, bu daha ağ idi! Bunlar özlərini nə hesab edirdilər? Özbaşına evimə gəlib girdikləri bəs deyil, hələ bir mənə öz qapımın ağzındaca məhkəmə də qurmuşdular.

 

Məzəmmətlə Gülnara baxdım:

 

- Axşamın xeyir, xalaqızı!

 

- Aqibətin xeyir!

 

Kənara çəkilib mənə yol verdiyi zaman rəfiqəsiylə üzbəüz dayanmalı oldum, o da gözlərini süzüb Gülnara tərəf çəkildi. Mən həyəcanla otağa göz gəzdirdim. Gözümə kimsə dəymədi. Qadın yox idi. Çönüb tərs-tərs Gülnara baxdım. Doğrudanmı onu qovmuşdular? Gülnar isə divana sarı gedib oradan bir topa nəyisə götürdü və mənə göstərdi:

 

- Bu nə deməkdi?

 

- Nə?

 

- Bu paltar! – Gülnar əlindəkini açıb bir anlıq mənə göstərdi və hirslə divanın üstünə çırpdı, - utanmırsan? Mən də səni gecə-gündüz tərifləyirəm, tərifləyirəm (gözücü rəfiqəsini göstərir), deyirəm, Bulud belə, Bulud elə…

 

Gülnarın göstərdiyi paltarı görəndə ağlım başımdan çıxdı. Bu ki o qadının donu idi! Ətəyinin dənizdə islanmasına baxmayaraq, elə o cür də adyala bürünüb yatmışdı. Hətta qorxmuşdum ki, soyuqlayar, kondisioneri 28 dərəcəyə yüksəltmişdim. Düşünürdüm ki, bir az yeyib-içib qızınandan sonra onsuz da onu aparıb evlərinə, ya da varsa, atası evinə ötürərəm. Amma mən evdən çıxan kimi o soyunubmuş. Görünür, soyuq canına işləyibmiş.

 

- Bulud! – hamımız mətbəxdən gələn səsə döndük  və mən elə bir səhnə ilə üz-üzə qaldım ki, həyatımda nə o ana qədər o cür heyrətlənmişdim, nə də ondan sonra heyrətlənəcəkdim.

 

Qadın, əynində mənim pijamam, mətbəxin qapısından çıxıb gülümsəyirdi:

 

- Evdə heç nə yox imiş ki…- sonra əlimdəki sellofanları alıb dərhal da mətbəxə apardı, - mən bu dəqiqə süfrə açaram!

 

- Bulud! – Gülnar səsini qısıb qəzəblə mənə baxdı, mən dərhal mətbəxin qapısını bağladım, Gülnarı divana tərəf çəkdim, gözucu da onun dolu rəfiqəsinə baxdım, baxdığım andaca o da ərklə və maraqla gəlib böyrümüzdə dayandı.

 

- Gülnar, mən sənə sonra hər şeyi başa salaram. İndi yeri deyil. Məncə siz gedin, - mən üzümü gənc qadına tutdum, - siz də bağışlayın ki, belə alındı.

 

- Mən sizə zəng eləmişdim…səhər… - o, utancaq görkəm alıb bir əli ilə telini qulağının arxasına apardı, dedim ki, Gülnarın rəfiqəsiyəm.

 

- Həə, bildim, bir daha üzr istəyirəm.

 

- Mən gəldim, siz yox idiniz.

 

- Siz yox idiniz, xanım. Vaxtında gəlmək lazım idi.

 

Qadın özünü itirdi, yenə telini qulağının arxasına sığallayıb yapışdırdı. Gülnarı qucaqladım:

 

- Vallah, danışacam sənə hamısını. İncimə, yaxşı?

 

- Yaxşı! – Gülnar köks ötürüb məzəmmətlə məni başdan-ayağa süzdü və mətbəxə işarəylə əlavə etdi, - Allah xeyir versin.

 

- Allah xeyir versin, - rəfiqəsi də son dəfə telini qulağının dalına verib dedi.

 

Mən o qədər çətin vəziyyətdə idim ki, heç nə deyə bilmədim.

 

Onlar çıxıb getdilər.

 

Qapını açarlayıb otağa keçdim. Divanda oturdum, başımı əllərim arasına alıb fikirlərimi toparlamağa çalışdım. Amma nəsə mane olurdu. Mətbəxdən gələn qab və su səsindən başqa da nəsə vardı sanki, indiyədək mənim evimdə olmayan, hiss edilməyən…əllərimi başımdan çəkib yerimi divanda rahatlamışdım ki, fikirləşməyə mane olan “nəsə”ni tapdım. Bu, ətir idi. Xəfif yasəmən qoxusu vardı otaqda. Bu qoxu onun paltarından gəlirdi. Qeyri-ixtiyari paltarı götürüb sanki əmin olmaq üçün burnuma yaxınlaşdırdım. Həə, elədir ki var. Qadının ətirinin qoxusuydu bu. Çox sevirdim yasəmən qoxusunu. Amma kəsif, tünd olmayan, elə məhz indi hiss etdiyim xəfiflikdə olan... Ləzzətlə içimə çəkdim və…

 

Və mətbəxin qapısı açıldı, qadın, əlində sini, qarşımda dayandı.

 

Mən özümü itirdim, cəld ayağa qalxıb onun donunu divanın bir küncünə atdım. O, xəfif təbəssümlə və bir az da məmnun halda keçib sinini jurnal stolunun üstünə qoydu. Mən cəld qalxıb ona kömək etməyə başladım. İri bir boşqaba pomidor-xiyar doğramış, üstünə saçaqlı pendir tellərini atmışdı. Boşqabın kənarlarına isə gül ləçəkləri kimi kolbasa dilimləri düzmüşdü. İki qədəh, öz qabında qarışıq çərəzi və bir də bayaq aldığım şərabı gətirmişdi, vəssalam.

