Bərdə rayon İcra Hakimiyyəti bayrağa edilən hörmətsizliklə bağlı məlumat yayıb.
İcradan Lent.az-a verilən məlumatda bildirilir:
"Bərdə rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir.
Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınmış və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.
Azərbaycan Respublikasının Dövlət bayrağı bütün azərbaycanlıların baş tacı və qürur mənbəyi olduğu kimi rayonun bütün sakinləri üçün də ən müqəddəs dövlət rəmzidir və onu göz bəbəyi kimi qorumaq hər birimizin ümdə borcudur".
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma başlayıb.
***
Saat: 11:55
Bərdədə Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə naməlum şəxsin obyektin pəncərəsindən asılan bayrağı qopararaq, hörmətsizcə stolun üstünə atması əks olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Lent.az-a bildirib ki, qeyd edilən video görüntülərlə əlaqədar Bərdə rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:
“Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda Azərbaycan bayrağını qoparan şəxsin icra nümayəndəsi olduğu bildirilir.