Parklar necə özəlləşdirilə bilər? - ARAŞDIRMA
12 avqust 2021 18:49 (UTC +04:00)

Parklar necə özəlləşdirilə bilər? - ARAŞDIRMA

Bura, Binəqədi rayonu 8 mkr ərazisində yerləşən, Azadlıq prospekti metrostansiyasının çıxışlarından biridir. Gördüyünüz kimi, metrostansiyanın çıxışındakı pilləkənlər dağılaraq yararsız vəziyyətə düşüb. Parkın ümumi görüntüsü də qənaətbəxş deyil.

Sözügedən ərazidə yaşayan, eləcə də, bu ərazidən keçən sakinlər də parkdakı vəziyyətdən narazıdır: 

- Bu parkın 5 il öncə açılışı oldu, bütün Binəqədi rayon sakinləri olaraq sevindik parkın istifadəyə verilməsinə. Bir il boyunca sakinlər bu parkda istirahət edə bildi. Sonradan tikinti şirkətləri parkın sağ və sol tərəfində bina tikməyə başladı, bura dəmir və başqa tikinti materialları gətirib tökdülər. Nəticədə arxamda gördüyünüz keçid, parkın yuxarı hissəsinə hər yer bərbad vəziyyətə düşdü.

- Parkın oturacaqları da baxımsız vəziyyətdədir. Keçidlər də təmirsiz olduğundan rahat istifadə edə bilmirik. Buranın təmir edilməsini bütün sakinlər görmək istəyir.

- Bizim cavan nəsil burdan birtəhər keçir, lakin yaşlı nəsil keçəndə bəzən yıxılır, xəsarət alır. Digər tərəfdəki kimi pilləkən olsaydı daha yaxşı olardı. Qarşıdan soyuq aylar gəlir, üstümüz palçıq olacaq, bu ərazidən keçəndə. Hamı istəyir üstü təmiz işinə getsin, biz istərdik ki, yaxın zamanda təmir olunsun.

- Bu parkda nə yaşlı nəsil, nə də uşaqların istirahəti üçün heç bir şərait yoxdur. Parkın girəcəyini maşınlar tutub. Keçid də yoxdur ki, sakinlər rahat gəlib-getsin. Mən bir valideyn olaraq, istərdim ki, attraksionlar olsun. Bir valideyn kimi bu park məni qane etmir. Hətta parkda gedərkən, uşağım yıxılıb, keçiddən övladım keçə bilmir.

Parkın nə zaman təmir olunacağını öyrənmək üçün üz tutduq Binəqədi Rayon İcra Hakimiyyətinə. Qurumun əməkdaşının verdiyi açıqlama isə yəqin bizim qədər sizi də təəccübləndirəcək: ”Tərəfinizdən qeyd olunan ünvan özəl mülkiyyətə aiddir, rayon İcra Hakimiyyətinin balansında deyil. Lakin özəl mülkiyyətə aid olmasına baxmayaraq, Binəqədi rayon bələdiyyəsi tərəfindən parkda mütəmadi təmizlik və abadlıq işləri aparılır. Qeyd etdiyiniz problem, qısa zamanda öz həllini tapacaq”.

Maraqlıdır parklar özəl mülkiyyətə necə çevrilə bilər? Norma hüquq şirkətinin departament müdiri Həsən Həsənov deyir ki, bu proses bəzi hallarda mümkün ola bilər: ”Bununla bağlı qanunvericilikdə konkret bir göstəriş yoxdur ki, parklar nə zaman özəlləşdirilə bilər. Lakin hər hansı bir MMC qanuni şəkildə torpaq sahəsini alır və orada tikdiyi binanın yanında park inşa edirsə bu artıq özəl park sayılır. Orada artıq heç bir bələdiyyə və dövlət orqanı təmir-bərpa işlərinə baxmır. Lakin dövlətin mülkiyyətindəki bütün parkların təmizlənməsi, bərpası həmin qurum tərəfindən həyata keçirilir”.

Həsən Həsənovun sözlərinə görə, parkın daxilində metrostansiya və ya hər hansı dövlət obyekti varsa bu parkın özəlləşdirilməsi müəmmalıdır: “Mülkiyyətçi razılıq versə ki, ona məxsus olan torpaq sahəsində metrostansiya qalsın, bu artıq mülkiyyətçinin öz hüququdur. Lakin metrostansiyalar strateji obyekt sayılır. Orada metro çıxışı varsa və hər hansı dövlət orqanı bu ərazinin kiminsə balansına keçməsinə şərait yaradıbsa bu məsələ müəmmalı mövzudur və ciddi araşdırılmalıdır”.

Mütəxəssisin sözlərinə görə, tikinti şirkətlərinin belə ərazilərə daha yaxın binalar tikməsinin əsas məqsədi evləri daha baha qiymətə satmaqdır. Lakin binaların inşası zamanı tikinti şirkətləri, heç bir halda ətrafdakı özəl və dövlət mülklərinə zərər verməməlidir. /APA TV/

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Oxşar yazılar