 

- Gedim çəngəl, boşqab gətirim, - dedim.

 

- Gətirmə, - qolumdan tutub dərhal da əlini çəkdi, - belə yeyək, çəngəlsiz, ümumi qabdan.

 

- Yaxşı…

 

 

                                                ***

 

Hamımızın ürəyinin dərin, ən dərin bir guşəsində qapalı, gizli bir yer olur ki, orada ən sehrli xatirələri toplanıb qalır. Və o xatirələr xırda-xırda işıldaquşlar kimi uçuşur hərdən-hərdən həyatının qaranlıq, qarışıq məqamlarında gözlərinin qarşısında. O qədər xoş olur ki o xırda, o şipşirin xatirə-işıldaquşlar, onlardan birini tutub ovcunda saxlayıb, bütün həyatını bircə anının içinə sığışdırmaq, elə o bircə anın içində zamanı dayandırmaq istəyirsən…

 

O qadın mənimlə üzbəüz, yerdə dizləri üstə oturub jurnal masasının üzərindəki boşqabdan zərif barmaqlarıyla xiyar, pomidor, pendir tikələri götürüb yedikcə mənə baxıb gülümsəyirdi və mənim içimdə işıldaquş xatirələr uçuşurdu. Mən yaşamışdım belə anları, beləcə qarşımda dizləri üstə oturub süfrədən zərif barmaqlarıyla yemək götürüb yeyən, məni də yedirən gənc, gözəl qadını görmüşdüm! O qadın da kişi köynəyi geyinərdi çox vaxt. Müharibədən qayıtmayan atamın köynəyini. Mən onda balaca idim, bapbalaca Bulud idim, anasının əlləri ilə yedirtdiyi sevimli qaraca oğlan…

 

- Al… - zərif barmaqlar pendir tikəsini mənə uzatdı, fikirdən ayıldım, qeyri-ixtiyari dodaqlarımı uzadıb tikəni aldım, yedim.

 

Gülümsədi.

 

Həmin an anladım ki, onu heç kimə verə bilmərəm, bu evdən çıxıb getməsini, ərinə qayıtmasını istəmirəm.

 

- Getmə, - dedim.

 

- Nə? – diksinmiş kimi üzümə baxdı.

 

- Burda qal yəni. – hissə qapıldığımı anlayıb, səhvimi düzəltməyə çalışdım. -  İstədiyin qədər qal. Sonra özün hara istəsən, necə istəsən, getməyə qərar verərsən.

 

Susdu.

 

Mən qədəhə şərab süzüb başıma çəkdim. Deyəsən səhər özüm özümə psixoloq axtarmalı olacaqdım. Davranışımdakı heç nə normal deyildi.

 

O yenə də susdu. Heç soruşmadı ki, onun qədəhinə nə üçün şərab süzməmişəm, ona nə üçün “getmə” deyirəm.

 

Sakitcə əlini uzadıb şərab şüşəsini götürdü, özü üçün süzüb, qədəhi başına çəkdi. Astadan dedi:

 

- Ölümün şərəfinə!

 

- Başa düşmədim, - təəccüblə ona baxdım.

 

- Orda, dəniz kənarındakı ölümün şərəfinə, yəni.

 

- Nə demək istəyirsən?

 

- Heç nə. Xəbərləri oxudum, - kompüterə sarı başı ilə işarə etdi.

 

- Və?

 

- Və heç nə. Yazırlar ki, onun həyat yoldaşı (o bu sözləri xüsusi istehza ilə vurğuladı) özünə qəsd edib. Yəni, ölüb.

 

- Bilirəm… bilirdim yəni. Uşaqlar demişdilər. Sən yəqin ki…

 

- Mən ora qayıtmayacam!

 

- Ora qayıtmağın lazım deyil, amma polislər filan… axtaracaqlar. Sən necə də olsa, üzə çıxmalısan. Yəni…

 

O, susdu. Durub sakitcə süfrəni yığışdırmağa başladı.

 

Mən durub ona kömək etdim.

 

Boşqabı, qədəhləri yuduğu zaman çiyinlərinin titrəməsindən ağladığını anladım. Yaxınlaşıb qucaqladım.

 

- Bəsdi, sakitləş.

 

Çönüb sinəmə qısıldı, için-için ağlamağa başladı. Mən bu adını belə bilmədiyim, bu dəqiqə yer üzündə məndən başqa kimsəsi olmayan, əynində belə mənim geyimim olan qadını bağrıma basıb bundan sonra nə etməli olduğumu düşünməyə çalışırdım. Bir şey aydın idi. Onun ürəyinin istəməyəcəyi heç bir addımı atmayacaqdım. Mətbəxin pəncərə şüşəsinə düşən əksimizlə üz-üzə idim. Mən ilk dəfə idi ki, bir qadınla ayna qarşısında deyil, arxası qaranlıq gecədən ibarət olan pəncərə qarşısında qucaqlaşmışdım. Xəfif yasəmən qoxusu hopmuş saçlarına, alnına dodaqlarım toxunduqca, zamanı tutub saxlamaq, bu anları təkrar-təkrar yaşamaq istəyirdim.

 

- Get… - o bu kəlməni dodaqlarımız qovuşan anda dedi.

 

Zaman dondu…

 

(Davam edir)

# 3286
avatar

Bulud Qara

Oxşar yazılar