27 ildir köçkün düşdüyümüz, dədə-baba ocağından ayrı qalıb həsrətini çəkdiyimiz torpaqlaradır yolumuz. O torpaqlara ki, Azərbaycanın igid oğulları deyə-gülə, qan tökməklə, can qurban verməklə onları mənfur düşmənin tapdağından azad edib. Cəmi 44 günə.
Füzuli rayonunun Horadiz kəndindəyik. Bu isə məşhur “Ohanyan səddi”dir. Ermənilər “Ohanyan səddi”ni yarılmaz, keçilməz bilirdilər özləri üçün. Burda isə onların basdırdığı tank əleyhinə minalardır. ANAMA-nın əməkdaşları bu ərazilərdə araşdırma aparır və təmizləyir. Bəli, Azərbaycan əsgəri səngərdən çıxdı, “Ohanyan səddi”ni keçdi, Azərbaycanın sərhədlərinə kimi gedib, Azərbaycan bayrağını sərhədlərdə dalğalandırdı.
Füzuli rayonun Horadiz kəndindəyik. Kəndə olan bütün evləri, sökülüb, dağıdılıb daşınıb. O qədər uzun zaman keçib ki, evlərin qalıqlarına baxanda görürsən nə yolu bilinir, nə cığırı. 1993-cü ildə Ermənistan silahlı qüvvələri bu kəndləri işğal edəndə ermənilər bu evləri sökərək Ermənistana daşıyıb. Çünki bu qədər yaşayış məntəqələrindən sökülən tikinti materiallarını Qarabağ ərazisində yaşayan ermənilər söküb daşıya bilməzdi. Digər tərəfə baxdıqda isə görürsən ki, sökülən evlərin içindən toxumla bitən yabanı ağaclar bitib hamısının içində.
Onu da qeyd edək ki, ermənilər Füzuliyə gedən bu yolun kənarından keçən boruların çıxarılması üçün yolu dağıdıblar. Çox güman ki, buradan ya su borusu, ya da qaz borusu keçirmiş.
Horadiz kəndindən çıxıb Cəbrayıl rayonu istiqamətində gedirik. Yolboyu Füzulinin münbit torpaqlarında şumlanmış əkin sahələri uzanır. Minlərlə hektar torpağa taxıl toxumu səpilib. Göz baxdıqca uzanan geniş zəmilərdir. Yolda hərəkət edən avtomobillər isə ya Azərbaycan Silahlı Qüvvələrinə məxsusdur, ya qaz, su, işıq idarələrinə.
Cəbrayıl rayonunda yerləşən hərbi hissələrdən birindəyik. Burada xidmət aparan əsgər və zabitlərin hər biri Vətənin səsinə hay verənlərdir. Sentyabrın 27-də işğalçı ordunun təxribatına cavab vermək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birbaşa qeydiyyatda olduqları şöbələrinə yollanıb cəbhə xəttinə gələn könüllülərdir. Müxtəlif peşə sahibləri, müxtəlif yaş qrupundandırlar.
Bu gülərüz əsgərlərimizin hər biri çətin, ancaq şərəfli bir yol keçdi. Dəfələrlə ölümdən döndülər. Füzulidən Şuşayadək yol getdilər. Piyada, döyüşə-döyüşə getdilər və Azərbaycana Zəfər günü qazandırdılar. Haqqınızı halal edin, igidlər!
Habil Aslanoğlu
Arzu Quliyev