Zəngilanın Malatkeşin kəndindəki əsgərlərimiz
25 dekabr 2020 10:09 (UTC +04:00)

Zəngilanın Malatkeşin kəndindəki əsgərlərimiz

Zarafatlarından qalmayıb, deyə-gülə şənlənən igidlər - REPORTAJ

Bura Zəngilanın Malatkeşin kəndidir. Hava soyuqdur, qürurlu əsgərlərimiz isə samovar çayı içməyə hazırlaşır.

APA TV-nin məlumatına görə, öncələr burada məskunlaşan yağı düşmən geridə yalnız xarabalığı xatırladan mənzərə qoyub gedib. Hətta öz yaşadığı məkanda infrastruktur yaratmağa belə gərək duymayan düşməni anlamaq çətin deyil. Yəqin bu cür olur başqasının evində yaşayıb doğmalaşa bilməmək:

Polkovnik-leytenant Eynur Rüstəmov deyir ki, bu ərazilər əvvəllər ermənilərin yaşadığı yerlərdir: “Bilirsiniz ki, biz bura yaxın vaxtlarda gəlmişik. Hazırda əsgərlərimiz üçün kazarmalar tikilir, hazırlanır. Ona görə də ermənilərin yaşadığı evlərdə yerləşiblər. İstilik də ki, indi evlər odunla qızdırılır, odunla təmin olunur. Əsgərlərin qidalanması çox yüksək səviyyədədir. Hər bir yemək növüylə təmin olunurlar. Bizə hazırda isti yeməklər gətirilir”.

Kəndin yağmalanmış görkəminə baxmayaraq, əsgərlər arasında ruh yüksəkliyi hökm sürür. Yemək sarıdan korluq çəkməyən igidlərin digər ehtiyacları da təmin olunur. Üstəlik, söhbətləşdiyimiz bütün əsgərlərin çöhrəsində sevinc var. Zarafatlarından qalmayıb, deyə-gülə şənlənən igidlər içində hətta əsgər yoldaşlarının ad gününü qeyd etməyə hazırlaşanlar da var idi:

- Bəli, hər şey yaxşıdır. O dağların digər tərəfində Ermənistandır. Bu dağlar bizdədir. O, biri tərəf İrandır. Heç bir problem yoxdur. Hər bir şəraitimiz yaxşıdır.

- Burdan bütün Azərbaycan xalqına salamlarımı göndərirəm. Yaxşıdır, öz torpağımızdayıq. Qarabağda, Zəngilandayıq. Hər şey gözəldir. Gördüyünüz kimi, təbiət gözəldir. Hər şey yaxşıdır, yüksək əhval-ruhiyyə yüksəkdir. Sizə də bütün könüllülər, əsgərlər adından təşəkkürümüzü bildiririk.

- Biz də Fərman qardaşımızın ad gününü təbrik edirik. Azərbaycan xalqına salamlarımızı göndəririk. Başda Şirvan olmaqla.

- Burdan bütün Azərbaycan xalqını salamlayıram. Cəlilabadın Musalı kəndinə salam göndərirəm. Cəmi Azərbaycana salamlar.

Əlbəttə bu təbriklərə APA TV olaraq biz də qoşuluruq. Ancaq “Yastığımız Vətən daşı, Yorğanımız qar olsun” cümlələrini həyat devizinə çevirmiş igidlər yəqin ki, bundan sonra doğum günlərini iki fərqli tarixdə qeyd etməyə başlayacaq. Anadan olduqları və “Qalib Əsgər” tituluna sahibləndikləri gün kimi...

Əlibəy Zeynallı,

Mir Çingiz Ağazadə,

# 2943
avatar

Oxşar yazılar